Saytımıza xoş gəlmisiniz

Sabitliyin və inkişafın qarantı – Möhtərəm Prezident cənab İlham Əliyev…

Oxunma sayı: 250

maxresdefault

“İşğal olunmuş torpaqlarımızı azad etmək üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Onda Ermənistan bizim ərazilərimizi işğal altında saxlaya bilməyəcək” – deyən, möhtərəm prezidentimiz cənab İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ümummilli liderin başladığı siyasi kursu uğurla davam etdirəcəyini bildirmişdi. Cənab Prezident İlham Əliyevin xarici siyasətinin əsasını məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi təşkil edir.

Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi xətt Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Beynəlxalq hüquq normaları və prinsiplərinə məhəl qoymayan Ermənistan işğalçı dövlət kimi bir çox dünya dövlətləri tərəfindən qəbul edildi. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunub ki, bu da öz növbəsində Ermənistanın siyasi mövqeyinə ciddi zərbə vurub.

Ulu öndər Heydər Əliyev irsinin, siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezident cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə qorunub saxlanılan, daha da möhkəmləndirilən dayanıqlı daxili sabitlik, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar hər bir Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılmasına hesablanmış addımlardır.

Ötən 15 ilə nəzər salsaq görərik ki, iqtisadiyyatda, sosial müdafiədə, təhsil və səhiyyədə, mədəniyyət və idman sahələrində, istərsə də qeyri-neft sektorunda yüksələn xətt üzrə əldə olunan inkişaf və dəyişikliklər görməzlikdən gəlmək, gündəlik həyatımızda hiss etməmək mümkün deyil.

İqtisadi sahəyə nəzər salsaq görərik ki, ümumi daxili məhsul (milyon manatla) 2003-cü ildə 7146.5 manat, 2017-ci ildə isə 70 135.1 manat təşkil etmişdir. Adambaşına düşən ÜDM 7 205 manat olmuşdur.

Bütün bu illər ərzində sənaye məhsulu istehsalı 2.6 dəfə, kənd təsərrüfatının ümmumi məhsul istehsalı isə 1.7 dəfə artaraq 6.58 milyard manat təşkil etmişdir.

Sosial müdafiə sahəsində orta aylıq əmək haqqı 6.8 dəfə artaraq 528.2 manat, orta aylıq pensiya haqqının miqdarı isə 8.6 dəfə artaraq 205.5 manat olmuşdur. Yoxsulluğun səviyyəsi 44.7%-dən 5.4%-ə, işsizliyin səviyyəsi isə 9.2%-dən 5%-ə enmişdir.

Dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2003-cü ildə 234.8 milyon manat olduğu halda, 2017-ci ildə bu rəqəm 7.6 dəfə artaraq 1791.2 milyon manat olmuşdur. Təmir olunan və ya yeni tikilən məktəb binalarının sayı 3100-ü ötmüşdür.

Dövlət büdcəsindən səhiyyəyə çəkilən xərclər 2003-cü ildə 55.3 milyon manat, 2017-ci ildə isə 13.5 dəfə artaraq 746.7 milyon manat təşkil edib. Təmir olunan və ya yeni tikilən tibb müəssisələrinin sayı 635 olmuşdur.

Qeyri neft sektoru və yüksək texnologiyalar sahəsinə ayrılan xərclərə gəldikdə isə qeyd olunmalıdır ki, sahibkarlara ayrılan kreditlər 2 milyard 90 milyon manat olub. Sahibkarlıq subyektlərinin sayı isə 4.3 dəfə artaraq 896 mini keçmişdir.

Turizm obyektlərinin sayı 2.2 dəfə çoxalaraq 563 olmuş, ölkəyə gələn turistlərin sayı isə 4.6 dəfə artaraq 2 milyon 696 min nəfərə çatmışdır.

İxracın həcmi 6 dəfə artaraq 15.5 milyard ABŞ dolları təşkil etmiş, “Azerspace” və “Azersky” adlı iki peyk istismara verilmişdir. Ölkə əhalisinin 78%-i internet istifadəçisidir.

İnfrastrukturun yenilənməsi ilə əlaqədar qeyd olunmalıdır ki, ölkə üzrə yeni çəkilmiş qaz xətləri 47 040 km təşkil edir və ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 98 minə çatmışdır.

Yeni çəkilmiş içməli su xətləri 9956 km təşkil edir ki, bunun da nəticəsində 66.9% əhali fasiləsiz işməli su ilə təmin olunmuşdur.

30 elektrik stasiyası tikilib. Ölkədə saatda 7149 meqavatt elektrik enerjisi istehsal olunur.

Nəqliyyatda 1 milyard 973 milyon nəfər sərnişin daşınıb. 12 300 km avtomobil yolları çəkilib, 443 körpü tikilib. Bakı metropolitenində 3 yeni stansiya istismara verilib.

Qaçqın və məcburi köçkünlər üçün ayrılmış vəsait 5.6 milyard azn təşkil edir. 48.300 ailə və ya 245 min nəfər yaşayış sahəsi ilə təmin olunub. 92 yaşayış kompleksi tikilib. Qaçqın və məcburi köçkünlərin aylıq yaşayış xərcləri üçün müavinətlər 4 dəfə, kommunal xidmətlər üçün müavinətlər isə 4.5 dəfə artmışdır.

Mədəniyyətin inkişafına ayrılmış vəsaitin həcmi 2003-cü ildə 45.5 milyon manat təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 140.3 milyon manat olmuşdur. Ölkə üzrə tikilən və ya təmir edilən mədəniyyət obyektlərinin sayı 244-dür.

İdmanın inkişafına yönələn xərclər 2003-cü ildə 41.4 milyon manat, 2017-ci ildə isə 239.4 milyon manat təşkil edib. Ölkə idmançıları 3 min qızıl, 2.5 min gümüş, 3 min bürünc olmaqla beynəlxalq yarışlarda 8.5 min medal əldə edib.

Bütün bunlar bir daha göstərir ki, müstəqil Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş, hüquqi, dünyəvi və demokratik dövlət kimi beynəlxalq aləmdə imicinin formalaşmasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xidmətləri əvəzsizdir.

Ölkədə bütün sahələrdə gedən dəyişiklik və inkişafın, təhlükəsizliyin təmin olunması, həm daxili, həm də xarici siyasətdəki uğurların daha da davamlı olması üçün bu uğurları görən hər bir Azərbaycan vətəndaşının 11 aprel Prezident seçkilərində sabitliyin və inkişafın qarantı olan İlham Əliyev cənablarına səs verəcəyinə əminik.

Səbuhi GÜNDÜZ

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*