Saytımıza xoş gəlmisiniz

Dağlıq Qarabağın ziyalıları – Abdulla Qədirov

Oxunma sayı: 144

18-%d0%b3%d0%b5%d0%b4%d0%b8%d1%80%d0%be%d0%b2

Dağlıq Qarabağda yaşayan azərbaycanlı ziyalılar  muxtar vilayətin mövcud olduğu dövrdə, süni surətdə vilayətdə ermənilərin sayının artırıldığı bir zamanda bölgədə azərbaycançılıq ideyalarını  təbliğ etmək, azərbaycanlıların haqqının qorumaq kimi vacib bir missiyanı öz üzərlərinə götürərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdiriblər.

Bu ziyalılardan biri də Abdulla Qədirov olub.

Hələ Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbdə təhsil aldığım illərdən müəllimlərimin, Qarabağda yaşayan məndən yaşlı nəslin nümayəndələrinin dilindən Abdulla müəllim haqqında sözün əsl mənasında həmişə böyük sözlər eşitmişəm – böyük ziyalı, böyük müəllim, böyük insan…

Abdulla Qədirov bu böyüklükləri ilə Qarabağda sayılıb-seçilən ziyalılardan, sözü bütöv, ötkəm kişilərdən olub. Dağlıq Qarabağda, Xankəndində təhsilin inkişafına xüsusi töhfələr verən Abdulla müəllimin bu bölgədə azərbaycanlıların maariflənməsindəki xidmətləri danılmaz və heç vaxt danılmayacaq faktdır.

Təhsili öz ömrünün zinəti hesab edən və əsl ziyalı həyatı yaşamış Abdulla müəllim 1903-cü ildə Şuşada Məşədi Bəşir kişinin ailəsində dünyaya göz açıb. Uşaqlıq və yeniyetmə dövrünü Qarabağın bu dilbər guşəsində keçirib. Hər qayası, hər daşı canlı tarix olan Şuşanın dolanbac küçələrini, sərin bulaqlarını, ecazkar təbiətini ana laylası tək sevən, vətən məhəbbətini qəlbində, ruhunda yaşadan balaca Abdulla o dövrdə öz düşüncələri, dünyaya baxışı, təfəkkürü ilə həmyaşıdlarından fərqlənib.

Atası Məşədi Bəşir kişi Abdullanın dərsə davamiyyətinə, təlim-tərbiyəsinə ciddi fikir verib. O, özü xalçaçılıqla məşğul olsa da, oğlunun təhsil almasının qayğısına qalıb. Abdulla təhsil aldığı Şuşa gimnaziyasında qabaqcıl şagirdlərdən sayılıb. Təhsilə xüsusi marağı olan bu şagirdin müəllimləri də, valideynləri də onun gələcəyinə böyük ümidlə baxıblar, əsl ziyalı şəxsiyyət kimi yetişməsinə inam bəsləyiblər.

Abdulla Qədirov təhsilini davam etdirərək 1921-ci ildə Şuşa pedaqoji kursunu müvəffəqiyyətlə bitirib, müxtəlif dövrlərdə Xankəndindəki təhsil ocaqlarında gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub. O, harda çalışmasından asılı olmayaraq sənətinə sonsuz bağlılığı ilə kollektiv arasında xətir-hörmət, nüfuz qazanıb.

Abdulla Qədirov 1932-ci ildə ali təhsil almaq məqsədi ilə Bakı şəhərinə gəlib. Sənədlərini Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutuna verib və qəbul imtahanlarından müvəffəqiyyətlə çıxıb, tələbə adını qazanıb. 1939-cu ildə o, bu elm ocağının təbiət fakültəsini müvəffəqiyyətlə bitirib.

Abdulla Qədirov 1945-ci ilin avqust ayında Xankəndi şəhərində yeni yaradılmış N.Gəncəvi adına 4 nömrəli orta məktəbə direktor vəzifəsinə irəli çəkilib. Direktor vəzifəsində çalışdığı illərdə Abdulla Qədirov bir sıra müsbət keyfiyyətləri ilə özünü bir daha pedaqoji cəmiyyətə təqdim edib. Onu digərlərindən fərqləndirən bir çox müsbət xüsusiyyətləri,  sadəliyi, müəllim şərəfini uca tutmağı, vətənpərvərliyi və ən başlıcası isə sənətinə hədsiz vurğunluğu müəllimlər üçün əsl örnək olub.

Milli kadrların yetişdirilməsi işinə Abdulla müəllim xüsusi diqqət yetirib. Həmin dövr üçün muxtar vilayətdə bu olduqca çətin və ciddi məsələ idi. Çünki millətçi ermənilər Dağlıq Qarabağda azərbaycanlıların təhsilinə, inkişadına ciddi cəhdlə əngəllik törətməyə, mane olmağa çalışırdılar. Abdulla müəllim həmin dövrün çətinliklərinə, ermənilərin məktəbin normal fəaliyyəti üçün yaratdığı problemlərə baxmayaraq bütün bilik və bacarığını, gücünü, təşkilatçılıq qabiliyyətini səfərbər edərək Xankəndində azərbaycanlılar üçün yeganə olan bu təhsil ocağının yaşamasına, fəaliyyət göstərməsinə, azərbaycanlıların təhsil almasına nail olmağı bacarıb.

Abdulla Qədirov 1924-cü ildən başlayaraq 1962-ci ilədək fasiləsiz olaraq 38 il Xankəndi məktəblərində pedaqoji fəaliyyət göstərib. Əvvəl sıravi müəllim, sonra tədris hissə müdiri, daha sonra isə məktəb direktoru kimi fəaliyyətini davam etdirib, Dağlıq Qarabağın ictimai və mədəni quruculuq həyatında fəal iştirak edib.

Pedaqoji işin kamil təşkilatçısı olan Abdulla Qədirovun təhsilin inkişafındakı xidmətləri heç vaxt diqqətdən yayınmayıb. El-obanın sevgisi, həyata vəsiqə verdiyi yüzlərlə şagirdinin hörmət və ehtiramı ilə yanaşı o, uzun müddət qüsursuz fəaliyyətinə görə sovetlər birliyi dönəmində ən ali mükafatlarla, “Lenin”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri ilə təltif edilib.

İlham Cəmiloğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*