Saytımıza xoş gəlmisiniz

Cümhuriyyət qurucuları – Azərbaycan Cümhuriyyəti – 100

Oxunma sayı: 199

xosrov-bey-sultanov1498417403-1

QARABAĞIN GENERAL-QUBERNATORU XOSROV BƏY SULTANOV

Xosrov bəy Sultanov (1879-1943) 1879-cu ilin may ayında Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin, Qasımuşağı obasının Qurddağı kəndində (indiki Laçın rayonu) anadan olub.

O, Odessada (Novorossiysk) Universitetinin tibb fakultəsində təhsil alıb. Bir müddət “Müsavat”, sonradan isə “İttihad” partiyasının üzvü olub.

1918-ci ilin mayın 27-də Azərbaycan Milli Şurasının üzvü seçilib. Həmin ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi bəyannaməsinə imza edənlərdən biri də X.Sultanov olub. Mayın 28-də Baş Nazir Fətəli Xan Xoyskinin formalaşdırdığı ilk hökumət kabinəsində X.Sultanov Hərbi nazir vəzifəsinə təyin edilib. O, bundan əvvəl Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Parlamentinin üzvü idi. Azərbaycan hökumətinin formalaşdırdığı ikinci və üçüncü kabinələrdə o, Əmək naziri vəzifəsinin yerinə yetirib. Azərbaycanın ilk Hərbi naziri vəzifəsini qısa müddətə icra etdikdən sonra X.Sultanov F.Xoyskinin başçılığı altında formalaşan Azərbaycanın ikinci və üçüncü hökumətində Torpaq naziri təyin edilmişdir. Bu da sübut edir ki, Azərbaycan Cümhuriyyəti üçün ən problemli və ağrılı sahələrə başçılıq etmək X.Sultanova tapşırılıb. Çünki o dövrdə torpaq, xüsusən aqrar məsələnin həlli Cümhuriyyət hökumətinin qarşısında duran başlıca vəzifələrdən idi. Bəylərə, mülkədarlara məxsus torpaq sahələrindən istifadə olunmasına parlamentdə toxunulsa da, bu, sonraya saxlanılmışdı.

X.Sultanov 1919-cu ilin yanvarın 15-də Bakıdakı ingilis qoşunlarının komandanı general Tomson tərəfindən Qarabağın general-qubernatoru təyin edilib. Qeyd edək ki, Qarabağ general-qubernatorluğu 1919-cu ilin yanvarın 15-də Gəncə quberniyasından ayrılaraq təşkil edilmişdi. Həmin dövrdə, 1919-cu ildə keçirilən Novruz bayramında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəranı zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən may ayının 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa düşməndən geri alınmışdı.

X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda isə (1919-cu ilin iyununda) Şuşaya gizli yolla silah aparan erməni milli Şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılmışdı.

Belə məlumatlarda var ki, X.Sultanov tələbəlik illərində bir rusla duelə çıxaraq sol gözündən zədə alsa da, atəş açaraq həmin gənci məğlub etmişdir. Bu fakt isə X.Sultanovun hələ gənclik illərindən qorxmaz, cəsarətli bir insan olduğunu sübut edir.

X.Sultanov 1920-ci ilin 27 aprelində Azərbaycan  Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra Türkiyəyə getmiş, çətin mühacirət həyatı yaşamışdır. O, Azərbaycanın azadlığı mübarizəsini Türkiyədən başqa İranda, Fransada, Almaniyada davam etdirmişdir. 1936-cı ildə Türkiyəyə qayıtmış və Trabzonda, İstanbulda  yaşamışdır.

1942-ci ildə  X.Sultanov Berlində “Adlon” otelində keçirilən konfransda iştirak edib. 1942-1943-cü illərdə Berlindəki Azərbaycan Milli Komitəsinin üzvü olub.

Sonradan İstanbula köçmüş, orada 1943-cü ildə, yanvar ayının 7-də dünyasını dəyişmişdir. Məzarı İstanbulun “Fəriköy” qəbirstanlığındadır.

Xosrov bəy Sultanovun fəaliyyətinin ən məsuliyyətli dövrü 1918-1920-ci illərə aiddir. 1918-ci ildə onun Zaqafqaziya Seymindəki fəaliyyətindən sonra daha məsuliyyətli bir dövr başlayır. X.Sultanov yaxın ideya və məslək dostları ilə birgə Azərbaycanın müstəqilliyi mücadiləsinin əsas şəxsiyyətlərindən birinə çevrilir. M.Ə.Rəsulzadənin hazırlayıb Batumdan göndərdiyi İstiqlal bəyannaməsini imzalayan iyirmi altı nəfərdən biri də X.Sultanov olur. X.Sultanov 1918-ci ilin mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının da üzvü seçilmişdi. Azərbaycan İstiqlalını Mayın 28-də rəsmi olaraq elan edən qurum X.Sultanovun da üzv seçildiyi Azərbaycan Milli Şurası idi.

Azərbaycan İstiqlalı elan edilən gündə  mayın 28-də Fətəli Xan Xoyskinin başçılığı altında ilk hökumət kabinəsi formalaşdı. Azərbaycanın ilk Hərbi naziri vəzifəsi X.Sultanova tapşırıldı.

1918-ci ilin iyununda Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçməsi ilə bağlı ilkin hazırlıq işlərinin aparılması üçün Nəsib bəy Yusifbəyli və Rüstəm bəy Şəfibəyli ilə birlikdə X.Sultanov da Gəncəyə gəlmiş, burada mühüm işlərə köməklik göstərmişdir.

1918-ci ilin iyunun 17-də Gəncə şəhərində Azərbaycan Milli Şurasının növbəti toplantısında F.Xoyskinin başçılığı altında ikinci Hökumət kabinəsi formalaşır və  X.Sultanova bu dəfə Azərbaycanın Əkinçilik naziri vəzifəsi tapşırılır. 1919-cu ilin yanvarın 15-dən X.Sultanov Qarabağın general-qubernatoru təyin edilir.

1919-cu ilin 29 yanvarında Azərbaycan hökumətinin keçirdiyi iclasda “Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında DİN-nin məruzəsi dinlənildi və aşağıdakı qərarlar qəbul edildi:

1. Xosrov bəy Sultanov general-qubernator təyin edilsin;

2. Nazirliyin iyirmi milyonluq fondundan general-qubernatorluğun ehtiyacları üçün beş milyon manat ayrılsın…”

Arxivlərdə X.Sultanovun Qarabağda apardığı əməliyyatlarla bağlı əhəmiyyətli məlumatlar vardır. Bu məlumatlar X.Sultanovun böyük təhlükə və çətinliklər içərisində olsa da, öz vəzifəsini icra etdiyini göstərir.

X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən xalqa müraciət ünvanladı. Həmin müraciətdə o, başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdi.

1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciəti (11 fevral 1919-cu il)”.

Müraciətdə yazılırdı: “Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi – 4 qəza – artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.

Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır”.

X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. Onun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdi. Bu müşavirədə Andronikin silahlı dəstəsinin bölgədən çıxarılması qəti olaraq qərara alındı.

Qeyd edək ki, ermənilər X.Sultanovun general-qubernator təyin edilməsinə etiraz edirdilər. General-qubernatorluğun yaradılması ilə bağlı Tomsonun Ermənistan hökumətinin üzvləri ilə İrəvanda 1919-cu ilin martın 28-də və aprelin 6-da keçirilən müşavirələrində ermənilər narazılıqlarını bildirirdilər. İkinci müşavirədə ermənilərin etirazına (xüsusən Xatisyan) cavab olaraq Tomson demişdi: “Sultanov ingilis zabiti Mak Mossenə tabe olacaqdır”.

Qeyd edək ki, X.Sultanovun Qarabağın general-qubernator təyin edilməsi və ümumiyyətlə burada belə bir qurumun formalaşmasına Ermənistan hökuməti ciddi etiraz etmişdi. Ermənistanın o dövrdə xarici işlər naziri olan S.Tiqranyan 1919-cu ilin yanvarında Azərbaycan hökumətinə teleqram göndərərək, ərazi iddialarını irəli sürmüş və X.Sultanovun təyinatına etiraz etmişdi.

Ermənistan hökumətinin Azərbaycandakı diplomatik nümayəndəsi T.Bekzadyan isə Britaniya komandanlığının nümayəndələri ilə görüşdə, həmin bölgədə ingilis general-qubernatorluğunun yaradılması fikrini irəli sürmüşdü.

Həmin dövrdə Xarici İşlər naziri vəzifəsini icra edən A.Ziyadxan 1919-cu ilin yanvarın 31-də Ermənistan hökumətinə 178 saylı teleqram göndərib, Zəngəzur və digər bölgələrin Azərbaycanın tərkib hissəsi olduğunu əsaslandırmışdı.

X.Sultanovun Azərbaycan Nazirlər Şurasının sədri N.Yusifbəyliyə Şuşadan 1919-cu ilin 8 mayında göndərdiyi 1348 saylı məlumat. Həmin məlumatda maldarların yaylaqlara təhlükəsiz gedə bilməsini təmin etmək üçün Gorus bölgəsini tutmağın zəruriliyi bildirilir. Həmin məlumatdan: “Cənab əlahəzrətə bildirirəm ki, maldarların yaylaqlara təhlükəsiz keçməsi sxeminin surətini Sizə göndərirəm və qeyd edirəm ki, onların Şuşa və Cavanşir bölgəsindən keçməsi faydasızdır. Bundan ötrü Gorusu tutmaq lazımdır. Bu əməliyyat üçün artilleriya və pulemyotla təchiz edilmiş iki min nəfərlik piyada və atlı lazımdır. General-qubernator Sultanov”.

X.Sultanovun 1919-cu ilin iyunun 5-də Ağdamdan baş nazir N.Yusifbəyliyə göndərdiyi teleqramda Şuşada ermənilərlə baş verən toqquşma tədbirləri qeyd olunur. Həmin teleqramdan: “Dünən – 4 iyunda Şuşada ermənilərlə kiçik toqquşma baş verdi:  atışma oldu. Lakin bu gün sülh yolu ilə həll etmək mümkün oldu. Bu gün Azərbaycandan Erməni Milli Şurasının fəalları olan Avetisyan, Tumanyan, İşxanyan göndəriliblər. İki nəfər özləri tez gedib, iki nəfər isə bu günlərdə göndəriləcək. Sabah, iyunun 6-da erməni tərəfdəki kazarmalar alınacaq. General-qubernator Sultanov”.

X.Sultanovun 1919-cu ilin 26 iyulunda S.Mehmandarova Şuşadan göndərdiyi 3743 saylı məlumatda Zəngəzura Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qoşun göndərib, Bazarçay kəndinin alınması qeyd olunur. Həmin məlumatdan: “Zəngəzurla Naxçıvanın əlaqəsi probleminin həll edilməsi ancaq Zəngəzurda hərbi hissələrin gücləndirilməsi ilə mümkündür. Bu haqda mən Sizinlə şəxsən danışdım və Siz də razılaşdınız. Bu məsələni indi əlverişli bir məqamda, maldarlar dağlarda, ermənilərdən arxada olarkən, qan tökmədən həll etmək olar. Bazarçay yaxınlığında olan Qızıl Boğaz və Bazarçay yerlərini tutmaqla, buradakı malakan əhalisi Azərbaycan hakimiyyətini tanımağa hazırdır. Və bundan ötrü onlar öz nümayəndələrini Xalq milisinin rəisi Sultanovun yanına göndərmişlər. Və məsələ bununla da öz-özlüyündə həll edilir.

Odur ki, cənab əlahəzrət, hərbi hissə dəstələrinin Xalq milisi dəstələri ilə birgə Bazarçay kəndini almaq üçün Sizin sərəncam verməyinizi xahiş edirəm.

Aldığım məlumata görə, Mərcanlı maldarları döyüşçülərimiz üçün bir neçə yüz buynuzlu heyvan verməyə razılaşıblar. General-qubernator X.Sultanov”.

X.Sultanovun 1919-cu il, dekabrın 14-də Daxili İşlər nazirinin göndərdiyi məktubda Zəngilanın əhalisinin ermənilərdən müdafiəsi üçün ora kömək göndərdiyi məlumatı verilib.

X.Sultanovun və T.Novruzovun N.Yusifbəyliyə ermənilərin Zəngəzurda bütün cəbhə istiqamətində hücuma hazırlaşdıqları ilə bağlı teleqramı 1920-ci ilin martın 23-də Şuşadan göndərilib. Teleqramda bildirilir: “Zəngəzur uyezdinin rəisindən indi aldığım məlumatın məzmununu çatdırıram: “Ermənilər bütün cəbhə boyunca ciddi kəşfiyyat aparırlar. Etibarlı məlumatlara görə, bütün cəbhə istiqamətində hücuma hazırlaşırlar. Onların başlıca məqsədi Qarabağla birləşməkdir. Partizan dəstəsinin komandiri təcili olaraq əlli min türk, iki yüz min rus, əlli min lebelev, on beş min ingilis, iki yüz min Berdanoclu patron göndərməyi xahiş edir. Göndərilən patronlar ancaq bir döyüşə kifayət edəcək. Xahiş edirik, general Şıxlinskinin vəd etdiyi dağ-batareya piyada alayının göndərilməsinə sərəncam verəsiniz. General-qubernator X.Sultanov; dəstə (otryad) rəisi general Novruzov”.

X.Sultanovun 1920-ci ilin martında göndərdiyi teleqramda vəziyyətin getdikcə gərginləşdiyi görünür. Onun 1920-ci ilin 24 martında Ağdamdan M.Vəkilova Xankəndi və Şuşada gedən döyüşlər haqqındakı teleqramdan: “Martın 23-də ermənilər gecə yarısı bizim Xankəndində olan döyüş hissəmizə güclü hücum etdilər. Eyni zamanda, ermənilər Şuşaya da hücuma keçdilər. Hücumun qarşısı alınıb, ətraflarda atışma gedir. Şuşa Şuşukənddən bombalanır. Ağdam-Şuşa arasında olan teleqraf kəsilib. Ekstremistlərin uzaqlaşdırılması üçün bütün tədbirlər görülür. Qəzəblənmiş əhali vıxodit iz povinoveniya. Dəstə rəisi tərəfindən Hərbi-səhra məhkəməsi yaradılıb. Xahiş edirəm, təcili olaraq adamlarla, başlıcası patronla kömək edin. General-qubernator  X.Sultanov”.

Nəsiman YAQUBLU
tarix elmləri doktoru

(Ardı var)

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*