Saytımıza xoş gəlmisiniz

Dağlıq Qarabağın ziyalıları – Maarif Quliyev

Oxunma sayı: 86

maarif-quliyev

Dağlıq Qarabağın tanınmış ziyalılarından biri də ömrünü bütövlükdə gələcək nəslin maariflənməsinə həsr etmiş, təhsil fədaisi, daima xatirələrdə yaşayacaq Maarif Quliyev olub. Qarabağ torpağı belə bir insanı yetişdiyinə görə hər birimiz öyünə bilərik. Hər dəfə Maarif müəllimin rəhbərik etdiyi Kosalar məktəbində olarkən həmişə bu təhsil ocağındakı müəllim və şagirdlərin müsbət mənada fərqləndiyini, burada özünəməxsus ab-havanın olduğunu, təlim-tərbiyə prosesinin günün tələbləri səviyyəsində qurulduğunu müşahidə etmişəm.

Maarif  İbrahim oğlu Quliyev 27 yanvar 1935-ci ildə Dağlıq Qarabağın dağlar qoynunda yerləşən, səfalı Kosalar kəndində anadan olmuşdur. 1942-1949-cu illərdə Kosalar kənd yeddi illik məktəbində, 1949-1952-ci illərdə isə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbdə təhsil almışdır. Maarif Quliyev 1953-cü ildə indiki Bakı Dövlət Univeristetinin fiologiya fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. O, hələ orta və ali məktəbdə təhsil aldığı illərdə öz savadı, biliyi, təşkilatçılıq qabiliyyəti ilə müəllimlərinin və həmyaşıdlarının diqqətini çəkirdi . Bu qabiliyyəti nəzərə alınaraq gənc Maarif 1 aprel 1954-cü ildən Kosalar kənd məktəbində müəllimlik fəaliyyətinə cəlb olunmuş, 21 oktyabr 1954-cü ildən 25 dekabr 1957-ci ilədək hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunan Maarif Quliyev 1 mart 1958-ci il tarixdən doğma Kosalar kənd məktəbində müəllimlik fəaliyyətini davam etdirmiş, 1965-ci ildə təhsil aldığı ali məktəbin qiyabi şöbəsini bitirərək Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnmiş, işlədiyi kollektivdə müəllimlər, valideyinlər və şagirdlər arasında böyük nüfuz qazanmışdır.

Maarif müəllim 1 sentyabr 1965-ci ildən 1 sentyabr 2011-ci ilədək Kosalar kənd məktəbinə rəhbərlik etmişdir. Bu illərdə öz uğurları ilə Kosalar məktəbinin həm Dağlıq Qarabağda, həm də bütövlükdə Azərbaycanda özünəməxsus yeri olmuşdur. Məktəbin bu illər ərzinə yetişdirdiyi məzunları fəaliyyətləri ilə cəmiyyətin müxtəlif sahələrinə öz töhfələrini vermişlər. Bu nailiyyətlərin əldə olunmasında uzun illər Kosalar kənd məktəbinə rəhbərlik etmiş Maarif müəllimin çox böyük zəhməti, əməyi olmuşdur.

Dağlıq Qarabağda həmişə ermənilərin təhdidləri ilə rastlaşan Maarif müəllim öz işgüzarlığı, zəhməti, əzmi sayəsində bütün çətinliklərə mərdliklə sinə gərmiş və onları dəf etmişdir.

1992-ci ildən məcburi köçkünlüklə əlaqədar Hacıkənd qəsəbəsində fəaliyyət göstərən Kosalar məktəbinin direktoru Maarif müəllim və rəhbərlik etdiyi pedaqoji kollektiv daha çox əzmlə çalışaraq məktəbin uzun illər əldə etdiyi nüfuzunu qoruyub saxlaya bildilər. Son 10 ildə ali məktəblərə qəbul olunan Kosalar məktəbinin məzunlarından 7 nəfəri imtahanlarda 500-dən yuxarı, 4 nəfəri isə 600-dən yuxarı bal toplamışlar.

Ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Maarif müəllimin əməyi daim yüksək qiymətləndirilmişdir. Qüsursuz əməyi nəzərə alınaraq Maarif müəllim dəfələrlə rayonun, Dağlıq Qarabağın təhsil qurumlarının və Təhsil Nazirliyinin təşəkkürünü almışdır. Hələ SSRİ dövründə Maarif müəllim “Xalq Maarif İşçisi”, 2007-ci ildə isə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Qabaqcıl Təhsil İşçisi” döş nişanları ilə təltif olunmuşdur. Qocaman maarif fədaisi 3 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Qabaqcıl elm fədaisi Maarif Quliyev 30 dekabr 2013-cü ildə 78 yaşında dünyasını dəyişmişdir.

İllər ötüb keçəcək, nəsillər dəyişəcək, Maarif müəllimin öz elm ziyasından payladığı nur uzun illər sonra da gələcək nəsillərin yoluna işıq salacaqdır.

Nəcəf Əyyuboğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*