Saytımıza xoş gəlmisiniz

Ceyhun Ələkbərov: “İşğalın başa çatması haqda qərar yeni parlamentin tribunasından səslənə bilər”

Oxunma sayı: 248

705e5e21bb6dc232b45bca2cf9a7a6fb

“Soyqırım həqiqətlərinin tanıdılması” İctimai Birliyinin sədri, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, Efiopiya Federal Demokratik Respublikasının Azərbaycandakı fəxri konsulu Ceyhun Ələkbərovla müsahibəni təqdim edirik:

– Ceyhun bəy, Prezident İlham Əliyevin 2019-cu ilin əvvəlindən başlatdığı sürətli islahat prosesi Azərbaycanda yeni parlamentin formalaşdırılması mərhələsinə qədəm qoyub. Qarabağın Azərbaycanlı İcmasının bu prosesdən gözləntisi nədir?

– Ən böyük gözləntimiz işğalın başa çatması haqda xəbərin yeni parlamentin tribunasından səslənməsidir. Əslində cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin, başlatdığı sürətli islahat prosesinin həm birbaşa, həm də dolayı yolla əsas hədəfi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, ölkəmizin güclü, regionda söz sahibi olan dövlətə çevrilməsidir. Biz bu prosesdə dövlət başçısının üzərimizə qoyduğu vəzifələri ən mükəmməl şəkildə icra etməyə hazırıq. Hamımız yaxın aylarda hökumət komandasının yenilənməsinin, önəmli vəzifələrin gənc, yüksək ixtisaslı kadrlara verilməsinin şahidi olduq. Ciddi struktur dəyişiklikləri ilə hökumət daha kompakt, eyni zamanda daha işlək duruma gətirildi. Əminliklə demək olar ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra ən sürətli inkişaf mərhələsinə qədəm qoyub. Hər bir Azərbaycan vətəndaşı kimi ümid edirik ki, biz bu dəyişikliklərin müsbət nəticələrini ən qasa zamanda görəcəyik.

– Seçki prosesinə qatılmağı düşünürsünüzmü?

– Prezident İlham Əliyev gerçəkdən də çox ağır və genişmiqyaslı bir iş başladıb. Sözsüz ki, dövlətçilik prinsiplərinə sədaqətimiz bizə bu sürəcdə öz qabiliyyət və bacarığımızı ortaya qoymaq, dövlətimizə maksimum dəstək verməyi tələb edir. Qarabağla bağlı həm ölkədə, həm də xaricdə gedən prosesin fəal iştirakçısıyam. Düşünürəm ki, parlamentdə təmsilçiliyim dövlətimizin Qarabağ siyasətinin həyata keçirilməsinə daha aktiv qoşulma fürsəti yaradar. Yəqin ki, yaxın günlərdə son qərarımızı elan edəcəyik.

– Ceyhun bəy, son bir neçə ayda özəlliklə Rusiyanın təşəbbüsləri ilə Azərbaycan və Ermənistan arasında uzun illər mövcud olmayan təmaslar bərpa edilib. Jurnalistlərin qarşılıqlı səfərləri baş tutub, bundan başqa, Ermənistan hökumət nümayəndə heyəti Bakıda beynəlxalq torlantıya qatılıb. Siz yaxınlaşma siyasətini necə dəyərləndirirsiniz?

– Hər şeydən öncə onu deyim ki, bizim dövlətimizə, dövlət başçımıza etmadımız, etibarımız tamdır. Əminik ki, təşəbbüslər haradan gəlsə də, son qərar Prezident İlham Əliyevin olacaq. O, Azərbaycan dövlətinə rəhbərlik etdiyi dönəmdə isə Qarabağla bağlı düşmən tərəflə istənilən danışıq, yaxınlaşma xalqımızın milli maraqlarından, Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipindən kənarda ola bilməz. Mən Xocalıda doğulmuşam. İnsanlıq acısı olan o faciənin canlı şahidiyəm. Sözsüz ki, harada doğulmasından asılı olmayaraq, mənim və mənim kimi erməni vəhşiliyinin qurbanı olan azərbaycanlılar üçün ermənilərlə təmas yaratmaq asan deyil. Bununla belə, biz dərk edirik ki, torpaqlarımız işğaldan azad olunandan sonra bizim ermənilərlə münaqişəyə qədərki dövrdə olduğu kimi, yanaşı yaşamaq məcburiyyətimiz yarana bilər. Biz bu torpaqlarda əbədi savaş apara bilmərik. Bütün hallarda xalqların birgəyaşayış qaydalarını tapmaq lazımdır. Bunun üçün birinci və dəyişilməz şərt heç şübhəsiz ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini işğaldan azad etməsidir. Biz savaş başlatmamışıq, ermənilər tarixboyu türklərlə düşmənçilik siyasəti yürüdüblər. Bu gün özlərini qalib elan etmələri də çox məntiqsizdir. Azərbaycan və Türkiyənin timsalında iki güclənən türk dövlətinin əhatəsində heç bir iqtisadi potensialı olmayan, kənar güclərdən asılı Ermənistanı heç bir uğurlu gələcək gözləmir. Ermənilər çox gözəl bilirlər ki, Azərbaycan bu gün aktiv hərbi əməliyyatlar aparmasa belə, ölkəmizin iqtisadi gücünün artması Qarabağı onların əlindən alacaq. Ermənilərin bu mənada Azərbaycanı görməsində fayda olduğunu düşünürəm. Biz düşmənə öz qüdrətimizi göstərmək üçün bütün vasitələrdən yararlanmalıyıq. Əminəm ki, Ermənistan nümayəndə heyətinin üzvləri Azərbaycandan “çox xoş” təəssüratla dönüblər, qalib gəldiklərini sandıqları ölkənin necə sürətli bir inkişaf yolu keçdiyini, “qalib” Ermənistanın Azərbaycanın əldə etdiyi iqtisadi yüksəlişə bundan sonra 50 il çalışsa belə, çata bilməyəcəyini digər hökumət üzvlərinə də çatdırıblar.

– Siz bir müddət öncə ABŞ-da, Avropada səfərlərdə olmusunuz. Beynəlxalq səviyyəli danışıqlarda Qarabağın Azərbaycanlı İcması olaraq, azad edilmiş Qarabağda iki xalqın necə birgə yaşayış modelini təklif edirsiniz?

– Azərbaycan dövlətinin mövqeyi bəllidir – biz münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarla çözümünü prioritet sayırıq. Bununla belə, nəticə əldə olunmasa, hərb yolunu da istisna etmirik. Bu, Azərbaycanın birmənalı mövqeyidir və cənab Prezident dəfələrlə bu haqda dövlətin mövqeyini dünyaya bəyan edib. Azərbaycan sivil, inkişaf etməkdə olan dövlətdir. Biz sosial dövlət modelində cəmiyyət yaratmışıq. Proses sürətlə davam edir, Azərbaycan sosial-iqtisadi inkişaf layihələrinin tempinə görə bir çox ölkələri, xüsusən Ermənistanı geridə qoyur. Biz beynəlxalq səviyyəli görüşlərdə açıq şəkildə bəyan edirik ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının idarəçiliyini qəbul edəcəklərsə, ölkəmizdə bərabərhüquqlu vətəndaş kimi yaşaya bilərlər. Bizim ən böyük səyimiz, bütünlüklə prosesi və iki xalq arasında münasibətləri münaqişədən öncəki dönəmə qaytarmaqdır. Bunun tək yolu Azərbaycanın güclü dövlətə çevrilməsidir.

Murad Sultanlı

https://musavat.com/

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*