Saytımıza xoş gəlmisiniz

ABŞ-ın ATƏT yanında nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsi həddindən çox uzanır

Oxunma sayı: 16

trend_osce_flags_240511

Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Ermənistan və Azərbaycan arasında etimadın yaradılması və dialoqun genişləndirilməsinə yönəlmiş səyləri dəstəkləyir.

Trend-in erməni KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın ATƏT yanında missiyası rəhbərinin müavini Qreqori Makris təşkilatın Daimi Şurasının iclasında deyib.

Bu yaxınlarda tərəflərin liderlər və xarici işlər nazirləri səviyyəsində konstruktiv təmasına toxunan Q.Markis bildirib ki, bu təmaslar nəzərçarpan müsbət nəticələrə gətirib çıxara bilər:

“Minsk qrupunun hər üç həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bildirdi ki, son iki ay ərzində qoşunların təmas xəttində və cəbhə zonasında atəşkəs rejiminin pozulması halları azalıb”.

O qeyd edib ki, münaqişə həddindən çox uzanır və tərəflərin qarşılıqlı ittihamlara son qoymağı və xalqları sülhə hazırlamağının vaxtı çatıb:

“ABŞ Ermənistan və Azərbaycan arasında təhlükəsizlik sahəsində vəziyyəti sabitləşdirə və danışıqlar üçün daha konstruktiv ab-hava yarada biləcək etimadın möhkəmləndirilməsi və dialoqun genişləndirilməsi üzrə tədbirləri dəstəkləyir”.

Q.Makris deyib ki, Birləşmiş Ştatlar ATƏT məkanında münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu həmsədrlərinin fəal iştirakı ilə nizamlanmasına böyük əhəmiyyət verir:

“Məhz buna görə Birləşmiş Ştatlar ötən ay ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin yeni təyin olunmuş müşaviri Corc Kenti kimi yüksək səviyyəli diplomatları Ermənistan və Azərbaycana göndərdi”.

Onun sözlərinə görə, ABŞ da bu fikri bölüşür ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ola bilməz və status-kvo qəbuledilməzdir.

1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində – Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*