Saytımıza xoş gəlmisiniz

Bir şəklin tarixçəsi – Xocalıda sonuncu toy…

Oxunma sayı: 131

xocalida_sonuncu_toy_9584640_n

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotonun adı simvolik olaraq “Xocalıda sonuncu toy”dur.

Zaman 1992-ci il… Məkan Xocalı şəhəri… Dəhşətli soyqırımından xeyli əvvəl…

Aylardır düşmən mühasirəsində yaşayan, müqavimət göstərən, min bir çətinliyə sinə gərən  Xocalı sakinləri bütün problemlərə rəğmən ruhdan düşmür, hətta toy-nişan mərasimini belə təxirə salmırdılar. Sabaha ümid, gələcəyə inam vardı… Onda heç kimin ağlına gəlməzdi ki, Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birləşib Xocalı şəhərini yerlə-yeksan edərək, insanlığa və bəşəriyyətə qarşı qətliam gerçəkləşdirə bilərlər. Şübhəsiz ki, Rusiyanın 366-cı motoatıcı alayı olmasaydı bəlkə də bunu edə bilməzdilər… Amma Xankəndində yerləşən 366-cı alayının rus hərbçiləri mənfur ermənilərə bu soyqırımını reallaşdırmaqda dəstək verdilər…

Modern.az Xocalı sakinlərindən birinin sosial şəbəkədə paylaşdığı bu fotoşəkilə verdiyi tükürpədən şərhi də təqdim edir:

“Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqlı oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu”.

Xocalıdakı vəhşi cinayət nəticəsində dinc sakinlər, o cümlədən qocalar, uşaqlar, qadınlar ya qətlə yetirildilər, ya da girov götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qaldılar. İnsanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları və başları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edildi.

Dəhşətli soyqırımı nəticəsində, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində

– 8 ailə tamamilə məhv edilib;

– 56 insan işgəncə ilə öldürülüb;

– 27 ailənin yalnız 1 üzvü qalıb;

– 25 uşaq hər iki valideynini itirib;

– 130 uşaq valideynlərindən birini itirib;

– 230 ailə öz başçısını itirib;

– 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);

– 1275 nəfər dinc sakin girov götürülüb;

– 1165 insan girovluqdan azad edilib;

– 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

A.Qorxmaz

http://modern.az/az/news/193231#gsc.tab=0

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*