Saytımıza xoş gəlmisiniz

Əli Əhmədov: Azərbaycan 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində prinsipial mövqeyini davam etdirdi

Oxunma sayı: 302

trend_ali_ahmadov_281118

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik xarici siyasət nəticəsində 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənib. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, hər şeydən əvvəl, Cənubi Qafqaz regionunun lider dövləti olan, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın cari ildə dostları və tərəfdaşları ilə münasibətləri uğurla inkişaf edib: “Bu il Prezident İlham Əliyevin 16 rəsmi və işgüzar səfərinin həyata keçirilməsi, müxtəlif ölkələrin dövlət və hökumət başçılarının ölkəmizdə rəsmi və işgüzar səfərlərdə olmaları Azərbaycanın xarici siyasət kursunun intensiv və dinamik xarakter daşıdığını göstərir. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması isə 2018-ci ildə əldə edilmiş ən böyük uğurlardan biri hesab olunmalıdır. 2018-ci ildə TANAP qaz kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması isə regional və beynəlxalq əməkdaşlığın, təhlükəsizliyin möhkəmləndirilməsində ölkəmizin aparıcı rolunun artmasının əyani ifadəsi oldu”.

Baş nazirin müavini vurğulayıb ki, bundan başqa, bu il rəsmi Bakının təşəbbüsü ilə başlanan, mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafına xidmət edən “Bakı prosesi”nin 10 ili tamam oldu: “Tolerantlıq nümunəsi olan, dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycanın Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün unikal platforma olan “Bakı Prosesi”ni uğurla davam etdirməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilirOktyabrın 25-26-da Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunda isə bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarının müzakirəyə çıxarılması müstəsna önəm kəsb etdi. Bundan başqa, VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu DİM-in həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik oldu”.

İcra katibi qeyd edib ki, Azərbaycan 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində qətiyyətli – prinsipial mövqeyini, diplomatik müstəvidə çoxşaxəli fəaliyyətini davam etdirdi: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir, bu mövqe ardıcıl olaraq daha da güclənməkdədir. Beynəlxalq ictimaiyyət tərəfindən son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin bariz göstəricisidir. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Brüsseldə paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyin, eləcə də dövlətimizin başçısının iştirak etdiyi NATO-nun Brüssel Zirvə toplantısının yekun bəyanatında ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə dəstəyin və münaqişənin bəhs olunan prinsiplər əsasında həllinə çağırış xarakterli konkret mövqeyin ifadə olunması mühüm əhəmiyyətə malikdir. İşğalçı siyasətini davam etdirən Ermənistanın isə regionda təcrid vəziyyəti getdikcə daha da dərinləşməkdədir. Eyni zamanda, olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya qalan işğalçı Ermənistan bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir. Şübhəsiz ki, Ermənistanın yeganə çıxış yolu işğal siyasətinə son qoyması və Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasıdır”.

Ə.Əhmədov əlavə edib ki, Azərbaycan bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində öz prinsipial mövqeyini işğal altında olan torpaqlarımızın azad ediləcəyi günə qədər davam etdirəcək: “Azərbaycanın bu gün işğal altında olan hər qarış torpağı azad ediləcək. Ölkəmizin bu ədalətli və qəti mövqeyinin arxasında isə onun hərbi qüdrəti dayanır. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilmiş əzəmətli hərbi parad, o cümlədən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad, eyni zamanda, Naxçıvanda 11 min hektara yaxın ərazinin və Şərurun Günnüt kəndinin işğaldan azad edilməsi ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdi”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*