Saytımıza xoş gəlmisiniz

Cəsur kəşfiyyatçı

Oxunma sayı: 248

20170619_103722

Nəsirov Ramiz Kamal oğlu 7 dekabr 1953-cü ildə  Xankəndi şəhərində anadan olub. Orta təhsilini 1960-71-ci illərdə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə alıb. 1972-ci ildə indiki Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə hərbi xidmətdə yollanan Ramiz ordudan təxris olunduqdan sonra elə bu şəhərdə yaşamağa qərar verib. 1975-ci ildə Butko Tatyana Dmitriyevna ilə ailə həyatı qurub, bir il sonra, 1976-cı ildə cütlüyün bir qız övladı dünyaya göz açib. Ancaq Nəsirovlar ailəsinin sakit və xoşbəxt illəri çox davam etməyib. Qarabağda ermənilərin azərbaycanlılara qarşı əsassız torpaq iddiaları qaldırması Ramizə rahatlıq verməyib. Vətənin ağır günlərində Ramiz Nəsirov ailəsi ilə birlikdə 1988-ci ildə Xankəndindən qovulub Xocalıda məskunlaşmış qohumlarının yanına qayıdıb. Qısa müddətdən sonra Ramizin qayınatası, Böyük Vətən müharibəsi iştirakçısı Butko Dmitri Nikolayeviç də yeganə övladı olan qızı Tatyananın yanında yaşamaq üçün Xocalıya köçüb.

Qarabağda vəziyyətin son dərəcə gərgin olmasından rahatlıq tapmayan Ramiz özünümüdafiə batalyonunun tərkibində fəal şəkildə Xocalının müdafiəsinə qoşulub.

Ramiz Nəsirov Azərbaycannn Milli Qəhrəmanı Tofiq Hüseynovun komandiri olduğu Xocalı özünümüdafiə taborunda bölük komandiri kimi dəfələrlə kəşfiyyat və operativ əməliyyatlara rəhbərlik edib.

20170616_165848

Xocalı şəhəri ətrafındakı Bozdağ istiqamətində mövqe tutan erməni terrorçuları Xocalını daim atəş altında saxlayanda Xocalının müdafiə məsələlərinə rəhbərlik edən Elman Məmmədovun tapşırığı və planı əsasında 1991-ci il noyabrın16-da 8-9 nəfərdən ibarət Xocalıdakı polis bölməsi əməkdaşları və tabor döyüşçüləri ilə birgə Ramiz Nəsirov Bozdağ ərazisində olan 16-17 nəfər erməni terrorçusunu məhv edib. Bu əməliyyatda Ramiz döyüş yoldaşı Yadigar Əliyevlə birgə ağır yaralanmış komandirini bütün təhlükələrə baxmayaraq döyüş meydanından çıxarmağa nail olub.

4 yanvar 1992-ci ildə Ramiz Nəsirovun başçılıq etdiyi 5 nəfərlik dəstə Kətik istiqamətində ermənilərin terror dəstəsini zərərsizləşdirib, 1 nəfər erməni terrorçusunu əsir götürüblər.

Ramiz Nəsirovun başçılıq etdiyi 5 nəfər döyüşçü 19 yanvar 1992-ci ildə Kətik dağında Xocalıya hücum planı hazırlayan erməni kəşfiyyat qrupunun 4 nəfərini məhv edərək onların əlində olan Xocalıya hücum planını özündə əks etdirən döyüş xəritəsini ələ keçiriblər.

Erməni terrorçuları Xocalı yaxınlığındakı üzümlükdə mövqe tutaraq dinc əhalini daim iriçaplı pulemyotlardan atəşə tuturdular. Gecə vaxtı Ramiz Nəsirov ermənilərin həmin mövqeyinə yaxınlaşıb atəş açaraq onları cavab atəşi açmağa məcbur edib. Bununla da ermənilərin tutduqları mövqenin yeri dəqiqləşib və Ramizin tapşırığı ilə digər mövqedə dayanmış döyüş yoldaşı Rəhman İsmayılov qranatomyotla həmin mövqeni məhv edib.

Xocalının müdafiəsini yaran ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyətə qarşı misli görünməmiş vəhşiliklər törətdilər. Bu faciədə Ramizin rus milliyətindən olan qaynatası Dmitri Butko və həyat yoldaşı Tatyana Butko həlak olublar. Bu, onu göstərir ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində ermənilər təkcə azərbaycanlılara qarşı yox, həm də ruslara qarşı vəhşiliklər törədiblər.

Xocalının işğalından sonra Ramiz Nəsirov Xocalı taborunun tərkibində baş leytenant rütbəsi ilə 1992-94-cü illərdə vuruşub, 1994-cü ildən isə ehtiyata buraxılıb.

İgidliyi, döyüş sücaətləri nəzərə alınaraq 25 fevral 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə  Ramiz Nəsirov “İgidliyə görə” medalı ilə təltif olunub.

Ramiz Nəsirovun döyüş yolu gənc nəsillər üçün nümunə və örnəkdir.

Nəcəf  Əyyuboğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*