Saytımıza xoş gəlmisiniz

Dağlıq Qarabağın ziyalıları – Sadıq Əliyev

Oxunma sayı: 500

28871068_417553428680650_6264964374730719433_n

Çəkilən zəhmət, mənalı əmək doğrudan da insanı ucaldır və onu xalq arasında şöhrətləndirir. Dağlıq Qarabağda qədimdən azərbaycanlılara məxsus olan Kərkicahan kəndinin məktəbinə uzun illər rəhbərlik etmiş Sadıq Murtuza oğlu Əliyev də məhz belə insanlardandır. O, qabaqcıl təhsil işçisi olaraq daim əhalinin təhsil almasına, maariflənməsinə çalışmışdır.

Sadıq Murtuza oğlu Əliyev 1918-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli kəndındə anadan olmuşdur. İlk təhsilini Malıbəyli kəndində alan Sadıq 1935-ci ildə Ağdam Pedaqoji Məktəbinə qəbul olmuş, 1938-ci ildə bu məktəbi yüksək qiymətlərlə bitirmişdir. Təhsil aldığı illər ərzində Sadığın elmə, bilik almağa göstərdiyi həvəsi, əməksevərliyi, nizam-intizamı müəllimlərinin və həmyaşıdlarının diqqətini daim cəlb etmiş, onun bu xüsusiyyətləri nümunə göstərilmişdir.

1938-ci ildə Sadıq Əliyev təyinatla yolları sıx meşələrdən, dərin dərələrdən keçən, Qırxqız dağlarının ətəyində yerləşən Kosalar kənd məktəbinə göndərilmiş və 1940-cı ilədək bu məktəbdə müəllim işləmişdir. Burada ilk anlarda böyük çətinliklərlə rastlaşsa da şərəfli və nəcib sənətə yiyələndiyini dərk edən gənc müəllimin qətiyyəti, əzmi sayəsində bütün çətinliklər arxada qaldı.

İki il Kosalar məktəbində işlədikdən sonra Sadıq Əliyev 1940-cı ildən Kərkicahan kənd yeddi illik məktəbinə müəllim təyin olunur. Böyük Vətən Müharibəsinə təsadüf edən bu illərdə Sadıq müəllim dərs deməklə bərabər kolxoz işlərinə gedir, kolxozçular arasında cəbhədəki vəziyyət haqda söhbətlər aparırdı. Az bir vaxtda müəllim kollektivi və ictimaiyyət arasında işgüzarlığı ilə böyük nüfuz qazanan Sadıq müəllim 1942-ci ildə Kərkicahan məktəbinə dərs hissə müdiri, 1943-cü ildə isə direktor təyin olunmuşdur. O, bu məktəbdə işləyə-işləyə Azərbaycan Pedaqoji İnstitunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Hələ Kərkicahan məktəbində şagird olarkən mənim yaxşı yadımdadır ki, ixtisası Azərbaycan dili və ədəbiyyatı olan Sadıq müəllim istənilən fəndən dərsi dinləyərkən həmin fənnin müəllimi qədər şagirdlərə bilik öyrətməyi bacarırdı.

Sadıq müəllimin qətrə-qətrə topladığı zəngin elmi-nəzəri biliyi, pedaqoji təcrübəsi, insani münasibəti, uzaqgörənliyi bürokratik əngəllərin, erməni-müsəlman ayrıseçkiliyinin hökm sürdüyü dövrlərdə onu həmişə çətin vəziyyətlərdən alnıaçıq, üzüağ çıxarmışdır. Kobud danışmaq, könülə toxunmaq, ədalətsiz hərəkət etmək uzun illər direktor işləmiş Sadıq müəllimin xarakterinə yad olmuşdur. O, məktəbdə təlim-tərbiyə prosesini daim günün tələbləri səviyyəsində qurmuş, rəhbərlik etdiyi kollektivin ictimai işlərdə iştirakını könüllülük prinsipi əsasında təşkil etmişdir. Buna görə də rəhbərlik etdiyi müəllim və şagird kollektivi həmişə onu ürəkdən sevmişdir. Bütün bu xüsusiyyətlərlə bərabər Sadıq müəllim işində çox tələbkar, laqeydliklə barışmayan, nöqsanlara göz yummayan, şagird şəxsiyyətinə hörmət etməyi, qayğı göstərməyi, təhqiredici münasibətlərdən uzaq olmağı gənc müəllimlərə tövsiyə edən, yaşadığı dövrü çox-çox qabaqlayan pedaqoq olmuşdur. Onun sovet rejimi dövründə tətbiq etdiyi iş prinsipi müasir dövrdə demokratik prinsipləri özündə ehtiva edən iş prinsipi olmuşdur. Sadıq müəllim DQMV üzrə keçirilən müəllimlərin yanvar, avqust konfranslarında təlim-tərbiyə işini optimallaşdıran məruzə, çıxış və məqsədyönlü təklifləri ilə hamının rəğbətini qazanmışdır.

Sadıq müəllimin çəkdiyi zəhmət hədər getməmişdir. O, “Böyük Vətən müharibəsinin 40 illik yubileyi”, “Qabaqcıl maarif xadimi” döş nişanları, “Əməkdə fərqlənməyə görə”, “Əmək rəşadətinə görə” medalları ilə təltif olunmuşdur.

Müqəddəs müəllimlik peşəsinin vurğunu olan Sadıq müəllim 1988-ci ildən ermənilərin Azərbaycana qarşı irəli sürdükləri əsassız torpaq iddiaları ilə heç vaxt barışmamış, Kərkicahanın müdafiə olunması istiqamətində bir ağsaqqal kimi öz tövsiyələrini vermişdir. Kərkicahanın mənfur ermənilər tərəfindən işğalından sonra Sadıq müəllim təqaüdə çıxmış, 13 sentyabr 1997-ci ildə doğma torpaq, yurd həsrəti ilə Mingəçevir şəhərində vəfat etmişdir.

Sadıq müəllim qabaqcıl pedaqoq olmaqla yanaşı həm də gözəl ailə başçısı olmuşdur. Onun altı oğlu, bir qızı cəmiyyət üçün dəyərli insanlardır. Oğlanlarından üçü ali təhsilli mühəndis, biri tarzən və musiqi müəllimi, ikisi sürücü, qızı isə müəllimdir.

Gün gələcək, mənfur ermənilərin işğal etdiyi torpaqlarımız, Kərkicahanımız işğaldan azad olunacaq, Sadıq müəllimin uzun illər rəhbərlik etdiyi Kərkicahandakı məktəbdə onun davamçıları gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olacaqlar.

Nəcəf Həsənov

Xocalı RTŞ-nin aparıcı məsləhətçisi

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*