Saytımıza xoş gəlmisiniz

“Atamı iki dəfə dəfn etdik, əvvəl Bərdədə, sonra isə Şəhidlər Xiyabanında” – Şəhid oğlu…

Oxunma sayı: 950

f393efb2-c270-4080-85ed-9c08d7624639

“Hərbi xidmətə yollanan gün Şuşada şəhid olan atam yuxuma girdi…”

“Atamın Şəhidlər Xiyabanındakı məzarının yanında boş bir yer var… Deyirəm, bəlkə o yer də mənim üçündür…”

…Onun atası – şəhid Gündüz Səmədovun haqqında ilk dəfə illər öncə Şuşa türməsinin rəisi olmuş Aydın Abbasovla həmin həbsxananın əməkdaşları və dustaqlarının mayın 8-də şəhərin müdafiəsi zamanı ermənilərlə qeyri-bərabər döyüşdə göstərdikləri qəhrəmanlıq haqda söhbət edərkən eşitmişdim… Düşməni daha yaxşı görüb nişan almaq üçün qülləyə qalxan Gündüzü erməni snayperi alnından vurub… Bundan bir neçə saat öncə ermənilər Şuşaya hücuma başlayan kimi Gündüz Səmədov həbsxana rəisinin növbətçi köməkçisi olaraq oradakı 30-a yaxın dustağı azad edib ki, ermənilərə əsir düşməsinlər… Allah rəhmət eləsin..!

Son illər jurnalist fəaliyyətimlə bağlı tanış olduğum Səbuhi Səmədovu, sadəcə, 122 saylı Xankəndi dairəsindən deputat, şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı Flora Qasımovanın köməkçisi kimi tanyırdım… Səbuhi bəyin məhz hədsiz təvazökarlığı, özü haqda danışmağı sevməməsi səbəbindən şəhid oğlu olduğunu bu yaxınlarda təsadüfi bir söhbət zamanı öyrəndim…

178521

Bundan sonra Səbuhi Səmədov Moderator.az-ın qonağı olmaqdan yaxasını qurtara bilmədi…

– Səbuhi bəy, hər il  8 mayda  iki dəhşətli itkinin ağrısını daha şiddətlə duyursan: uşaqlıqdan doğulduğun Kərkicahan qəsəbəsi qədər sənə əziz olan Şuşanın işğalı və onun müdafiəsində qəhrəmancasına şəhid olan atanın itkisi…  

– Bilirsiz, mən buraya 3-cü bir itkini də əlavə edərdim… Uşaqlıq, yeniyetməlik itkisi… Çox ağır, qarışıq və ziddiyyətli bir dövrə düşdü bizim nəslin uşaqlığı… Böyüklər həmin günləri başqa cür yaşayırdı, kiçiklər başqa cür… Kəndlərimizin, şəhərlərimizin işğalından sonra bizim uşaqlığımız, yeniyetməliyimiz də yox oldu, işğal olundu… Yəni düşüncələrimiz böyüklərinkindən fərqli olsa da, eyni halları, qorxu-həyəcanı, didərginliyin çətinliklərini bizlər də böyüklərlə bərabər yaşamışıq…

1991-ci il dekabrın 28-də doğma Kərkicahanın işğalından sonra müvəqqəti olaraq Şuşaya – babamgilə köçdük. Şuşa düşmən tərəfindən atəşə tutulanda biz də həyəcan hissi keçirirdik. “Alazan” raketləri atılanda deyirdilər, qorxusu yoxdu, amma top, ”qrad” atılan kim biz uşaqlar da binaların nəmiş zirzəmilərinə sığınıb saatlarla orada qalırdıq. Dinc sakinin, yaxud döyüşçünün şəhidlik xəbəri gələndə, şəhərə cənazə gətiriləndə biz də onu görürdük… Bu minvalla uşaqlığımız müharibə illərinə, yeniyetməliyimiz, gəncliyimiz isə didərginlik illərinə təsadüf etdi. Yəni erməni işğalı nəticəsində yalnız torpaqlarımızı, atalarımızı, əzizlərimizi deyil, həm də uşaqlıq yeniyetməlik illərimizi itirdik… Mənəvi zərbələr ölçüyəgəlməz miqdardadır…

– Kərkicahandan çıxandan sonra Şuşanın hansı məhəlləsində yaşayırdınız?

– Şuşanın Çüxurməhlə adlanan hissəsində. Elə müharibədən öncə də uşaqlığımın gözəl, qayğısız günlərinin bir hissəsi orada keçib. Rəhmətlik atamla bərabər tez-tez gedib-gəlirdik babamgilə… Yadımdadır ki, Kərkicahana gedən avtobuslar Şuşanın mədəniyyət evinin yaxınlığında dayanırdı… Onu da deyim ki, uşaqlıq duyğularımla anladığım o dövrün abı-havası bambaşqa idi, insanlar daha səmimi və mehriban idilər. Ən azı, indiki aqressivlik yox idi…

1-ci sinifdə oxuyanda Şuşada Novruz bayramını keçirilməsinin də şahidi olmuşam…

– Şuşadan çıxdığın günləri necə xatırlayırsan?

– Şuşada artıq uşaq və qadınlar üçün böyük təhlükə yarananda – 1992-ci ilin martında – Novruz ərəfəsində atam bizi Bakıya gətirib müvəqqəti yerləşdirməyə məcbur oldu. Həmin vaxt Şuşa həbsxanasında işləyən atam özü geri döndü. Amma söz verdi ki, mayda məzuniyyətə çıxmalıdır – onda gələcək… Bu, bizim atamızla son görüşümüz oldu. May ayında o, Bakıya şəhid olaraq döndü…

– Atanın ölüm xəbərini ilk dəfə nə vaxt, kimdən eşitdiniz?

– Yadımdadır ki, Bakıdakı qohumlardan biri zəng vurub dayım Azərin yaralı olduğunu, Bərdəyə gətirildiyini demişdi. Amma atamın Bakıda Tağı, Niyaz adlı dostlarının hərəkətlərindən də hiss olunurdu ki, bu, yaralanmaq məsələsi deyil… Dayımla isə heç əlaqəsi yox idi… Bu minvalla elə oldu ki, atamı mayın 8-də Bərdədə dəfn elədik… Sonra isə mayın 18-də Bakıya gətirərək Şəhidlər Xiyabanında xüsusi hərbi mərasimlə torpağa tapşırdıq… Yadımdadır ki, o zaman parlament binası ətrafında xeyli adam toplaşmışdı, nəsə qarışıqlıq idi… Sonradan böyüyəndə anladım ki, həmin gün Laçın işğal olunmuş, parlament binasında isə yeni hakimiyyətə gələnlər iclas keçirirmiş,  Laçının işğalı ilə bağlı etiraz edən camaat şəhid dəfn edildiyini biləndə Xiyabana doğru istiqamət alıb və  atamın dəfnində böyük izdiham yaşanıb…

– Atalı günlərini necə xatırlayırsan?

– Oğul olaraq daim atamla fəxr etmişəm… 7-8 yaşım olsa da, həmişə gözləyirdim ki, mənə bir iş tapşırsın, onu sevə-sevə yerinə yetirim… Atam daim bizi sağlam həyat tərzi qurmağa alışdırmağa çalışırdı. Bazar və tətil günləri də çox yatmağa qoymurdu. Bizi səhər tezdən oyadıb özü ilə bərabər kəndimizin o təmiz havasından udmağa, o gözəl torpaqların üstündə hərəkət, idman etməyə, sonra da soyuq su ilə yuyunmağa vadar edərdi… Təəssüf ki, işinin çoxluğu, təhsilini davam etdirməsi, eyni zamanda sonradan Kərkicahanın müdafiə işləri ilə məşğul olması səbəbindən biz atamızla birgə doyunca Xankəndinin, Şuşanın görməli yerlərini gəzə bilməmişik… Atam o vaxt Şuşa türməsində işləməklə yanaşı, həm də Bakıda ali məktəbdə qiyabi oxuyurdu…

– Atanın vətənpərvərliyini hiss edirdin uşaqlıqdan?

– Əlbəttə… Onun bizimlə xalq, millət, Vətən, Qarabağ, tarixi düşmənlərimiz haqda söhbətlərində, davranışlarında bu sezilirdi… …1990-cı il 20 Yanvar faciəsi ərəfəsində, yanvarın 19-da bacımın 5 yaşı münasibətilə atamın Bakıdan Tağı adlı dostu da gəlmişdi. Həmin gün evimizdə ad günü məclisi qurulmuşdu. Axşam qəfildən televiziya da verilişlərin kəsilməsi, sonra Bakıdan həyəcanlı xəbərlər gəlməsi, atamın Tağı əmi ilə birgə qəsəbədə gəzib dostlardan əlavə xəbərlər öyrənməyə çalışması və s. yadımdadır… Yanvarın 20-də biz Şuşaya gedəsi olduq… Və Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Şuşada – Çüxur məhlədə evlərdən birinin qarşısından asılmış şəkildə gördüm…

– Kərkicahanın müdafiəsində də fəal iştirak edib Gündüz bəy…

– Bəli, qəsəbəmizin müdafiəsi, silah-sursatla təchizatı üçün xeyli işlər gördü.  Kərkicahanda çox gərgin döyüşlər gedib. O vaxt orada olanların hamısı bunu yaxşı xatırlayır… Atam bundan əlavə, istintaq orqanlarına da bacardığı qədər dəstək verirdi… 1991-ci ildə Şuşa rayonunun Qaladərəsi kəndinin erməni quldurlarından təmizlənməsi əməliyyatı zamanı atamın da köməyə getdiyini bilirdik…  Bir neçə gün gəlmədi, hamımız nigaran qaldıq. Nəhayət, gəlib çıxanda məlum oldu ki, o, 3 erməni fotosu gətirib. Həmin ermənilər Şuşa türməsində dustaq idi və onlar “ASALA” terror  təşkilatının üzvləri olduqlarını etiraf etmirdilər. Lakin atamın gətirdiyi fotolar, onların üzərindəki yazılar və sənədlər bunu kifayət qədər sübut edirdi. İllər sonra artıq mən Bakıda işləyərkən müəyyən dövlət orqanlarında çalışan şəxslərlə görüşlərim oldu və onlar Gündüz Səmədovun oğlu olduğumu biləndə atamın erməni terrorçularıyla  bağlı istintaq işlərində nə qədər kömək etməsi haqda danışdılar…

– Atan 1992-ci il mayın 8-də Şuşa türməsində döyüşərkən erməni snayper tərəfindən vurulub. Həmin vaxt onun yanında olmuş iş yoldaşlarından, dustaqlardan sonradan rastlaşdığınız, onun şəhidliyi haqda danışanlar oldumu?

– Mən o vaxt uşaq olmuşam… Amma  əmimin dediyinə görə, iş yoldaşlarından biri ölüm anında yanında olub… Atam ona nəsə deməyə çalışıb… Lakin o dəqiq başa düşə bilməyib… Həmin adam da Şuşanın işğalından sonra çox yaşamayıb, həmişə onun da dərdin edib ki, mən Gündüzün son nəfəsində nə dediyini anlaya bilmədim…

Şuşaya hücum başlayan kimi atam 30-a yaxın azərbaycanlı dustağı buraxıb ki, vuruşa bilən bizə kömək etsin, qalanlar isə çıxıb getsinlər ki, erməni əsirliyinə düşməsinlər…

– Atasız böyüməyin ağrılarını necə yaşadın?

– Dostlarımın, tanışlarımın atalarının onlara verdiyi məsləhətlərlə böyüdüm… Yəni, dostumun atası dostuma nəsə məsləhət verəndə mən də ordan özüm üçün hansısa dərs götürürdüm. Və böyüdükcə ata-analarının qədrini bilməyənləri həmişə qınaq obyektinə çevirməyə başladım… Hərdən belə suallara dalıram ki, görəsən, atam sağ olsaydı, münasibətlərimiz necə olardı… Bəlkə elə atam yanımda olsaydı, mən də başqaları kimi onun qədrini bilməzdim…

…Bu yaxınlarda “You Tube” kanalında ermənilərin yaydığı bir video-görüntü tapdım… Ermənilər Şuşanın işğalından sonra türməyə necə daxil olurlar… Xidməti otaqlara baxış keçirirlər… Mən o videoya baxanda sanki atamdan bir iz axtarırdım… Düşünürdüm ki, atam bəlkə filan otaqda oturub işləyib. Yəqin onun imzası, yazısı, qeydi olan sənədlər var orda, o dəhlizlərin hamısını gəzib… Və yaxud “KarabakhTV”-də, Moderator.az saytında da mütəmadi olaraq bu gün soydaşlarımız Dilqəmlə Şahbazın(Allah qapılarını açsın) yatdığı  həmin türmədən yazılar fotolar, videoları görəndə mən yenə də atamı arayıram…

– Köməkçisi olduğun deputat Flora xanım Qasımovanın həyat yoldaşı, sənin isə atan şəhid olub… Yəqin ki, işlər nə qədər çox olsa da, arada dərdlərinizi də bölüşürsüz… Bu həmdərdlik bəlkə də didərgin insanlarla işləməkdə də sizə yardımçı olur..?

– Bəli, cox olur. Həm isğal altında olan bir torpağın insanları kimi, həm də şəhid ailəsi olaraq dərdlərimiz də birdir Flora xanımla. Məhz bu yaxınlıq, həmdərdlik respublikamızın 40-a yaxın rayon və şəhərində məskunlaşmış Xankəndili məcburi köckünlərimizlə munasibətdə, onların problemlərinin həlli istiqamətində görülən işlərdə əhəmiyyətli rol oynayır… Eyni zamanda tələbkar və məsulliyyətli br insan kimi Flora xanımla birgə işləmək də mənim üçün böyük bir dərs və imtahandır…

– Heç yuxuna girirmi atan?

– Şəhid olduğu müddətdən bəri yalnız bircə dəfə yuxuda görmüşəm… Mən əsgərliyə yollanan gün… Gördüm ki, gəlib… Vəziyyətlə, mənim hərbi xidmətə getməyimlə maraqlanır… Hamı da mənə gözaydınlığı verir ki, bəs atan gəlib. Mən isə deyirəm ki, nə olsun, gəlib, onsuz da gedəcək…  Maraqlıdır ki, mən də hərbi xidmətimi atamın əməkdaşı və şəhidi  olduğu Ədliyyə Nazirliyinin  N saylı hərbi hissəsində keçirdim…

Həmişə çalışmışam ki, atamın adını uca tutum. Hər yerdə tanıyanlar məni Gündüzün oğlu kimi təqdim edirlər. Bu, mənim üçün böyük fəxrdir. Çalışıram onun adına layiq olum… Mütəmadi Şəhidlər Xiyabanında onu ziyarət edirəm… Çox vaxt sorğu-suala çəkirəm, bəzən qınayıram yanımızda olmadığına görə… Oğul üçün atasız böyümək xeyli çətindir… Amma bir tərəfdən atamın şəhid kimi müqəddəs bir adı daşıması mənə daim qürur hissi verib və o hiss məni daim mübariz olmağa, onun amalları uğrunda, torpaqlarımızın azadlığı uğrunda mübarizəni  davam etdirməyə ruhlandıırıb…  İki oğlumu və himayəmdə olan bacım oğlunu da bu mübarizlik ruhunda böyüdürəm…

– Torpaqlarımızın, Xankəndinin, Şuşanın, Kərkicahanın azadlıq yolu səni də çox düşündürür, yəqin?..

– Atamın Şəhidlər Xiyabanındakı məzarının yanında bir boş yer var… Bir şəhidi bağrına basacaq güllü-çiçəkli bir boş yer. Sanki ötən bu illər ərzində hər atamı ziyarət etdiyimdə həvəslə təmizliyinə baxdığım, çiçəklərinə qulluq etdiyim o yeri özüm üçün qorumuşam… Hərdən  atamla məzarı başında  öz aləmimdə söhbət edəndə deyirəm ki, əziz ata, yəqin, bu yer də mənim üçündür… Onsuz da torpaqlarımızın azadlıq yolu savaşdan keçəcək. Və gec-tez başlanacaq  bu savaş bizim qələbəmizlə nəticələnəcək…  Qoy mənim də yolum burdan keçsin… Sənin yanına gəlim… Amma bilim ki, mən şəhid olandan sonra Şuşa, Xankəndi, Kərkicahan… – Qarabağ azad olacaq, sənin və sənin kimi neçə-neçə oğlumuzun qisası alınacaq…

-İnşallah…

Söhbətləşdi: Sultan Laçın

http://www.moderator.az/news/224582.html

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*