Saytımıza xoş gəlmisiniz

23 il öncə baş verən metro faciəsinin qurbanı – Azər Kamil oğlu Quliyev

Oxunma sayı: 259

44939477_532335843905922_7020956942549909504_n

28 oktyabr 1995-ci ildə Bakı metropolitenində tarixin ən böyük metro qəzası baş verib. 23 il öncə baş verən hadisə zamanı “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həlak olub, 270 nəfər yaralanıb.

Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı olub. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, terror aktı, habelə maşinistin səhv qərar verməsi göstərilib.

Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılıb. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu faciənin qurbanlarından biri də Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin məzunu Azər Quliyev idi.

Azər Quliyev 11 noyabr 1965-ci ildə Bərdədə anadan olub. Atası Kamil Quliyev Xankəndi Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətə başlayanda Xankəndi şəhərinə köçüblər.

Orta məktəb illərində Azər çalışqan, ictimai işlərdə fəallığı ilə fərqlənən şagirdlərdən biri olub. Əla qiymətlərlə orta təhsilini başa vurduqdan sonra Azər Quliyev ali təhsilini Bakıda Xalq Təsərrüfatı institutunda (İndiki İqtisadiyyat Universiteti) alıb.

Ali təhsilini başa vurduqdan sonra dövlət qulluğunda çalışmaq üçün Azər Quliyav sənədlərini müvafiq qurumlara təqdim edib. Həmin ərəfədə isə kiçik sahibkarlıqla məşğul olub.

Hədsiz dərəcədə həm vətənpərvər, həm də həyat dolu bir insan olan Azər gələcəyə nikbinliklə baxıb. Və məhz elə həmin ərəfədə sevdiyi, seçdiyi bir xanımla nişan mərasimini də edib. Amma baş verən metro faciəsi Azərin bütün arzularını yarımçıq qoyub.

Adətən metrodan istifadə etməyən Azər həmin faciə günü yaxın dostunun atasının hüzr yerinə getmək üçün metroya minib. Bəlkə də bu onun həyatında 2-ci, 3-cü dəfə metrodan istifadə etməyi olub.

Hadisədən təxinən bir həftə əvvəl Azər Bərdə rayonunda yaşayan doğmalarına zəng vurub. Noyabrın 17-də atasının, professor Kamil Quliyevin vəfatının ildönümü ilə bağlı keçirələcək mərasimin təşkili ilə əlaqədar ayın sonunda, oktyabrın 29-30-u tarixlərində rayona gələcəyini söyləyib.

Həmişə sözündə qəti, qərarlı olan Azər bu dəfə də vədinə xilaf çıxmayıb. Ancaq bu dəfə dostlarının, doğmalarının çiynində metroda baş verən faciənin qurbanı kimi oktybrın 30-da Bərdəyə gətirilib.

Azər Quliyev Bərdədə atasının yanında dəfn olunub.

İllər ötsə də Azər Quliyevi bu gün də müəllimləri, dostları,  ümumiyyətlə onu tanıyanlar böyük ehtiramla yad edirlər…

İlham Cəmiloğlu

Karabakh.TV 

 

44964385_632895643772759_1661032271915778048_n

44945121_2185854724995326_1864279977017475072_n

44944710_319067675543671_7462725660729933824_n

43294874_179013263030848_5705260257643593728_n

44938972_476235529534987_511989552273948672_n

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*