Saytımıza xoş gəlmisiniz

ABŞ Helsinki Komissiyası Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat verib

Oxunma sayı: 141

544d5e94eaa0c46652820719c158be49

ABŞ Helsinki Komissiyası Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib.

Trend-in məlumatına görə, bəyanatda Xocalı şəhərinin məruz qaldığı misli görünməmiş qəddarlığın beynəlxalq hüququn norma və prinsiplərini, insan hüquq və azadlıqlarını pozduğu qeyd olunub. Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-inin 366-cı motoatıcı alayının köməyilə mühasirəyə alınmış Xocalı şəhərinə hücum edərək törətdiyi amansız hərəkətlərin dərin təsirlərinin indiyədək Azərbaycan xalqında hiss edildiyi bildirilib.

Bəyanatda bu faciənin anılmasının və həyatını itirmiş insanların xatirəsinin yad edilməsinin vacibliyi və Azərbaycan xalqına dərin ehtiram izhar edilib.

1992-ci ilin 26 fevralında Ermənistan-Azərbaycan münaqişəsi zamanı Dağlıq Qarabağda, Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin yüzlərlə Azərbaycanlı qadın, uşaq və yaşlıları qətlə yetirdiyi vurğulanıb.

ABŞ Helsinki Komissiyasının sədri, Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Florida ştatını təmsil edən demokrat Əlsi Heystinqz Xocalı faciəsinin ildönümü ilə bağlı Konqresdə də ayrıca bəyanatla çıxış edib.

Konqres üzvü bəyanatında 1992-ci ilin 26 fevralında Xocalıda baş vermiş dəhşətli hadisələri anaraq 613 nəfərin amansızcasına qətlə yetirildiyini vurğulayıb.

Ə.Heystinqz həmçinin 1994-cü ildə atəşkəs rejiminin əldə olunmasına baxmayaraq Dağlıq Qarabağ daxil olmaqla 20%-dən çox Azərbaycan torpaqlarının hazırda işğal altında olduğunu və 1 milyondan artıq Azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində qaldığını vurğulayıb. Ə.Heystinqz Azərbaycanın qaçqın və məcburi köçkünlərinin həyat şəraitini yaxşılaşdırmaq üçün milyardlarla vəsait sərf etdiyini, lakin bununla belə regionun iqtisadi inkişafı naminə önəmli addımlar atdığını qeyd edib.

Bəyanatda həmçinin Azərbaycan Hökumətinin yalnız regionun sabitliyinə töhfə vermədiyini, habelə bütün dünyada terrorçuluğa qarşı mübarizədə ABŞ-ın etibarlı müttəfiqi olmağa davam etdiyini bildirib. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın dərhal Amerika xalqına həmrəylik nümayiş etdirərək bu mübarizədə ABŞ-a həlledici dəstək və yardım göstərdiyini, Əfqanıstanda “Sarsılmaz Azadlıq” hərbi əməliyyatının bir hisssəsi olaraq ABŞ-ın Azərbaycanın hava məkanından qeyd-şərtsiz istifadəsinə icazə verdiyini vurğulayıb. Bundan əlavə, Konqres üzvü beynəlxalq koalisiyanın Əfqanıstandakı hərbi qüvvələrə bütün tədarük və təchizatının Azərbaycanın təmin etdiyi quru və dəniz yolları vasitəsilə çatdırıldığını qeyd edib.

Sonda Ə.Heystinqz Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü kimi bu dəhşətli faciənin ildönümünün qeyd edilməsinin vacibliyini bildirib və Azərbaycan xalqına başsağılığını izhar edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*