Saytımıza xoş gəlmisiniz

27 il öncə Kərkicahanda qanlı döyüşlər gedirdi…

Oxunma sayı: 196

48361932_1908771655885303_4725986204959375360_n

27 il öncə Kərkicahanda qanlı döyüşlər gedirdi və 1991-ci ilin dekabr ayı Qarabağ savaşı tarixinə Kərkicahan döyüşləri ilə yazılırdı…

Xankəndi şəhərinin inzibati ərazisinin bir hissəsi olan Kərkicahan qəsəbəsinin özünəməxsus tarixi var.

Sovet hökuməti qurulmamışdan əvvəl Kərkicahan Şuşanın tərkibində olub. Sonradan ərazi yaxınlığına görə Xankəndi ərazisinin tabeçiliyinə verilib.

Sovetlər dövründə kollektivləşmə başlayanda kəndin adamlarının var-dövləti hesabına Kərkicahanda kolxoz yaradılıb.

Əsrimizin əvvəllərindən sonra Kərkicahanda ipək istehsal olunub. Sonra isə bu istehsal sahəsini Xankəndinə köçürüblər.

1905-1906, 1918-1920-ci illərdə ermənilərin törətdikləri qırğınlar Kərkicahandan da yan keçməyib. Həmin illərdə yerli sakinlər əl-ələ verərək kəndi qoruyublar, ermənilərin məkrli və ikiüzlü əməlləri kərkicahanlılar tərəfindən ifşa olunub.

1961-ci ildə məkrli erməni siyasəti nəticəsində Kərkicahanda kolxoz ləğv edilib, təsərrüfat Xocalı meyvəçilik, bostançılıq və tərəvəzçilik sovxozunun nəzdində fəaliyyət göstərib. Eyni zamanda Kərkicahanın bütün torpaq sahələri alınaraq Xankəndinə (Stepanakertə) verilib və şəhərin 26-cı məhəlləsinə çevrilib. Kərkicahanın Qırxqız yaylağındakı geniş sahələri, Xocavənd rayonunun ərazisində qışlaq və əkin sahələri isə erməni kolxozlarının arasında bölüşdürülüb. Kərkicahanda olan düzən sahə Xankəndi (Stepanakert) şəhər sovetinə verilib, həmin sahədə “Armenavan” adlı böyük yaşayış massivi salınıb.

Kərkicahan kəndi tarixi keçmişinə, mühüm bir strateji ərazidə yerləşməsinə görə həmişə ermənilərin narahatçılığına səbəb olub. Xankəndi, Şuşa, Qaybalı, Xəlifəli, Kosalar, Cəmilli və Bəhlul ilə həmsərhəd olan Kərkicahana Şuşa və Xankəndindən yol olub. Əhalisi əsasən şəxsi təsərrüfatını idarə edib, Xankəndində istehsal obyektlərində çalışıblar.

Kərkicahan kəndi aşağı və yuxarı hissədən ibarət idi. Yuxarı hissədə 350, aşağı hissədə isə 18 ev azərbaycanlıların, 54 ev isə ermənilərin olub.

Kərkicahan qəsəbəsi 1990-cı ilin aprel ayına qədər Xankəndi şəhərinin 26-cı məhəlləsi olduğuna görə on illərlə burada heç bir sosial və digər obyektlər tikilməyib. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 21 aprel 1990-cı il tarixli məlum fərmanı ilə Kərkicahan yaşayış massivi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilib və şəhər sovetinin tərkibində Kərkicahan qəsəbə Soveti yaradıldığı gündən qəsəbənin çoxsaylı problemləri haqqında Azərbaycan hökumətinə müraciətlər olunub, digər yaşayış məntəqələri kimi Kərkicahan qəsəbəsinin də sosial-iqtisadi inkişafı üçün xüsusi proqram işlənib hazırlanıb. 1991-ci ilin oktyabr ayına qədər artıq bir çox sosial obyektlər tikilib istifadəyə verilib.

1991-ci il dekabr ayının əvvəlindən başlayaraq erməni silahlıları 366-cı motoatıcı alayla birləşərək Kərkicahan qəsəbəsi üzərinə güclü hücumlara başlayıblar, dekabr ayının 28-də erməni millətçiləri 366-cı alayın döyüş texnikaları və əsgərlərinin köməyi ilə Kərkicahanı işğal ediblər. Qəsəbə tamamilə talan-qarət edilərək yandırılıb.

4-cü Kərkicahan rotası döyüşçülərinin, Kərkicahan Polis Bölməsi əməkdaşlarının və qəsəbə könüllülərinin böyük fədakarlığı nəticəsində dinc əhali təhlükəsiz olaraq meşə yolu ilə çıxarılıb. İşğal zamanı 34 nəfər şəhid olub, 1 nəfər itkin düşüb, onlarla dinc sakin isə müxtəlif dərəcədə xəsarət alıblar.

İşğal nəticəsində 350-dən artıq şəxsi təsərrüfat, 1 klub, 1 tibbi ambulatoriya, 500 yerlik orta məktəb, Uşaq Musiqi Məktəbi, 1 uşaq bağçası, 1 ATS-rabitə evi, 2 tikiş sexi, müxtəlif zavodların filialları, 2 ərzaq, sənaye malları mağazaları, 1 məişət evi, maldarlıq ferması, inzibati binalar və s. tamamilə yandırılaraq məhv edilib.

1991-ci il dekabr ayının 28-də Kərkicahan qəsəbəsi işğal olunmaqla Xankəndi bütövlükdə erməni silahlıları tərəfindən zəbt edilib.

İlham Cəmiloğlu

Karabakh.TV

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*