Saytımıza xoş gəlmisiniz

60 yaşın mübarək ŞƏHİDİM…

Oxunma sayı: 164

gunduz-semedov

Şəhadətə qovuşmağından 25 il ötür. 25 ildir ki, yoxsan. Bəlkə də “var” olduğumuzu düşünüb yox kimi yaşayan elə bizlərik. VƏTƏN sevgisi, ulu amal uğrunda canından keçənlər heç zaman unudulmur. Belə bir deyim var: “Bir insan o zaman unudulur ki, onu xatırlayan ən son insan bu həyatdan köçür”. Sizlər heç vaxt unudulmayacaqsınız. Bu VƏTƏN, bu xalq durduqca, yaşadıqca siz daima var olacaqsınız.

Sənli günlərimizi tez-tez xatırlayıram. O zamanlara görə, yaşım az olsa da dərin izlər buraxıb hafizəmdə. Kəndimizdən – Kərkicahandan hər gün Şuşaya işə getməyini, sən işdən qayıdana kimi sənin gəlişini necə səbirsizliklə gözləməyimi xatırlayıram. Məlum hadisələrlə əlaqədar tez-tez evdə olmadığını, özünümüdafiə dəstələri üçün Şuşadan silah gətirməyə getdiyini, mənə atəş açmağı öyrətdiyin günləri yada salıram. 7 yaşım var idi. Tapşırdığın hər biri işin arxasınca sevə-sevə, həvəslə qaçırdım. Uşaq olsam belə sənin mənə göstərdiyin inam məni vaxtından tez böyüdürdü, kişiləşdirirdi. Bəlkə də, bu xoşbəxt günlərin tez bitəcəyini, tezliklə həyatın ağır sınaqları ilə baş-başa qalacağımı sən artıq bilirdin.

swscan00708

Şəhidlər Xiyabanından doğma yer yoxdur mənim üçün. Mən burda böyümüşəm, bu müqəddəs məkanın övladıyam. Daşlaşan ömürlərə baxa-baxa, onlarla söhbət edə-edə, şəhidlərdən bu VƏTƏNƏ vətən daşı olmağı öyrənə-öyrənə böyüdüm. Ən çətin anlarımda sənin yanına – suallarımı cavabsız qoyan məzarına qaçdım. “Uşaq anadan yetim qalar” – deyiblər. Bir oğul üçün atasız böyümək nə çətin imiş. Həyatın enişində yoxuşunda büdrəməməyi, yaxşıları pisləri bir-birindən ayırd etməyi sənsiz öyrəndim. Ən çətin anlarda həyati əhəmiyyətli qərarlar qəbul edəndə sən olmadın yanımda. Məğrur dayandım, içimdəki boşluğu biruzə vermədim. Mən böyüdükcə adım da yavas-yavas unuduldu. Adımı “şəhid oğlu”, “Gündüzün oğlu” deyə çağırdılar. Sənin mənə verə biləcəyin məsləhətlərini, nəsihətlərini bu çağırışlar əvəz etdi. Tək bir amalım oldu – sənin adını layiqincə yaşatmaq, sənin adına layiq oğul olmaq.

1-5

35 yaşım var – sənin şəhid olduğun yaşdayam. İndi mən də atayam. Sənin əqidənlə 3 igid nəvən böyüyür ocağında. Vətənimiz üçün can alacaq, can verəcək üç igid – Murad, Yusif, Gündüz…

Mənim bir oğul kimi, anamın bir həyat yoldaşı kimi, bacımın bir qız övladı kimi imtahanı sən ŞƏHİD olan gündən başladı. Bizdən nigaran qalma. Qarşılaşdığımız hər çətinliyə bu da növbəti bir sınaqdır deyib səbr etməyə, dözməyə çalışırıq.

Bu gün 60 yaşın tamam olur. Yenə səni ziyarət edəcəm, yenə susqun baxışlarından nəsə umacam. 60 yaşın mübarək olsun ŞƏHİDİM..!

Səbuhi GÜNDÜZ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*