Saytımıza xoş gəlmisiniz

Binəqədinin başçısı olmuş erməni Qarabağı necə xaosa bələdi?- Kölgədə qalan tarix

Oxunma sayı: 108

166191

Maksim Musayev:”Gevorkov məndən Kremlə şikayət etdi və Moskvanın birbaşa tapşırığıyla məni Qarabağdan başqa yerə dəyişdirdilər…”

Bu günlərdə işğalçı, separatçı, daşnak təfəkkürlü ermənilər “Artsaxın azadlığı uğrunda hərəkatın başlanmasının 30 illliyini qeyd edirlər”. Ancaq gerçəyi dərk edənlər yaxşı bilir ki, “hərəkat” adlanan, əslində isə İrəvandan, Moskvadan, Parisdən, Vaşinqtondan idarə olunan bu xaotik proses bütövlükdə həm azərbaycanlılara, həm də ermənilərə bədbəxtlik gətirib.  Münaqişənin alovlanmasında 1973-1988-ci illərdə  Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayəti  komitəsinin 1-ci katibi işləmiş Boris Gevorkovun da  kifayət qədər rolu olub.  O dövrdə Azərbaycan KP MK-nın məsul işçisi, Dağlıq Qarabağ üzrə kuratoru, sonradan Qax partiya komitəsinin 1-ci katibi işləmiş Maksim Musayev özünün   “Boris Gevorkovun Azərbaycan Kommunist Partiyasından xaric olması barədə” adlı məqaləsində sözügedən erməni məmurun 1988-ci ilin bu günlərində alvlanmağa başlayan Qarabağ  hadisələrində, Robert Köçəryan, Serjik Sərkisyan kimi  təxribatç terrorçuların vəzifələrə irəli şəkilməsindəki və s. rolundan bəhs edir.

Onu da deyək ki, B.Gevorkov 1970-1973-cü illərdə sovet dövründə “Kirov” adlanan  Binəqədi rayonunun başçısı – partiya komitəsinin 1-ci katibi olub…

Moderator.az həmin məqalənin maraqlı məqamlarını təqdim edir:

 “…“Ölkəmizin 13 rayonunun işğalında xəyanətkar bilinən Dağlıq Qarabağ Vilayəti başçısı Boris Gevorkov barədə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin bürosunun qərarı”

Vilayətin 15 ildən artıq başçısı olmuş, Azərbaycanın Dağlıq Qarabağı etibar elədiyi B.Gevorkov millətlərarası münaqişənin yaranmasında cəzasını gec və zəif də olsa, aldı. Xankəndində 1988-ci ilin fevral ayında erməni şovinist siyasətçilərinin uzun illər hazırladığı və sonra isə təşkil elədikləri mitinq başladı. Vilayətin Azərbaycanın tərkibindən çıxması məsələsi qaldırılırdı. Vəziyyətin belə həddə çatmasmda vilayət rəhbərlərinin gunahları şübhəsiz idi. Bu barədə hələ 1980-ci illərin əvvəllərində Azərbaycan KP Mərkəzi Komitəsinin həmin vilayət üzrə inspektoru(müfəttişi) olarkən  respublika və vilayət rəhbərlərinə məlumatlar verirdim. O dövrün tələblərinə əsasən ildə 120-160 gün vilayətin kənd, qəsəbə, rayon və şəhərlərində, orada olan təşkilatlarda (məktəb, texnikum, institut, klub, kitabxana, kinoteatr, muzey, teatr, kolxoz-sovxoz, xəstəxana, poliklinika və digərlərində) olur, bilavasitə milliyyətindən asılı olmayaraq insanlarla görüşüb hərtərəfli təmas qurmağa çalışırdım (1970-ci illərdən başlayaraq  Dağlıq Qarabağda respublika Komsomol Komitəsi və bir müddət də Xalq Nəzarət Komitələri üzrə təşkilatçı işələmişdim). Yerli ermənilərlə ünsiyyət yaradıb, çörək kəsib söhbətləşərkən vilayətin gələcəyinin təhlükə qarşısında olduğu barədə narahatlıqlarını eşidir və adlarını açıqlanmaması şərtilə mövcud vəziyyəti də, faktları da sadalayırdılar. Dincliyi sevən, ağıllı ermənilər vilayət rəhbərlərinin ikiüzlü iş üsulunu pisləyirdilər. Və xahiş edirdilər ki, gözləniləcək təhlükələrin qarşısını almaq üçün hər kəs bacardığını əsirgəməməlidir. Arayışlarımda vilayət başçılarını və əsasən də B.Gevorkovu faktlara əsaslanaraq ciddi tənqid edirdim. Buna görə də Xankəndində ezamiyyətdə olarkən Gevorkov məni xoşlamadığını bildirir, üzbəüz dialoqdan qaçır və qəbul etmirdi. Halbuki buna ixtiyarı çatmırdı. Ona deyəcəyim isə bu idi: “Vilayətdəki vəziyyət sizin günahınız üzündən məcrasından çıxıb, millətçilik baş alıb gedir, azərbaycanlılara qarşı düşmənçilik sərsəm ermənilər tərəfindən günbəgün gücləndirilir, millətlər qırğınla üzləşə bilər və sairə. Münasibətimiz elə bir həddə çatmışdı ki, Gevorkov Kremlə məndən şikayət elədi və Moskvanın birbaşa tapşırığı ilə (belə hallar olduqca az olur) məni başqa bölgəyə dəyişdirdilər və sonra Qax rayonuna I katib göndərdilər.

1988-ci ilin mayında Mərkəzi Komitənin burosunda iştirak etmək üçün məni Qaxdan Bakıya çağırdılar. Büro materialları ilə tanış olarkən gördüm ki, 6 il əvvəl yazdığım arayışlardakı bəzi faktlar Gevorkovun cəzalandırılması barədə qərar layihəsinin xeyli hissəsini təşkil edir. Büro qapalı şəraitdə keçirilirdi və Dağlıq Qarabağ üzrə məndən əvvəl işləyən inspektorlar İvanov və Zabelin də dəvət edilmişdilər. Büro iclasına MK-nin ikinci katibi V.Konovalov rəhbərlik edirdi. Büroda keçmiş inspektorlardan yalnız mən çıxış elədim və Gevorkov replikaları ilə çıxışıma maneə törətməyə çalışsa da, alınmadı. Iclas yekunlaşdıqdan sonra gördüm ki, Gevorkov dəhlizdə məni gözləyir. Söhbətimiz zamanı o, təqsirkar olduğunu bu cür açıqladı: “…Millətlərimizin belə üz-üzə dayanmasına laqeydliyimi bu gün daha aydın dərk elədim… Gərək mürgüləməyəydim… Allah məni bəlkədə düz cəzalandırır…” Bu, onunla axırıncı söhbətim oldu…

İndiki nəsil üçün Boris Gevorkovun kimliyi bəlkə də maraqlı ola bilər. O, Azərbaycanda doğulub, təhsil alıb və vəzifələrə yüksəlmiş, azərbaycanlıların çörəyi – himayəsi-köməyi sayəsində SSRİ-də tanına bilmişdi. Ondan savadlı, qoçaq və qabiliyyətli ermənilər Azərbaycanda çox olsa da, nədənsə vilayətə rəhbər o təyin edilmişdi. Onu 1970-ci ildən tanıyırdım. Ancaq 80-ci illərin əvvəllərində  Dağlıq Qarabağ üzrə kurator (təşkilatçı) təyin olunandan sonra o dövrün tələbinə əsasən vilayətdəki vəziyyət və rəhbərlər barədə geniş məlumatım olmalı idi.

Yaddaş kitabımdakıları vərəqləyərkən: “Gevorkov B.S. Bakı neftçisi ailəsində 1932-ci ildə doğulub, 1949-cu ildə Bakıda orta məktəbi və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-1961-cü illərdə Bakı şəhərində komsomol işində işləmiş, oradan da partiyanm Mərkəzi Komitəsinə işə götürülmüşdür. 1970-ci ildə Bakı şəhəri Kirov rayonuna (indiki Binəqədi) və az sonra Dağlıq Qarabağ Vilayətinə rəhbər göndərilmişdir. SSRİ Ali Sovetinə deputatlığı, orden və medallarla tətif edilməsi də Azərbaycan MK-nın qərarı ilə olmuşdur. Ona Bakının ən gözəl binasında geniş sahəsi olan (ailə üzvü 3 nəfər idi) mənzil verilmişdi. Azərbaycanlılar Gevorkov üçün cənnətdə yaşamaq kimi – lazım olan hər şeyi etmişlər. Lakin onun dövründə bünövrəsi qoyulan ekstremist əməllər torpaqlarımızın işğalına səbəb oldu…

(Davamı var)

Təqdim etdi:

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*