Saytımıza xoş gəlmisiniz

Dağlıq Qarabağın ziyalıları – Məhəmməd Şükürov

Oxunma sayı: 198

%d0%bc%d0%b0%d0%bc%d0%b5%d0%b4

Qədimdən azərbaycanlıların yaşayış məskəni olan, barlı-bərəkətli Dağlıq Qarabağ torpağı yetişdirdiyi ziyalıları ilə özünəməxsus yer tutur. Tarixin müxtəlif dövrlərində ermənilərin gizli və ya aşkar təhdidlərinə baxmayaraq bu ziyalılar Dağlıq Qarabağda azərbaycanlılara məxsus ideologiyanın qorunması istiqamətində böyük rol oynamışlar. Bu ziyalılardan biri də Məhəmməd Şükürov olmuşdur.

Məhəmməd Rəsul oğlu Şükürov 21 avqust 1962-ci ildə qədim yaşayış məskənimiz olan Xocalıda zəhmətkeş Rəsul kişinin ailəsində anadan olmuşdur. Məhəmməd müəllim dövrünün görkəmli şəxsiyyəti və Xocalının ən varlı adamlarından biri olan Hacı Zeynal ağanın nəslindəndir. İslam dininin yasaq olunduğu Sovet rejimində dünyaya göz açan Məhəmməd müəllimin tərbiyəsində, dünyagörüşünün formalaşmasında oruc tutan, namaz qılan, keçmiş erməni-müsəlman davalarının tarixini, xocalıların nəsil şəcərəsini dərindən bilən Həsən babasının böyük təsiri olmuşdur.

Məhəmməd Şükürov 1969-79-cu illərdə Xocalı kənd orta məktəbində, 1979-84-cü illərdə Xankəndi Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsində təhsil almışdır.

Müəllimlik peşəsinə yiyələnən Məhəmməd Şükürov 1984-86-cı illərdə Dağlıq Qarabağın Seydibəy kənd məktəbində, 1986-2000-ci illərdə Xocalı şəhər məktəbində müəllim, sonra təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. Bu illərdə Məhəmməd müəllim şagirdlərə fizika-riyaziyyat fənlərinin sirlərini öyrətməklə bərabər onların hərbi-vətənpərvərlik ruhunda tərbiyə alması istiqamətində əzmlə çalışmış, var qüvvəsini əsirgəməmişdir.

Dəyərli ziyalı 2001-2006-cı illərdə Xocalı rayon İcra Hakimiyyətinin Təhsil, Səhiyyə, Mədəniyyət şöbəsində böyük referent, 2006-cı ildən ömrünün sonuna qədər Xocalı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, erməni şovinistlərinin Azərbaycana qarşı qaldırdığı əsassız torpaq iddiası ilə heç vaxt barışmır, bu iddiaların tamamilə əsassız və cəfəng olmasını tarixi faktlarla əsaslandırırdı.

Mən Məhəmməd müəllimi tanıdığım gündən onun Qarabağa, doğma Xocalıya, elinə-obasına necə bağlı insan olmasını görmüşəm. Xocalı faciəsi zamanı anasını, iki qardaşını, əmisini, onlarla yaxın qohumunu itirən Məhəmməd müəllim hər gün yuxularında doğma Xocalını gördüyünü deyirdi. Ürəyində olan torpaq, vətən yanğısının nəticəsi olaraq Məhəmməd Şükürov 2012-ci ilin fevral ayında Xocalı faciəsinin 20-ci ilinin tamamında “Xocalı: daş yaddaşım, qan yaddaşım” kitabını nəşr etdirmişdir. Kitabdakı tarixi faktlar, dəlillər Qarabağın qədimdən azərbaycanlıların vətəni olduğunu, ermənilərin torpaq iddialarının əsassızlığını bir daha sübut edir.

Məhəmməd müəllim Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Türkiyə Respublikasında keçirilən tədbirlərdə yaxından iştirak etmiş, ziyalı kimi faciənin bir daha dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır.

Insanın böyüklüyü, dahiliyi onun elinə, obasına bağlılığındadır. Elinə, obasına bağlı olan, ürəyi Qarabağ dərdi ilə dolu Məhəmməd müəllim 2012-ci il sentyabrın 25-də dünyasını dəyişmişdir. Onun ən böyük arzusu Qarabağın, doğma Xocalının işğaldan azad olunmasını görmək idi. Bu, ona qismət olmadı. Ölkəmizdə aparılan məqsədyönlü siyasət onu deməyə əsas verir ki, yaxın gələcəkdə Qarabağ, Xocalı mənfur ermənilərin işğalından azad olunacaq, Məhəmməd müəllimin Xocalıda dolaşan narahat ruhu rahatlıq tapacaqdır.

Nəcəf  Əyyuboğlu

Yazılmış şərhlər: 1

  1. Xədicə deyir ki:

    Mən görkəmli ziyalımız Məhəmməd müəllim haqqında atamın yazdığı məqaləni çox bəyənirəm.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*