Saytımıza xoş gəlmisiniz

Böyük alim, vətənpərvər ziyalı – Vidadi Əliyev

Oxunma sayı: 291

333333333333333333333

Hər bir insan yaşadığı ömrün tarixini özü yazır. O kəslər ki, ömrünü xalqına, millətinə, yaşadığı cəmiyyətin inkişafına həsr edirsə, bu ömür tarixi yaddaşlara həkk olunur, onlar həmişə böyük ehtiram və hörmətlə xatırlanır. Sözsüz ki, örnək ola biləcək bir ömür yazmağın özü fədakarlıq, insan hünərdir və ömrünü xalqının mənəvi inkişafına, maariflənməsinə, elmə həsr etmiş vətənpərvər ziyalılar xalqın ən böyük xəzinəsidir.

Belə ziyalılardan biri də böyük alim, fədakar insan Vidadi Əliyevdir.

Beynəlxalq Energetika Akademiyasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan İnşaat Mühəndisləri və Memarlıq Universitetinin professoru, bir çox elmi ixtiraların müəllifi olmuş Vidadi Əliyev dövlət, cəmiyyət, elmi və pedaqoji ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunan ziyalılardan biri sayılıb.

Dalıq Qarabağın ziyalı mühitində – Yusif Əliyevin, Seyran Zeynalovanın halal ocağında tərbiyə almış Vidadi Əliyevin adı 1950-ci illərdən bəri nümunə olaraq Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbin adı ilə həmişə paralel çəkilib. Bu ad həmin məktəbin şagirdləri üçün nümunə olaraq mayak və həm də əlçatmaz zirvə olub.

Vidadi Əliyev 1957-ci ildə Xankəndi şəhərindəki Nizami Gəncəvi adına 4 saylı orta məktəbi qızıl medalla bitirib. Azərbaycan Dövlət Univerisitetinin fizika-riyaziyyat fakultəsinə daxil olub, ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Ötən əsrin 60-cı illərində üzvi yarımkeçiricilər fizikası sahəsində görkəmli alimlərin diqqətini çəkən tədqiqatlar apararaq SSRİ Elmlər Akademiyasının Leninqrad Yarımkeçiricilər İnstitutunun aspiranturasına daxil olaraq orada namizədlik dissertasiyasını, bir neçə ildən sonra isə Moskva şəhərində doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Vidadi Əliyev Azərbaycan elmini dünyanın 20-dən çox ölkəsində, konfrans və simpoziumlarda ləyaqətlə təmsil edib. O, dünyanın nüfuzlu nəşrlərində dərc olunan 200-dən çox elmi məqalənin, 30-a yaxın ixtiranın müəllifi olub. Cəfakeş alim onlarca elmlər namizədi və elmlər doktoru yetişdirib.

Professor Vidadi Əliyev İnşaat Mühəndisləri İnstitutunun kafedra müdiri, professor vəzifəsində çalışarkən istedadlı alim kimi qardaş Türkiyəyə işə dəvət olunub, bütün varlığı Qarabağ sevgisi – Qarabağ nisgili ilə döyünən bu vətənpərvər insan vətəndən uzaqlarda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün əlindən gələni əsirgəməyib. Trabzon Qara Dəniz Texniki Universitetində işlədiyi bir ilin hər dəqiqəsində qəlbi faciələrə qərq olmuş Qarabağla döyünüb.

Təəssüf ki, ömür Vidadi müəllimə Qarabağla bağlı arzularına çatmağa imkan vermədi. Amma buna baxmayaraq onun əməlləri, Qarabağa olan tükənməz sevgisi neçə-neçə insanlara bir örnək oldu. Bax elə buna görədir ki, Vidadi Əliyevin xatirəsi tələbələrinin, həmkarlarının, onu sevənlərinin qəlblərində daim böyük ehtiramla yad edilir, nurlu, işıqlı siması, ziyası gələcək nəsillərin həyat yoluna işıq saçır.

İlham Cəmiloğlu

Karabakh.TV

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*