Saytımıza xoş gəlmisiniz

Xudu Məmmədovun təşəbbüsü, Sadıq Murtuzayevin dəstəyi, Rəşid Məmmədovun tikdiyi Ağdam “Çay evi”

Oxunma sayı: 316

3-1

Məşhur “Çay evi” Ağdamın simvollarından biri sayılıb. Rayon sakinləri ilə yanaşı bu “ev” Ağdama gələn qonaqların da sevimli məkanı olub.

“Çay evi”nin yaranmasının tarixi bir şəkillə bağlıdır. Günlərin birində mütaliəni sevən, mətbuata böyük maraq göstərən, dəyərli ziyalı, professor Xudu Məmmədovun əlinə bir xarici jurnal düşür. Jurnalın üz qabığındakı Çin memarlığı üslubundakı tikilinin şəkili Xudu müəllimin zövqünü oxşayır. Professor həmin dövrdə Ağdamın birinci katibi olmuş Sadıq Murtuzayevlə görüşür və həmin şəkili ona da göstərir və dost münasibətində olduğu Sadıq müəllimə deyir ki, belə bir tikilinin Ağdamda da olmasını arzulayır. Şəkil Sadıq Murtuzayevin də xoşuna gəlir və Xudu müəllimin təşəbbüsünü dəstəkləyir. Bu münasibətlə birinci katib Ağdamın fəalları ilə iclas keçirir. İclas yekdilliklə ideyanı bəyənir. Tikinti işləri isə Ağdam Rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri Rəşid Məmmədova həvalə edilir. Və nəzərə alınır ki, yeni tikili rayon istehlak cəmiyyətinin balansına verilsin.

Bu həmin dövrə təsadüf edir ki, SSRİ-də alkoqolizmə qarşı mübarizə ilə bağlı Mərkəzi Komitənin xüsusi proqramı icra olunurmuş. Elə bu proqrama uyğun da yeni tikilinin təyinatının “Çay evi” olması qərara alınır.

Qısa müddət ərzində tikinti başa çatır və1986-cı il iyulun 26-da təntənəli açılış mərasimi olur, “Çay evi” istifadəyə verilir.

Mətbuat “Çay evi”nin açılışını öz səhifələrində belə əks etdirir:

“Sov.İKP-nin “Sərxoşluq və alkoqolizmi aradan qaldırmaq tədbirləri haqqında” məlum qərarından sonra rayonumuzda rəngarəng tədbirlər həyata keçirilməkdədir. Bu gün istifadəyə verilən “Çay evi”nin bu baxımdan son dərəcə böyük əhəmiyyəti var. Zəhmətkeşlərin asudə vaxtlarının səmərəli, şən və məzmunlu keçməsində “Çay evi”nin rolu əvəzsizdir”.

İlham Cəmiloğlu

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*