Saytımıza xoş gəlmisiniz

Dağlıq Qarabağ qadınlarının konfransı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Oxunma sayı: 148

img_7677

Oktyabrın 11-də Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ qadınlarının konfransı keçirilib. Konfrans Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın bir qrup rusiyalı qadınla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə  səfərinə etirazla bağlı keçirilib. Tədbirdə millət vəkilləri, ziyalılar, kütləvi informasiya vasitələrinin nümayəndələri, QHT rəhbərləri, Qarabağdan olan qadınlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

img_7669

Tədbiri giriş sözü ilə açan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin sədri Bayram Səfərov konfransın məramını açıqlayıb, qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının bir qrup rusiyalı qadınla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfəri ictimaiyyət tərəfindən etirazlara səbəb olub. Natiq işğalçının işğal olunmuş torpaqda sülhdən danışmasını ermənilərin növbəti həyasızlığı kimi dəyərləndirib və  vurğulayıb ki, baş nazirin həyat yoldaşının atdığı bu addım sülhə xidmət edə bilməz.

img_7672
Sonra çıxış üçün söz Xankəndindən olan millət vəkili Flora Qasımovaya verilib. O vurğulayıb ki, bu səpikdə olan, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan  piar kampaniyalar ermənilər tərəfindən birinci dəfə həyata keçirilmir. Millət vəkili qeyd edib ki, ermənilərin sülhdən danışmağa heç bir mənəvi haqqları yoxdur, Anna Akopyan bu cür kampaniyalar keçirməkdənsə, öz həyat yoldaşı Nikol Paşinyana başa salmalıdır ki, nə qədər ki, Ermənistan ordusu Azərbaycanın işğal altında olan torpaqlarındadır, erməni analarının gözü yaşlı olacaq. Daha sonra natiq Azərbaycanın Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacağını söyləyib. Millət vəkili Flora Qasımova bölgədə baş verən hadisələrdən, Ermənistanın siyasi müstəvidəki zəifləyən mövqeyindən, regionda Azərbaycanın günü-gündən artan nüfuzundan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən geniş söhbət açıb.

img_7684

img_7690

img_7709

img_7716

Çıxış edən millət vəkilləri Məlahət İbrahimqızı, Elman Məmmədov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahnar Usubov və digər natiqlər Anna Akopyanın Dağlıq Qarabağa səfərini qətiyyətlə pisləyərək bu addımı təxribat kimi qiymətləndiriblər.

Tədbirin sonunda çıxış edən Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva tədbiri yekunlaşdıraraq konfrans iştirakçılarının və Qarabağdan olan qadınların yekdil fikrini, Anna Akopyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərini qətiyyətlə pisləyib və Dağlıq Qarabağ qadınlarının konfransının beynəlxalq təşkilatlara ünvalandırdığı müraciəti bəyan edib:

“Bütün sahələrdə inkişafa nail olan Azərbaycan bu gün dünya birliyinin hesablaşdığı, qlobal miqyasda söz sahibi olan, etibarlı tərəfdaş kimi tanınan bir dövlətdir. Ölkəmizə beynəlxalq səviyyədə ehtiram göstərilir, istənilən məsələdə mövqeyinə hörmətlə yanaşırlar. Bu gün Azərbaycanın yeganə problemi torpaqlarının 20 faizə qədərinin Ermənistanın işğalı altında olmasıdır. Azərbaycan Respublikası 30 ildir ki, Ermənistan dövləti ilə müharibə şəraitində yaşayır. 1988-ci ildən başlanan Ermənistanın Azərbaycana təcavüzü hələ də davam edir.

Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq güc tətbiq etməklə silahlı ordusu vasitəsilə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik olan yeddi rayonunu işğal edib.

Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan torpaqlarımızın 20 faizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd mühüm qətnaməyə zidd olaraq bu günədək Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır.

Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, Xocalı, Qaradağlı, Meşəli, Ağdaban soyqırımını törətməyə, minlərlə hərbiçi və mülki vətəndaşın, qadınların, uşaqların həyatını itirməsinə, əlil olmasına, 1 milyon 200 mindən artıq insanın doğma yurdundan didərgin düşməsinə səbəb olmuş işğalçı bir dövlətin qadınlarının “sülh təşəbbüsü” ilə çıxış etməsi, Azərbaycan qadınlarına “sülh çağırışı” ilə müraciət etməsi dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş növbəti uydurma oyundur.

Biz – Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məcburi köçkün

həyatını yaşayan qadınları bu təşəbbüsə qarşı çıxır və öz etirazımızı bildirərək bəyan edirik:

“Qadınlar sülh naminə” təşəbbüsünə qoşulan erməni qadınları sülh istəyirsə, onlar birinci növbədə öz ölkəsinin rəhbərlərinə – həmin ərəfədə BMT kürsüsündə Azərbaycan əleyhinə iddialar səsləndirən Nikol Paşinyana müraciət etməlidirlər ki, Ermənistan öz qoşunlarını işğal etdikləri ərazilərdən çıxartsınlar, təcavüzkar siyasətlərinə birdəfəlik son qoysunlar.

“Sülhdən” danışan həmin qadınlar öz oğullarını Azərbaycan torpaqlarında hərbi qulluğa göndərirlərsə, sülhə çağırışlarını öz ölkələrindən başlamırlarsa, bu, xoşməramlı niyyət deyil, şoudur.

Biz, Azərbaycan qadınları – ata-babalarımızın doğma yurdu olan Qarabağ torpaqlarının sahibləriyik. Sülh çağırışı edən “qadın” bunları dərk etməlidir. Günahsız insanların – xüsusən də yüzlərlə qadınların və uşaqların həyatını itirməsinə, övladını, həyat yoldaşını, körpə balasını itirən anaların, bacıların göz yaşlarına, saçlarının vaxtından əvvəl ağarmasına səbəb olan Qarabağ savaşının hər bir şahidi yalançı sülh çağırışları edən işğalçı dövlətin riyakarlığını, ikiüzlülüyünü bir daha dərk edir.

“Qadınlar sülh naminə” təşəbbüsünə qoşulan erməni qadınları ilk növbədə, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə son qoymasına, qoşunlarının Azərbaycan ərazilərini tərk etməsinə görə Ermənistan rəhbərliyinə çağırış etməli idilər.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması nəticəsində onlarla qadınlarımız döyüşərək şəhid olmuşlar . 400.000-dən çox qadın, 300.000-dən çox uşaq qaçqın və məcburi köçkün düşmüşdür. Bu rəqəmlərin arxasında yüz minlərlə qadının, qızın öz evlərini istirməsi, ailələrinin dağılması dayanır. Bu gün bir qaçqın və köçkün, həmçinin şəhid ailəsi olan və müharibənin ağırlığını çiyinlərində daşıyan qadınlarımızın fədakarlığını xüsusi qeyd edirik .

Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, doğma el-obanın əmin-amanlığı, namusu və qeyrəti, dinimizin, adət-ənənələrimizin, mədəniyyətimizin, bir sözlə, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi, ərazi bütövlüyü, qondarma Dağlıq Qarabağ problemi ilə əlaqədar ölkəmizin haqq səsinin dünya dövlətlərinə çatdırılması istiqamətində daim fəal mübarizə aparırlar. Azərbaycan qadınları öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan vətənpərvər gənclər yetişdirir. Vətənpərvərlik hissi tariximizə, doğma torpaqlarımıza bağlılıqdan, onları düşmənlərdən qorumaqdan başlayır. İndiki halda milli vətənpərvərlik hissi hər bir azərbaycanlının bir vətəndaş kimi yerini, mövqeyini, ləyaqət və dəyanətini müəyyən edir, onu bu yolda misilsiz qəhrəmanlıqlar və fədakarlıqlar göstərməyə ruhlandırır. Vətənpərvərlik elə bir hissdir ki, insanda mübarizlik, fədakarlıq, məğlubedilməzlik, qəhrəmanlıq yaradır. Vətənini dərin məhəbbətlə sevən insan özünü həmişə güclü hiss edir. Başqa sözlə, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi, əfsanəvi qəhrəmanları və alovlu vətənpərvərləri ilə həmişə fəxr edir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Ən müasir texnika və hərbi avadanlıqlarla təchiz edilən, milli ruhu yüksək olan Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın işğaldan azad edilməsinə qadir olduğunu sübuta yetirdi.Bir çox hərbi təyinatlı məhsulların məhz ölkəmizdə istehsal olunması da Azərbaycanın gücünü göstərən amillərdəndir. Son illər ərzində 20-dən artıq hərbi zavod yaradılıb. Bu müəssisələrdə 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar buraxılır. Azərbaycan artıq özünün hərbi məhsullarını da ixrac etməyə başlayıb.

Son üç ayda Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən hərbi parad bir daha sübut etdi ki, Azərbaycan Ordusu düşmənin istənilən hərbi və strateji obyektini məhv etməyə qadirdir.

Bu gün Qarabağ qadınları Azərbaycan Prezidentinin siyasətini dəstəkləyir, münaqişənin həllini işğalçı qüvvələrin işğal edilmiş torpaqlardan çıxarılmasında, ərazi bütövlüyünün bərpa edilməsində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra edilməsində görür. Haqqa və ədalətə düzgün qiymət verən beynəlxalq təşkilatlar Dağlıq Qarabağın əzəli Azərbaycanın tarixi torpaqları olduğuna dəstək verir. Azərbaycan dövlətinin uğurlu siyasi, iqtisadi hərbi siyasəti ərazi bütövlüyümüzün bərpa ediləcəyinə böyük inam yaradır.

Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları bir daha bəyan edirlər ki, erməni qadınlarının dünya ictimaiyyətinin fikrini yayındırmağa yönəlmiş yalançı ”Qadınlar sülh naminə” təşəbbüsünə öz etirazını bildirir və vurğulayır ki, işğal faktı ilə heç vaxt barışmayacaq, bir qarış da torpağını düşmənə güzəştə getməyəcək. Qarabağda sülhün bərqərar olması üçün Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını qeyd-şərtsiz çıxarmalıdır.

Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə igid, mərd, qorxmaz, böyük vətənpərvərlik ruhuna malik övladlar yetişdirir. Aprel döyüşlərində qələbə uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan igid oğullar Azərbaycanın şərəf salnaməsinə yeni səhifələr yazdılar. Hərb tariximizin qəhrəmanlıq salnaməsinə öz şərəfli imzalarını ataraq ölümsüzlüyə qovuşan igid oğullar qəhrəmancasına savaşaraq şəhidlik zirvəsini fəth etdiləır. Ona görə də əzəli torpaqlarımıza göz dikənlər bilməlidirlər ki, dünyanın ən güclü orduları sıraslında olan qüdrətli Milli Ordumuzun sıralarında xidmət edən xalqımızın igid övladları tezliklə doğma yurd yerlərimizi işğaldan azad edəcək, şəhidlərimizin müqəddəs ruhları qarşısında öz vicdan borclarını verməklə zəfər marşını çalacaq, şanlı bayrağımız Şuşada, Xankəndində, digər kənd, qəsəbə və şəhərlərimizdə dalğalanacaqdır! Aprel döyüşləri də göstərdi ki, bunun üçün həm ölkə rəhbərliyinin siyasi iradəsi, xalqın mübarizə ruhu, həm də bu şərəfli vəzifəni ən qısa müddətdə yerinə yetirməyə qadir qüdrətli Silahlı Qüvvələrimiz var!”

İlham Cəmiloğlu

Karabakh.TV

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*