Saytımıza xoş gəlmisiniz

Cəsur ürəkli insan…

Oxunma sayı: 219

50754197_295227257802396_5992844241217257472_n

Qəhrəmanlıq   nümunələrini,  qəhrəman  insanları   həmişə  dastanlarda, bədii  əsərlərdə,  kinolarda  görməyə  adət  etmişdik.  Tariximizin  müxtəlif  dövrlərində    xalqımızın  içərisindən  çıxmış  bu  qəhrəmanların  adı  ilə   qürur  duymuş,  öyünmüşük.  Sonradan   bu   qəhrəman  insanların  elə  bizimlə  bir  dövrdə,  bizimlə   çiyin-çiyinə  yaşadığının   şahidi  olduq.  Bizim  müasirimiz  olan  bu   qəhrəmanların  halallığı, düzgünlüyü  özünün  həyat   fəlsəfəsinə  çevirməklə  ömür  sürməsi   isə  onları  cəmiyyətimizdə  ideallaşdırır.  Müasir  cəmiyyətimizdə  nadir  hallarda  rastlaşdığımız   belə  qəhrəmanlardan  biri  də  tibb  xidməti  kapitanı  Məmməd   Nağıyevdir.

Məmməd   Ağalar  oğlu  Nağıyev   01  yanvar   1953-cü   ildə  Qarabağın   dilbər   guşələrindən  olan,  qədim   tarixə,  mədəniyyətə  malik,  yadellilərin,  xüsusən  mənfur  ermənilərin  hücumları  nəticəsində   tarixin  ağrı- acılarına  dözüb   tab  gətirmiş,  26   fevral   1992-ci  ildə  sinəsində  dərin  qanlı  şırım  açılan   Xocalıda  anadan   olmuşdur.  O,  1960-70-ci  illərdə  doğma  Xocalıda  orta  məktəbdə  təhsil  almışdır.  Bundan  sonra  tale  onun   yolunu  Bakıya  salmış,  1971-1977-ci  illərdə  N.Nərimanov  adına  Azərbaycan  Tibb  İnstitutunun   müalicə-profilaktika  fakültəsində  təhsil  almışdır.  Bir  illik  internaturadan  keçən  gənc  həkim  01  avqust  1978-ci   il  tarixdən  təyinatla  Xankəndi  şəhərinə  göndərilmişdir.

Nankor  ermənilər  ortaya  atdıqları  əsassız  torpaq  iddialarını 1988-ci  ilin  fevralından  başlayaraq  açıq  müstəviyə  keçirməklə   Xankəndində  də  azərbaycanlılara  qarşı  təzyiqlər, separtçılıq  hərəkətləri  edirdilər. Bir  il  ərzində  Xankəndində  təhlükəli  şəraitdə  işləyən  Məmməd  həkim  Qarabağı  tərk  etməmiş,  01  yanvar  1989-cu  ildən  ermənilər  yaşayan  Ballıca, Xanəzək  kəndlərinin  əhatəsində  olan  Cəmilli  kənd  ambulatoriyasının  baş  həkimi  vəzifəsində  işləmişdir.

Xankəndi  yolu  üzlərinə  bağlanan  Cəmilli  kəndinin  əhalisi  yalnız  Şuşaya  get-gəl  edirdi. Bu  yol  da  çox  təhlükəli  idi. Silahlı  erməni  terrorçuları  Şuşa-Cəmilli  yolunda  tez-tez  pusqu  quraraq  azərbaycanlıları  güllə-baran  edirdilər.  Dinc  əhalinin  asayişini   təmin  etmək  üçün  Cəmilli  kəndinə  ezam  olunmuş  Sovet  İttifaqının  və  Fransa  Respublikasının  Qəhrəmanı  Əhmədiyyə  Cəbrayılovun  oğlu   Mikayıl  Cəbrayılovun  rəhbərlik  etdiyi  milis  dəstəsi  15  dekabr  1990-cı  ildə  bu  yolda  ermənilərin  atəşinə   məruz  qalmışdır.  Bu  döyüşdə  Mikayıl   Cəbrayılov  qəhrəmancasına  həlak  olmuş  və  sonradan  Azərbaycanın  Milli  Qəhrəmanı  adına  layiq  görülmüşdür.

23  avqust  1991-ci  ildə   Məmməd  həkim də  Şuşadan  Cəmilliyə  gedərkən  onun  maşını  ermənilər  tərəfindən  atəşə  tutulmuş, maşında  olan  iyirmi  bir  nəfərdən  üçü  şəhid  olmuş, on  beş  nəfəri  isə  yaralanmışdır. Məmməd  həkim  yerindəcə  həmin  yaralılara  ilk  tibbi  yardım  göstərmiş,  onları  sürücüsü  Məhəmmədlə  birlikdə  Şuşa  xəstəxanasına   çatdırmışdır. O, Cəmillidə  işlədiyi  dövrdə  ermənilərin  kəndə  hücumlarının  qarşısını  alarkən  yaralanan  onlarla  insana  tibbi  yardım  göstərərək  onları  ölümün  pəncəsindən  xilas  etmişdir.  Həkim  çətinliklə  olsa  da  arabir   Cəmillidən  Xocalıya  gələr, burada  da  həm  xəstələrə  baş  çəkər, həm  də  ermənilərin  hücumları  nəticəsində  yaralanan  insanlara  tibbi  yardım  göstərərdi. Ümumiyyətlə,  hər  an  ölümlə  üz-üzə  dayanan  Məmməd  həkim  həmişə  öz  şücaəti,  cəsarəti  ilə  fərqlənmişdir.

Moskvanın  Dağlıq  Qarabağda  Arkadiy  Volskinin  rəhbərliyi  ilə  yaratdığı  Xüsusi İdarəetmə   Komitəsinin  komendant  saatı   tətbiq  etdiyi  dövrlərdə-13  fevral  1990-cı  il tarixdə  gecə  saat  on  iki  radələrində  Xocalının  fin  evləri   deyilən  ərazisindən  xəstə  uşağa  tibbi  yardım  göstərib  qayıdan  Məmməd  həkimin  maşını  rus  komendantı  tərəfindən  saxlanılaraq   yoxlanılmışdır.  O, həkim  olduğunu  və  xəstəyə  tibbi  yardım  göstərməkdən  gəldiyini  bildirdikdə  komendant  onunla  birlikdə  xəstə  uşaq  olan  evə  gəlmiş,  evdə  həqiqətən  də  xəstə  olduğunu  öz  gözləri   ilə  görmüşdür.  Məmməd  həkimlə  birlikdə  qayıdan  komendant  xəstəyə  baxdığı  üçün  ona  evə  getməyə  icazə  verir  və  deyir  ki, bir  də  komendant  saatında  xəstələrə  baş  çəkmə.  Əlləri  1990-cı  ilin  20  yanvarında  millətimizin  qanına  bulaşmış  qəddar  rus  zabitinin   bu  hədəsi   faciəni  fikrindən  bir an  belə  çıxarmayan  cəsur  həkimin  aşağıdakı  kəskin  cavabı  ilə  qarşılandı: “ Yox,  cənab  komendant!  Sabah  da,  o  birisi  gün  də,  sizin  komendant   saatının   vaxtında  da   məni  xəstəyə   baxmağa  çağırsalar   mən  yenə  də  gedəcəm,  xəstəyə  də   baxacam,  ona  görə  ki,  mənim  canım   siz  rus  və  erməni  hərbçilərinin  Bakıda   qətlə  yetirdiyi   yüzlərlə  oğul-qızlarımızdan,  o  cümlədən  orada  qətlə  yetirilən  həkimlərdən  artıq  deyil.”  Cəsur  həkimin  bu  sözünə  görə  onu  üç  gün  Əskəranda   həbsxana  cəzasına  məhkum  etdilər.  Ancaq  bu,  öz  əqidəsindən  dönməyən  həkimin   mübarizə  əzmini  qıra  bilmədi.

Azərbaycanlılar   olan  yaşayış  məntəqələrində,  xüsusən  tam  mühasirədə  olan  Xocalıda  vəziyyət  çox  kritik   hal  almışdı.  Belə  bir  şəraitdə  Məmməd  həkim    Cəmilli  kəndində   işləməklə  bərabər  15   noyabr  1991-ci  ildən  etibarən  dörd  tərəfdən  ermənilərin  mühasirəsində  olan  doğma   Xocalıda   yaradılan   özünümüdafiə  batalyonunda   könüllü  olaraq   tibb  xidməti  rəisi  kimi   fəaliyyətə  başladı.  O,  həmin   günlərdə   batalyonda  tibb  xidmətinin  təşkil  olunmasını  təkbaşına  həyata  keçirirdi.  Avtomaşın  yanacağının,  tibb  işçilərinin,  dərman, sarğı  materiallarının  çatışmazlığı  həkimin  işini  çox  çətinləşdirirdi. Məmməd  həkim  bəzən  sarğı  materialı  kimi  evlərdə  olan  adi  parçalardan  istifadə  edirdi.  1991-ci  ilin  15  dekabr  səhəri    Cəmilli  kəndi  erməni  terrorçuları  tərəfindən  işğal  olunur.  Səhər   tezdən  Cəmillidə  yandırılan  evlərin  tüstüsünü  görən  Məmməd  həkim  heç  cür  rahatlıq  tapmır.  Onun  təkidi  ilə  Xocalı  rayon  İcra  Hakimiyyətinin  Başçısı   Elman  Məmmədov  tərəfindən  gətirdilən  vertolyotla  Məmməd  həkim  Kosalar  kəndinə   gəlir,  Cəmilli  kəndindən  bura   gətirilmiş  yaralılara  ilk  tibbi  yardım  göstərərək  onları   Şuşa  xəstəxanasına  göndərir.

Mühasirə   halqası   getdikcə   daralan   Xocalını   Ağdamla  əlaqələndirən   avtomobil  yolu  1991-ci  ilin  noyabrından  tam  bağlanır.  Xocalıya  son   dəfə  18   yanvar  1992-ci  ildə  bir  mülki  vertolyot,  13  fevral  1992-ci  ildə  isə   bir  hərbi   vertolyot   uçmuşdur.  Çox  az  sayda  silahla  müdafiə  olunan   Xocalı   əhaisi  1992-ci  il   fevralın  25-dən  26-a  keçən   gecə  təpədən-dırnağa  qədər  silahlanmış  ermənilər  tərəfindən   soyqırıma  məruz   qaldılar.  Qeyri-bərabər  döyüşdə  şəhid  olanların  və   yaralıların  sayı-hesabı  yox  idi. Belə  bir  dəhşətli  anda  da  Məmməd  həkimin  cəsurluğu  neçə-neçə  yaralını  ölümün  pəncəsindən  qurtardı.    Məmməd   həkim  o   anları  belə  xatırlayır:

Xocalıdan  çıxan  əhali  Ağdama  tərəf  üz  tutmuşdu.  1992-ci  il  fevral  ayının  25-dən  26-a   keçən  gecə  təxminən  saat   dörd  radələrində   içərisində  yaralıların  da  oduğu  qoca, qadın  və  uşaqlardan   ibarət  yüz  əlli  nəfərlik  dəstəni  qar-qar   çayından  keçirib  meşəlik  əraziyə  çatdırdıq.  Çox  dəhşətli  günlər  idi,  şaxta  qılınc  kimi   kəsirdi.  İnsanların  əl-ayağı  donmuş,  taqətdən  düşmüşdülər.  Erməni  cəlladları  isə  hər  yerdə   pusqu  qurub  qocaya,  qadına, uşağa,  hamilə   qadınlara  fərq   qoymadan  hamıya  atəş  açırdılar.   Çox   əzab-əziyyətdən  sonra  fevralın  27-də  Dəhraz  kəndi  yaxınlığında  ermənilərlə   qarşılaşdıq,  atışma   başladı.  Dəstəmizdəki  insanların  bir  hissəsi  şəhid  olmuş,  bir  hissəsi  isə  yaralanmışdı.    Döyüşə-döyüşə  əhalini  yaxınlıqdakı  dərə  istiqamətinə  aparıb  əks  tərəfdəki    meşəyə  keçirməyə  başladıq. Bizim   sursatımız  tükəndiyindən  get-gedə  cavab  atəşimiz    səngiyirdi.  Meşəyə  çatan  insanlar  az  da  olsa  təhlükədən  uzaqlaşıb  Ağdama   tərəf  irəliləyirdilər.  Mənim  də  o  insanlara  qoşulmaq  imkanım  var  idi.  Lakin  hələ  arxada  təhlükəsiz  əraziyə  keçə  bilməyən  xeyli  insan  qalmışdı.  Həmin  vaxt  fikirləşdim  ki,  yaralanmış, əl-ayağı  donmuş  neçə-neçə  qoca,  qadın  və  uşağı  bu  vəziyyətdə  qoyub  getməyə  mənim  mənəvi  haqqım   yoxdur.  Bu  vaxt   məndən  qabaqda  anası  ilə  gedən  on   yaşlı  uşaq  da  yaralandı.  Mən  onu  köməksiz  vəziyyətdə  qoyub  gedə  bilməzdim. Uşağa  tərəf  sürünüb  ona   tibbi  yardım  göstərmək  istəyəndə  ermənilərin  atdığı  güllə  başımdakı  papağın  dimdiyini  deşib  keçdi. Buna  baxmayaraq   bir  az  gözləyib  yenidən  uşağa  tərəf  sürünüb  onun  yarasını  sarıdım.  Həmin  yaralı  uşağı  da  götürüb   camaatın  yanına  qayıtdım. Burada  erməni  cəlladları   bizi  əsir   götürdülər.  Bizi  xeyir-şər  məclisləri   üçün  nəzərdə  tutulmuş  böyük  bir  otağa  yığıb,  üstümüzdə  olan  pul  və  qızılları  qarət  etməyə  başladılar. Hətta  qızıl  dişi  olanların  dişlərini  adi  kəlbətinlə  çıxarıb  min  bir  işgəncə  verirdilər.  Azğınlaşmış  ermənilər əsir  yoldaşlarımızdan  on  üç  nəfər   cavan  oğlanı  seçib  güllələdilər,  Mesxeti  türkü  olan   Əhmədin  başını  kəsib  futbol  topu  kimi  oynatmağa   başladılar.

Əsirlikdə  olarkən  Məmməd   həkim  iyirmi  səkkiz   nəfər  ağır  yaralının  qanaxmasını  dayandırmış,  hətta  Rövşənin  yarasından  qanaxma   dayanmadığından  adi  iynə-sapla  tikiş  qoyaraq   onu  ölümün  pəncəsindən  qurtarmışdır.  Quduzlaşmış   ermənilər  avtomatın  qundağı  ilə  həkimi  döyüb  yerə  yıxmış,  bıçaq   çıxararaq  onun  sinəsinə  çökmüş,  Xocalıdakı  pulemyotun  kimdə  olduğunu  öyrənmək  istəmiş,  ancaq  buna  nail  olmamışlar.  Cəsur  ürəkli  Məmməd  həkim  ermənilərin  ona  verdiyi  işgəncələrə  dəyanətlə  sinə  gərmişdir.

Allah-təalanın   hifz  elədiyi  cəsarətli  həkim  əsirlikdən  azad   olunandan   sonra   da  cəbhə  xəttində  öz  xidmətini  davam  etdirmişdir.  1992-ci  ilin  may  ayında  Xocalı   taborunun  yenidən  təşkil  olunmasına   kömək  edən  həkim  həmin  taborun  tərkibində  25  dekabr  1995-ci  ilə  qədər  cəbhənin  Ağdam   bölgəsində  öz  xidməti  borcunu  ləyaqətlə  yerinə  yetirmiş,  bundan  sonra  isə  Xocalı  Rayon  Mərkəzi  xəstəxanasına  rəhbərlik  etmişdir.   Məmməd   həkim  tabordakı  zabit   və  əsgərlərin   təkidlərinə   baxmayaraq    hər  zaman  onlarla  birgə  cəbhənin  ön  xəttində   olmuşdur.  O,  Qara  qaya,  Şelli,  Naxçıvanlı,  Pircamal, Aranzəmin,  Abdal,  Gülablı,  Bağbanlar,  Fərrux,  Papravənd  və  Şahbulaq   uğrunda  gedən   döyüşlərdə  yüzlərlə  yaralıya  yerindəcə  ilkin  tibbi  yardım  göstərmişdir.  Həkimi  dəfələrlə   qospitalda  işləməyə  dəvət  etsələr  də  o,  Xocalı   taborunda  ön  mövqelərdə  olmağı  üstün  tutmuşdur.

Məmməd   həkimin   bu  misilsiz  xidmətləri, fədakarlığı   dövlətimiz,  hökumətimiz  tərəfindən  qiymətləndirilmişdir.  O, Azərbaycan  Respublikası  Prezidentinin  30   mart  1992-ci  il  tarixli  fərmanı  ilə  “Azərbaycan  Respublikasının   əməkdar  həkimi”  fəxri  adı  ilə,  20    iyun  1994-cü il  tarixli   fərmanı  ilə  “Azərbaycan  Bayrağı”  ordeni  ilə  təltif  olunmuşdur. Eynilə  cəsur  həkim  “Əlif  Hacıyev”  adına  mükafata  da  layiq   görülmüşdür.

Xocalı   soyqırımının    bütün  dəhşətlərinə  canlı  şahidlik  edən, öz  doğma  torpağına, xalqına  ürəkdən  bağlı  olan,  doğma  torpaqlarımız  uğrunda  canından  belə  keçməyə  hər  an  hazır  olan,  xalqımızın   o  ağır  günlərində,  istər   əsirlikdə,  istərsə  də  Milli  Ordudakı  xidmət  dövründə  tibbi   xidmətin  təşkili  və   göstərilməsində   xüsusi  xidmətlər  göstərən,  yüzlərlə  yaralıya  yerindəcə  tibbi   yardım  edib  onları   ölümün  pəncəsindən  xilas  edən  Məmməd   həkim  Azərbaycanın   ərazi  bütövlüyünün   təmin  olunması  istiqamətindəki mübarizəmizin haqq işi olduğu üçün tezliklə qələbə çalacağımıza  tam əmindir.

Əsrlər, qərinələr keçəcək, Məmməd həkimin bir ömrə  sığmayan  şücaəti, cəsurluğu,  Vətən, torpaq sevgisi dillər əzbərinə çevriləcək, gələcək nəsillər üçün qəhrəmanlıq  nümunəsi,  örnəyi olacaqdır.

Nəcəf  Həsənov

Xocalı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

Karabakh.tv üçün 

50975198_517264965433644_7981788890996408320_n

49397725_300926867436478_530491382326886400_n

50762665_229716314637628_8850939196232171520_n

50650235_243239943238125_8009305427906920448_n

51155486_602880240157561_7188095843981852672_n

51308418_465669967297746_4503599880773566464_n

50748135_207677230096530_7714996706663727104_n

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*