Saytımıza xoş gəlmisiniz

Dağlıq Qarabağın ziyalıları – Arif Əliyev

Oxunma sayı: 376

36222502_467552013680791_7370942978413559808_n

Ulu  Tanrı   yaratdığı  hər  bir  insanın  üzərinə  müəyyən  missiya,  vəzifələr   qoyur.  Bu   missiyanın  insan  tərəfindən  icra  olunma  səviyyəsi  onun  fəaliyyət  göstərdiyi  sahədə,   cəmiyyət  qarşısında  cavabdehlik  daşımasını  dərk  etməsindən  asılıdır.  Hələ  dünyada  savadsızlığın  hökm  sürdüyü,  elmi-texniki  tərəqqidən  söz   açılmadığı  dönəmlərdə  belə adı  dünya  tarixinə   qızıl  hərflərlə  həkk  olunmuş  dahilərimiz  olmuşdur.  Azərbaycanı  istedadlar,  korifeylər  diyarı  adlandırsaq  heç  də  yanılmarıq.  Bizim  millətin  genetik  kodunda  gizlənmiş  istedad  müasir  dövrdə  də  üzə  çıxaraq  Azərbaycanımızın  şöhrətinin  günü-gündən  artmasına  səbəb  olur.  Bir  sözlə  Vətən   ölkəmizin,  onun  əyalətlərinin   idarəçilik   sistemində  cani-dildən  çalışan,  daim  onun  inkişafına   töhfələr  verən  övladlarının  sayəsində  Vətən  olur.  Belə  insanlardan  biri  də  Arif  Ədil  oğlu  Əliyevdir.

Arif  Əliyev  12  mart  1942-ci  ildə  Qırxqız  dağının  ətəyində  yerləşən,  DQMV-nin  Kosalar  ərazisində  füsunkar  təbiəti  ilə  göz  oxşayan  Qaragav  kəndində,  vaxtilə  İranda  ali  dini  təhsil  almış,  İslam  dininin  mahir  bilicilərindən  olan  Molla  Ədilin  ailəsində  dünyaya  göz  açmışdır.  Əvvəlcə doğma  Kosalar  kənd  məktəbində  təhsil  alan  Arif  1959-cu  ildə  Şuşa  şəhər   4  nömrəli  orta  məktəbi,  1961-ci  ildə  Şuşa  şəhər  pedaqoji   texnikumunu  bitirərək  üç  il  ərzində  Xocavənd  rayonu  Aşan  kəndındə, Xocalı  rayonu  Daşbulaq   və  Kosalar  kənd  məktəblərində  müəllim  işləmişdir.

İstək  və   həvəsi  gənc,  istedadlı  Arifin  yolunu  Bakı  şəhərinə  saldı. O, 1963-1969-cu  illərdə  Bakı  Dövlət  Universitetinin  qiyabi  şöbəsində  təhsil  alaraq  dilçi-filoloq  ixtisasına  yiyələndi. Arif  Əliyev  BDU-də  Bəxtiyar  Vahabzadə,  Mir-Cəlal  Paşayev, Ağamusa  Axundov  kimi  elm  fədailərindən  dərs  almışdır.

Təşkilatçılıq  qabiliyyəti  nəzərə  alınan  Arif  müəllim  dövlət  qurumlarında  müxtəlif  vəzifələrdə  işləmişdir. O, 1964-cü  ildən  1972-ci  ilədək  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Zəhmətkeş  Deputatlar  Soveti  İcraiyyə  Komitəsinin  təşkilat  şöbəsində  təlimatçı  vəzifəsində  işləmişdir.  Bu  illərdə  Arif  müəllim  həm  də  Xankəndi  Pedaqoji  İnstitutunda  müəllimlik  etmişdir.  Erməni  millətçilərinin  əhatəsində  işləyən  Arif  müəllim  Xankəndi  şəhərində  “Qönçələr” adlı  ədəbi  dərnək  yaratmış,   poeziyaya, yaradıcılığa  meyli  olan  xeyli  istedadlı  azərbaycanlı  gənci  bu  dərnəkdə  toplamış,  onların  üzə  çıxarılmasında, istedadlarının  inkişaf  etdirilməsində  və  tanınmasında  böyük  rol  oynamışdır.  Görkəmli  şairlərimiz  Ələmdar  Quluzadə, Bəhmən  Laçınsız, Allahyar  Xocalı, Tofiq  Zeynalov, pedaqoji  elmlər  doktoru  Fikrət  Əliyev  həmin  vaxtlar  bu  dərnəyin fəal  üzvü  olmuşdur.  Arif  müəllimin  öz  şeirləri  müntəzəm  olaraq  “Azərbaycan”,  “Ulduz”,  “Ədəbi  Azərbaycan”  jurnallarında,  almanaxlarda,  respublika   qəzetlərində  və  “Dünyamız,  az  göyərin”  kitabında  nəşr  olunmuşdur.

Arif  müəllim  1972-1974-cü  illərdə  doğma  Kosalar   kəndində  Ü.Hacıbəyov  adına  kolxozun  idarə  heyətinin  sədri  seçilmişdir.  O, 1974-cü  ildən  yenidən  Xankəndi  şəhərinə  qayıdaraq  1974-1977-ci   illərdə  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Zəhmətkeş  Deputatlar  Soveti  İcraiyyə  Komitəsinin  təşkilat  şöbəsinin  təlimatçısı, 1977-1980-ci  illərdə  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Partiya  Komitəsinin  təbliğat-təşviqat  şöbəsinin  təlimatçısı  vəzifələrində  işləmişdir.

Daim  erməni  millətçilərinin  əhatəsində  gərgin  vəziyyətdə  işləyən  Arif  müəllimin  bundan  sonrakı  işi  daha  ağır,  daha  çətin  oldu.  Belə  ki,  o,  1980-ci  ilin  martından  Azərbaycan  Kommunist  Partiyası   Ağdərə  rayon  Komitəsinin  ikinci   katibi  seçilmişdir. 1981-1985-ci  illərdə  Arif  müəllim  Bakı  Ali  Partiya  Məktəbində  təhsil  alaraq  partiya  siyasi  işi  ixtisasına  yiyələnmişdir. Ümumiyyətlə,  bu  insan  daim  yenilikləri  öyrənməyə  meyl  etmişdir. 1965, 1970,  1975, 1980, 1986-cı  illərdə  Bakı  Ali  Partiya  Məktəbinin kurslarında,  1977-1979-cu  illərdə  Moskva  şəhərində keçirilən Sovet  İttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  seminarlarında  iştirak  etmişdir.

Arif  müəllim   Ağdərə   rayonunda  işləyərkən  vəzifədə  olan  erməni  millətçilərinin  daim  azərbaycanlılara  qarşı  ögey  münasibətlərini  görmüş,  bu  şovinistlərə  qarşı  mübarizə  aparmış,  azərbaycanlı  əhaliyə  arxa-dayaq  olmuşdur. Məlum  olduğu  kimi  erməni  millətçiləri  1988-ci  ildən  başlayaraq  açıq  şəkildə  separatçılığa  başladılar.  Belə  ağır,  çətin  şəraitdə  Arif  müəllim  1991-ci  ilin  sentyabrına   qədər  bu  vəzifədə  işləmişdir.  Erməni  terrorçuları  hətta  onu  10.09.1990-cı  il  tarixdə  girov  götürmüş, aparılan  danışıqlar  nəticəsində  iyirmi  gündən   sonra  girovluqdan  azad  etmişlər. Bu  rayondakı   azərbaycanlıların  vəziyyətini  dərk  edən  Arif  müəllim  yenə  də  bu  rayonda  qalmış,   əvvəlcə  Ağdərə  rayonu  Sırxavənd    Ərazi  Partiya  Komitəsinin  birinci  katibi,  sonra  isə  01.08.1992-ci  ilə  qədər  Sırxavənd  Ərazi  İcraiyyə  Komitəsinin  və  Müdafiə  Şurasının  sədri  vəzifələrində  işləmişdir.  A.Əliyev  Qarabağ  müharibəsi  veteranıdır.

Bu  illərdə  öz  müstəqilliyini  yenicə  qazanmış  Azərbaycana  təcrübəli  kadrlar  hava,  su  kimi  lazım  idi.   Bu  dövrdə  Arif  müəllimin  də  potensialından  istifadə  olundu.  Belə  ki,  Arif  müəllim  01.08.1992-ci  il  tarixdən  10.02.1993-cü  il  tarixədək  Azərbaycan  Respublikası  Prezidentinin  Fövqəladə  Səlahiyyətli  Nümayəndəliyinin  aparatında  Milli  Münasibətlər  Şöbəsinin  müdiri  vəzifəsində,  1993-1999-cu  illərdə  Xocalı  rayon  Kənd  Təsərrüfatı  və  Ərzaq  İdarəsinin  rəis  müavini  vəzifəsində, 1999-cu  ildən    Xocalı  rayon  İcra  Hakimiyyətində  İctimai  təşkilatlar  və  siyasi  partiyalarla  iş  şöbəsində  böyük  məsləhətçi,  2000-ci  ildən  isə  həmin  şöbənin  müdiri  vəzifəsində  işləmiş,  2009-cu  ildən  təqaüdə  çıxmışdır.

Arif  müəllimin   çəkdiyi  zəhmət  hədər  getməmiş,  1982-ci   ildə  “Şərəf  nişanı”  ordeni,  2008-ci  ildə  isə  üçüncü  dərəcəli  “Vətənə  Xidmətə  görə”  ordeni  ilə  təltif  olunmuşdur.

Hal-hazırda   təqaüddə  olan   Arif  müəllimin  yeganə  arzusu   doğma  Qarabağımızı   işğaldan  azad  olunmuş  görməkdir.  Ölkəmizin  gündən-günə  artan  nüfuzu  onu  deməyə  əsas  verir  ki,  bu  gün  heç   də  uzaqda  deyil.

Nəcəf  Əyyuboğlu / Karabakh.tv

 

Yazılmış şərhlər: 1

  1. Vasif deyir ki:

    Gozei wexsiyyete allah can sagligl versin

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*