Saytımıza xoş gəlmisiniz

Böyük kişilərin böyük missiyası – Süleyman Zeynalov

Oxunma sayı: 728

48388021_332067947385422_6812343216977739776_n

70 il ömür sürdü, bu zaman kəsiyində neçə-neçə insanın ömrünə nur çilədi, yoluna işıq saçdı. Heç vaxt “Mən” demədi, “Biz” dedi. Ucaldığı zirvərlərdən aşağı boylanmağı özünə rəva bilmədi, aşağıdakıların arasında olmağı ilə bir az da ucaldı. O da müdriklərin söylədiyi kimi düşündü: “Böyük işlər görmək üçün dahi olmaq, insanlardan yüksəkdə durmaq şərt deyil, bunu onlarla bir yerdə də etmək olar”. Onun həyat düsturu beləcə sadə idi – xalq arasında olub, xalq üçün çalışmaq…

Təkcə Ağdamın yox, bütün Qarabağın say-seçmə kişilərindən olan Süleyman Zeynalov yaddaşlarda belə qaldı – mərd, sözü və əməli bütöv, dəyərli ziyalı, milli ruhlu əsl Azərbaycan kişisi kimi.

Süleyman müəllim əsl ziyalıya xas dəyərləri xarakterində cəmləyən, nurlu şəxsiyyəti, elmi potensialı, intellekti, düşüncə tərzi, milli ruhu, mədəniyyəti ilə cəmiyyətdə sağlam mənəvi mühitin möhkəmlənməsinə çalışan, insanları nəcib məqsədlərə yönəldən, ən başlıcası isə vətəni, torpağı sevmək kimi müqəddəs bir hissi aşılamağı bacaran ziyalılardan idi.

1924-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olan Süleyman Zeynalov orta məktəbi bitirdidən sonra Ağdam Pedaqoji Texnikumunda təhsil alıb. Müəllim kimi ilk fəaliyyətinə Qiyaslı kəndində başlayıb.

Bacarığı, savadı, təşkilatçılığı ilə fərqlənən Süleyman müəllim pedaqoji fəaliyyəti ilə yanaşı biliklərini artırmaq, ali təhsil almaq haqqında da düşünüb. Elə bu məqsədlə də 1947-ci ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna üz tutub. Qəbul imtahanlarını müvəffəqiyyətlə verərək bu təhsil ocağının tarix fakültəsinə qəbul olunub.

Gənc yaşlarından mütəmadi olaraq dövri mətbuatda çıxış edən Süleyman Zeynalov öz imzası ilə də diqqət çəkib. Toxunduğu mövzular, qaldırdığı problemlər gənc müəllimin gələcək karyerasında mühüm rol oynayıb. Belə ki, rayonda kadr təyinatları zamanı Süleyman Zeynalovun ictimai fəallığı, istənilən bir hadisəyə özünəməxsus məntiqli yanaşma tərzi nəzərə alınıb. Bunun nəticəsi olaraq Süleyman müəllimə Ağdam rayonunda “Lenin yolu” qzetinin baş redaktoru, Ağdam rayon Partiya Komitəsinin ikinci katibi, Ağdam rayon İcraiyyə Komitəsinin sədri kimi vəzifələr həvalə edilib.

Harada işləməsindən asılı olmayaraq Süleyman müəllim həmin sahədə ən yüksək göstəricilərə nail olub. Çünki o, nöqsanlara göz yummayıb, tənqid etməkdən çəkinməyib və haqq-ədaləti əldən verməyib.

Tələbkar olduğu qədər də mülayim, mərhəmətli, həssas olan Süleyman müəllim ona pənah gətirən insanları heç vaxt naümid geri qaytarmayıb, əlindən ğələn köməyi əsirgəməyib. O, insanlara həmişə düz yol göstərib, düzgün yönə istiqamətləndirib. Elə buna görə də xeyir-şər məclislərində Süleyman müəllimi el ağsaqqalı kimi qarşılayıblar, ona böyük ehtiram və hörmət göstəriblər.

Yaşadığı bir ömürdə Süleyman müəllim təvazökarlığı, sadəliyi, zəhmətsevərliyi ilə insanlara nümunə, örnək olub. Milli dəyərlərə, adət-ənənələrimizə xüsusi önəm verən Süleyman Zeynalov təkcə ailədə, qohum-əqrəba arasında deyil, bütövlükdə rayonda milli ruhlu kamil bir insan kimi böyük nüfuza sahib olub.

Süleyman Zeynalovun 16 illik fəaliyyəti Ağdamın məşhur 1 nömrəli orta məktəbi ilə bağlıdır. Bu təhsil ocağının inkişafında, ən yüksək göstəricilərə nail olmasında, respublikanın orta təhsil ocaqları arasında birincilər sırasına çıxmasında Süleyman müəllimin əvəzsiz xidmətləri olub. Bir ziyalı kimi Süleyman müəllim bütün varlığı ilə bu məktəbə bağlanıb. Bəzən elə hallar olub ki, Bakıdan, Moskvadan gələn jurnalistlər öz yazılarında bu məktəbi “1 nömrəli” kimi yox, “Süleyman Zeynalovun məktəbi” kimi qeyd ediblər.

1 nömrəli məktəbin direktoru olduğu dövrdə Süleyman müəllim gərgin iş rejimində çalışmasına baxmayaraq elmi yaradıcılığına da vaxt ayırıb. Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında qiyabi şöbədə təhsil alan Süleyman Zeynalov 1966-cı ildə namizədlik işini müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi adına layiq görülüb.

Süleyman Zeynalov təlim-tərbiyə problemləri, məktəbə rəhbərlik və nəzarət məsələlərinə dair 19 kitabın, 500-dən çox məqalənin müəllifidir.

Onun qüsursuz xidmətləri zaman-zaman dövlət tərəfindən lazımıca qiymətləndirilib. Süleyman Zeynalov “Qırmızı Əmək Bayrağı” ordeni, “SSRİ-nin maarif əlaçısı”, “Qabaqçıl maarif xadimi” döş nişanları, “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə”, “Əmək veteranı” medalları ilə təltif olunub, “Qabaqçıl ali məktəb işçisi” döş nişanına layiq görülüb.

1974-cü ildən Süleyman Zeynalov Xankəndi Pedaqoji institutunda tarix fakültəsinin dekanı vəzifəsində işləyib. Milli meyarlarımızın yad təsirlərə məruz qaldığı Xankəndi şəhərində Süleyman müəllim azərbaycançılıq prinsiplərinin qorunub saxlanılmasında sözün əsl mənasında böyük fədakarlıq göstərib. Bu institutdakı bütün fəaliyyəti dövründə o, erməni müəllim və tələbələrinin milli zəmindəki niyyətlərinə qarşı amansız mövqedə dayanıb. Hələ sovet rejiminin amansız olduğu bir vaxtda Süleyman müəllim erməni həmkarlarının torpaq iddiası ilə bağlı “sətiraltı eyhamlarına” böyük qətiyyətlə və cəzarətlə, özü də açıq şəkildə cavab verib.

Məhz həmin ərəfədə komsomol və partiya xətti ilə azərbaycanlı tələbələrə haqsız yerdən ləkə yaxmaq istəyəndə Süleyman müəllim əsl Azərbaycan kişisi kimi sinəsini qabağa verib.

Beləliklə, Süleyman Zeynalov Xankəndi Pedaqoji İnstitutunda təkcə üzərinə düşən rəsmi vəzifəsi deyil, həm də bir kişilik missiyasını həyata keçirib.

Məlum 1988-ci il hadisələrindən sonra Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan bölməsi Şuşaya köçürüləndə də Süleyman Zeynalov mövcud dövrün rəhbərliyini qətiyyətsizlikdə tənqid etməkdən çəkinməyib, haqlı ittihamları ilə onlardan cavab istəyib.

Süleyman müəllim həyat dolu, vətən sevgili bir insan olub. Qarabağda baş verən hadisələr onu heç vaxt rahat buraxmayıb, mənən əzib, sıxıb, ürəyinə əzab verib. Elə bəlkə də onu 1994-cü ilin sentyabrında bu həyatdan aparan xəstəliyinin üstünə gələn dərd idi.

Tanrı hər kəsə bir ömür payı bəxş edir. Onu necə yaşamaq isə insanın özündən asılıdır. O kəslər xoşbəxtdir ki, əbədiyyətə qovuşduqdan sonra həyatın keşməkeşli, ömür yollarının ucsuz-bucaqsız yollarında qoyduğu izlər özündən sonra gələn nəsillər üçün örnək olur. O kəslər xoşbəxtdir ki, kamilliyə aparan yolun bütün sınaqlarından üzü ağ çıxaraq müdriklik zirvəsini fəth edir və özündən sonra işıqlı xatirələr qoyur. Bu baxımdan Süleyman Zeynalovu da bu dünyanın xoşbəxtlərindən saymaq olar…

İlham Cəmiloğlu

Karabakh.TV

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*