Saytımıza xoş gəlmisiniz

Düşmənin Naxçıvan və Tavuş “strategiyası” nəyə hesablanıb? – Hərbi ekspert (ANALİZ)

Oxunma sayı: 155

324523432_1523951930

2016-ci ilin aprel qarşıdurmasından sonra Ermənistan mətbuatında 20 ildən çox davam edən qəhrəmanlıq-bravada əhval-ruhiyyəsi sönükərək özünün düşdüyü vəziyyəti təhlil mərhələsinə keçib. Lakin bu təhlil də xüsusi ermənisayağı xüsusiyyətlər daşıyır. Dördgünlük aprel qarşıdurmasında bu ölkədə çoxlarına aydın oldu ki, müttəfiqlərindən dərhal hərbi kömək almayan Ermənistan ordusu 48-72 saat ərzində elə sarsıdıcı zərbələr ala bilər ki, ondan sonrakı 72 saat yalnız onun qalıqlarının darmadağın olunması prosesi gedəcək. 

Öz gerçək gücünü anlayandan sonra təhlükəsizlik problemlərini qonşusu Azərbaycanla sülhməramlı münasibətlər qurmaq yolu ilə həll etmək əvəzinə, Ermənistan siyasi isteblişmenti dolayı yollarla gedərək Orta Şərqin bazarlarına məxsus xırda hiyləgərlik yollarına əl atır.

Belə ki, onlar 2015-ci ildə türk qırıcısı Suriya-Türkiyə sərhədini pozan rus təyyarəsini vurandan sonra yaranmış gərginliyi özünün Azərbaycanla qarşıdurmasında istifadə etməyə çalışdılar. Bu çalışmalar 2016-cı ilin aprel döyüşlərinə qədər ümumi bir forma daşıyırdı. Rusiya siyasi səhnəsində, inzibati-idarəetmə sistemində, elmi-texniki elitasında, mətbuatında ənənəvi geniş təmsil olunan erməni əsilli Rusiya vətəndaşları bu iki dövlətin münasibətlərinin pis olmasında həmişə maraqlı tərəf kimi çıxış ediblər. Onlar hər zaman Rusiyanın nəhəng maddi ehtiyatlarını özlərinin “kiçik vətəni” Ermənistanın maraqlarına təhkim edərək bu ölkənin digər vətəndaşlarını, hakim elitasını Türkiyə ilə konfrontasiya siyasəti aparmağa təhrik ediblər. Məqsəd isə Rusiyanın maddi və mənəvi resurslarını erməni təxəyyülündə hələ də aktual olan “Böyük Ermənistan” xülyasının gerçəkləşməsi üçün istifadə etməkdir. Bunu sübut etmək üçün misallar gətirməyə ehtiyac yoxdur. Sadəcə əsəb sistemi möhkəm olan şəxs bir neçə gün Rusiya televiziyasını və mətbuatını izləsə, bu zəmində yüzlərlə faktı özü qeyd edə bilər.

Lakin 2016-cı il aprel “soyuq duş”undan sonra erməni cəmiyyəti və Rusiyadakı ənənəvi Ermənistan təəssübkeşləri Türkiyə-Rusiya soyuq münasibətlərindən yarana biləcək daha “yaxınmənzilli” perspektivləri götür-qoy etməyə başladılar.

Cənubi Qafqazda qüvvələr balansının konfiqurasiyası, yollar şəbəkəsinin və hərbi aviasiyanı qəbul edə bilən infrastrukturun vəziyyəti elədir ki, Ermənistana qətiyyətli hərbi və ya siyasi yardım etmək istəyən müttəfiqlərinə ən azı 2-3 sutka vaxt lazımdır.

Ermənistana dəyərli hərbi yardım etməyə hazır dövlətlərin bütün döyüş komponentləri olan, müstəqil əməliyyat apara bilən hərbi birləşmələrinin birbaşa Qarabağda olmaması, Azərbaycan ordusunun həmlələrini və əks-zərbələrini zəiflətmək məqsədi ilə ən yaxşı halda hərbi aviasiyadan və raket zərbələrindən istifadə edə bilərlər. Yuxarıda göstərilən vəzifəni yerinə yetirmək üçün Ermənistanın hipotetik qətiyyətli müttəfiqləri döyüş səflərini qurmuş ordu birləşmələrimizə yox, ölkəmizin vətəndaş infrastrukturuna, nəqliyyat və enerji infrastrukturuna, böyük şəhərlərdə yerləşmiş ordunun özək infrastrukturuna kütləvi zərbələr vurmalıdırlar. Belə xarakterli əməliyyat çoxsaylı dinc əhalinin məhvinə gətirib çıxara bilər.

Bu isə ölkəmizin həmin erməni havadarı olan qüvvələr üçün tam və birdəfəlik itirilməsi deməkdir. Hətta Ermənistana açıq və birmənalı rəğbət göstərən dövlətlər də kifayət qədər nüfuzlu, mühüm geosiyasi mövqeyə malik, nüfuzlu müttəfiqləri olan dövlətimizlə normal diplomatik əlaqələr saxlamaqda maraqlıdırlar. İkincisi, Qarabağ ərazi müharibəsində kimin işğalçı, kimin isə müdafiə olunan tərəf olması mühüm beynəlxalq təşkilatlara üzv olan hər bir dövlətə qanun baxımından birmənalı aydındır. Əhalisinə aydın olmasa da, peşəkar diplomatiyasına aydındır.

Üçüncüsü, Azərbaycanın HHM sisteminin səviyyəsi elədir ki, dünyanın ən güclü hərbi koalisiyasının aviasiya zərbəsi, qüvvələrinin təxminən 25-30% itkisi hesabına başa gələ bilər. Hərbi analitiklərin hesablamalarına görə, 15% itki pilotların döyüş əzminin qırılmasına gətirib çıxarır.

Dördüncüsü, Azərbaycanın enerji infrastrukturunun sərmayədarları arasında belə bir əməliyyatı təşkil edə biləcək qüdrətə malik dövlətlərin demək olar ki hamısı var. Bu səhmdarların içində BMT təhlükəsizlik şurasının 5 əsas daimi üzvünü təmsil edən şirkətlər var. Səhmdarlar arasında hansı nüfuzlu beynəlxalq şirkətlərin olmasını və onların bu ölkələrin çoxunda hansı siyasi imkanlara malik olmalarını nəzərə alsaq, belə bir tələsik avantüranın gerçəkləşməsi şübhə doğurur.

Lakin bölgəyə quru qoşunları çəkib gətirə bilən, güclü ordusu olan hansısa nüfuzlu bir qüvvə (koalisiya), aviasiyasının yalnız cəbhə komponentini tətbiq etməklə, Azərbaycan ordusunun işğalçı orduya zərbələrini kütləvi bombardmanlar tətbiq etmədən dayandırmaq imkanına malikdir.

Ermənistan üçün ən yaxşı halda, bu cəbhədə şəraitin özü üçün əlverişsiz dəyişikliyindən 72 saat sonra ola bilər.

Vaxtilə dünyanın nüfuzlu qüvvələrinin siyasi, hərbi, kəşfiyyat və təbliğat vasitələrinin köməyi ilə Ermənistan, Dağlıq Qarabağın və onun ətrafında olan digər bölgələrimizi işğal etmişdi.

Əslində, bu nüfuzlu güc mərkəzlərinə sərfəli olan gərginliyi yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin işğalı ilə də saxlamaq olardı.

Azərbaycanın Dağlıq Qarabağdan əlavə rayonlarının işğalı Rusiyanın o vaxtkı “demokratik” rəhbərliyində yaranmış, ABŞ siyasi elitasının etiraz etmədiyi ekspromt bir plan idi ki, İranın bu münaqişədə vasitəçilik resursları sıfıra endirilsin və regionda nüfuzu tam yox edilsin. İranın, ola bilsin ki, xoş məramla vasitəçilik cəhdləri beynəlxalq aktorların maraqlarını o dövrdə eyni müstəvidə kəsişdirdi: İranı Cənubi Qafqaz siyasətindən sıxışdırıb kənara atmaq. Həmin səbəbdən Ermənistan tərəfindən Dağlıq Qarabağın işğalı barəsində qəbul olunmuş qətnamələrin tutarı və ona reaksiya İraqın Küveyti işğalı barəsindəki qətnamələr qədər olmadı.

Bu faktı nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Ermənistanın xarici havadarları onun Qarabağda işğal etdiyi torpaqları son qarışa qədər qoruyacağı haqqında bir öhdəlik götürməyib. Onlar sadəcə lokal şəraitdə, lokal zaman üçün lazımlı, öz lokal maraqlarına uyğun gələn bu müdhiş aksiyanın həmmüəllifi olublar. Bunu ölkəmizə qarşı yox, başqa ölkəyə qarşı etsələr də, bizim ölkəmizin 700 mindən çox vətəndaşı evlərindən didərgin düşmüş, əmlakını, əkin torpaqlarını itiriblər. Bu dövlətlərin münaqişəyə yanaşma tərzi göstərir ki, növbəti əlverişli şəraitdə, 10-15 kilometrlik cəbhə zolağından geri çəkilmiş Ermənistanda yaranacaq panikanı onun hər bir havadarı bu ölkəni özünə qeydsiz-şərtsiz daha sıx bağlamaq üçün istifadə edəcək.

Ona görə də, hansısa erməni müttəfiqinin müəyyən siyasi risklər bahasına beynəlxalq qanunların işləmədiyi “boz zona” olan Dağlıq Qarabağda qoşun saxlamasına ehtiyacı yoxdur. Əgər bölgədə müharibə başlayarsa və hər hansı Ermənistan havadarının bu müharibədə iştirak etmək niyyəti olarsa, 2-3 sutka intervalı ona kifayətdir ki, ordusunu bölgəyə gətirsin və müəyyən stabil konflikt ocağını “dondurub” saxlamaqla öz maraqlarını təmin etsin. Bu konflikt ocağının ölçüsü erməni geosiyasi arzularının sərhədləri ilə üst-üstə düşməyə də bilər.

Aydın məsələdir ki, belə durum Ermənistanın mənafelərinə qətiyyən uyğun deyil. Bu 1600 illik san-şöhrətsiz, dövlətçiliksiz tarixində ilk dəfə özünü qələbə çalmış hiss edən xalq üçün psixoloji tragediya olacaq. İşğal olunmuş torpaqların bir hissəsinin itirilməsi, erməni cəmiyyətində bədbinliyi bir neçə qat artıracaq, əhalini daha sürətlə mühacirətə təhrik edəcək, onun dövlətçilik perspektivlərini dumanlı edərək, Rusiyanın sıravi bir əyalətinə çevrilməsi peosessini eksponensial şəkildə sürətləndirəcək.

Əlbəttə, bu durumun bizim üçün nə dərəcədə sərfəli olması məsələlərini müzakirə xaricində saxlayaraq, erməni siyasi elitasının bu strateji tupikdən hansı yolla çıxmaq cəhdinə nəzər yetirək.

Hesab edirik ki, son dövrdə ermənilərin Naxçıvanla bağlı informasiya qabartmaları bununla bağlı ola bilər. Erməni mətbuatı israrla dünyaya yaymağa çalışır ki, Naxçıvan cəbhəsində Azərbaycan ordusu atəşkəsi daha tez-tez pozur. Naxçıvanda yerləşən Azərbaycan ordu birləşməsi İrəvan-Vayk-Qafan sossesi istiqamətində aktiv hərbi əməliyyatlar planlaşdırır ki, Azərbaycan ordusu Qarabağ istiqamətində hücuma keçərsə, bu strateji əhəmiyyətli cəbhə kommunikasiyasını qapasınlar. Bu haqda keçmiş erməni kəşfiyyatçısı Vova Vartanov daha çox bəyənatlar verir. Məlumatın, özünü hərbi qərarlar verilən mərkəzə yaxınlığını xususi qeyd etməyə çalışan Vova tərəfindən yayılmasını nəzərə alarsaq, bunu yüksək eşelonlarda hazırlanıb təsdiq olunmuş bir dezinformasiya kompaniyasının elementi kimi də qəbul etmək olar.

Bu kompaniyaya erməni nəşriyyatçısı Vigen Akopyana məxsus “Reqnum” və İAREX saytlarının ştatlı eksperti rolunu oynayan hərbi-siyasi ekspert Qriqori Trofimçuk da cəlb olunub. Onun da bir birinə zidd bəyənatları Naxçıvanın gələcək müharibədə iştirakı məsələsini rezonanslaşdırmaq məqsədi güdür. Əlbəttə, hansısa bir ali və ya hərbi təhsili olması haqqında heç öz avtobioqrafiyasında belə məlumat olmayan Qriqori Trofimçuk Naxçıvanın regiondakı rolunu anlamağa həqiqətən çətinlik çəkə bilər. Çünki orta ixtisas rəssamlıq məktəbinin məzunu tarixi prosesləri anlamaya da bilər. Amma yaxın dostlar üçün onlara xoş gələn şeyləri də danışmaq olar.

Hərbi kafedra səviyyəsində hazırlığı olan hər bir ehtiyat üçün hazırlanan zabiti başa düşür ki, Naxçıvanın şimal sərhədlərindən İrəvan-Vayk-Gorus şossesinə qədər müxtəlif yerlərdə cəmi 20-30 kilometr məsafə olmasına baxmayaraq, əməliyyat rayonu elə yüksək dağlıq ərazidə yerləşir ki, oradan heç bir təkərli və tırtıllı texnikanın keçib bu yola hücum edə bilməsi haqqında söz ola bilməz. Ora həmin dağlıq əməliyyat rayonu ilə mexanikləşdirilmış hərbi birləşmələrə dəstək üçün yalnız yardımçı, məhdud döyüş qabiliyyətinə və zaman dözümlüyünə malik kiçik təxribat dəstələri göndərmək mümkündür ki, əsas qüvvələr gələnə qədər keçid və bərələri əldə saxlaya bilsinlər. O dəstələr, arxasında sıx yol qovşaqları olan düşmən hərbi birləşmələrinə qarşı müstəqil hərbi əməliyyat aparmaq qabiliyyətinə malik deyillər. Dünyanın heç bir təxribat və ya desant qüvvələri belə döyüş vəzifəsini yerinə yetirmək qabiliyyətinə malik deyil. Naxçıvanda yerləşən əsas qüvvələr Vayk nəqliyyat qovşağına hücum etmək üçün, gərək Şahbuz-Biçənək-Angexakot yolu ilə Vayk-Gorus yoluna çıxıb Vayka hücum etsinlər. Bu yollar dəniz səviyyəsindən 2200-2300 metr hündürlükdə yerləşən dolambac dağ yolları olaraq, əhalisi sıx rayonlardan keçir. Və düşmən ərazisindən keçən təxminən 120-130 kilomertlik təchizat kommunikasiyası yaradır. Ən əsası isə Rusiyaya məxsus sərhəd qoşunlarının Meğri dəstəsinin arxasına çıxaraq, onun kommunikasiyasını qapayır. Bu isə Rusiyanın müharibəyə qarışmasına formal qanuni əsaslar yarada bilər. İkinci yol isə Sədərəkdən keçərək, əhalisi daha sıx erməni rayonlarını dolaşaraq, Vayka çıxır. Kommunikasiyanın uzunluğu təxminən birinci istiqamətdəki kimidir. Ümumiyyətlə, Vayk şosse nəqliyyat qovşağının tutulması Rusiya Federasiyasının Meğri sərhəd dəstəsinin blokadası deməkdir ki, Rusiyanın bu faktı hansı formada qiymətləndirəcəyini qabaqcadan müəyyənləşdirə bilmərik.

Bunları qeyd edərək, əsas məsələlərə yaxınlaşırıq. Naxçıvan Muxtar Respublikası Ermənistan Respublikası ilə birbaşa həmsərhəd olduğundan, onun ərazisində hərbi əməliyyat aparmaq, KTMT hərbi ittifaqına müharibə elan etməkdir ki, onun da hərbi qüvvələrinin özəyini Rusiya ordusu təşkil edir. Rusiyanın reaksiyasını, yuxarıda qeyd etdiyimiz kimi, aydınlaşdırmaq mümkün deyil. Formal olaraq, bu Müstəqil Dövlətlər Birliyinin ümumi hərbi komandanlığına müharibə elanıdır.

Əlbəttə, Qazax-Tovuz rayonlarımızın ərazisinə Ermənistanın Noyamberyan rayonundan olunan təxribatlara cavab olaraq, ordumuz çəkinməyərək, düşmənə atəş həmlələri edir, onun təxribatçı dəstələri sərhədin düşmən tərəfinə qədər də təqib olunur. Lakin bunlar lokal mövqe döyüşləri xarakteri daşıyır. Böyük hərbi birləşmələrin Ermənistan ərazisinə reydləri, əlbəttə, onun müttəfiqləri tərəfindən başqa səviyyədə qəbul oluna bilər. Buradan görünür ki, hərbi əməliyyatlar başlayarsa, Naxçıvan ordu qrupunun zərbə məqsədilə tətbiqinin nəhəng operativ əhəmiyyətinə baxmayaraq, strateji cəhətdən məqsədəuyğun deyil. Bu ordu qrupu çox böyük və güclü olsa da, yalnız müdafiə xarakterli döyüş tapşırığı yerinə yetirməlidir.

Erməni rəhbərliyi bunu gözəl anlasa da, təbliğatını o yöndə qurur ki, guya Naxçıvan Ordu qruplaşması bütün texnikası ilə 3000 metrlik dağ silsiləsini aşaraq qəfil sıçrayışla transermənistan nəqliyyat kommunikasiyasını ortadan kəsib onların ölkəsini iki yerə böləcək, əlavə olaraq Rusiya sərhədçilərini də Meğri bölgəsində kommunikasiya blokadasına salacaq.

Bunun da öz məqsədi var. Ermənistan təbliğatının məntiqi son məqsədi uzaqdan görünür. Əgər hərbi əməliyyatlar başlayarsa, Naxçıvana provokasiya məqsədi ilə hücum edib, orada yeni cəbhə görünüşü yaratmaqla, Rusiyanı döyüş əməliyyatlarına qoşulmağa məcbur etmək.

Əlbəttə, Yaxın Şərqə məxsus bazar hiyləgərliyi səviyyəsində çox hiyləgər plandır. Təbii ki, bunlar ordumuz üçün yeni əməliyyat, döyüş, logistik problemləri yaratmaqla əlavə döyüş tapşırıqları ilə kritik yükləmək nəticəsində onun idarəetmə orqanlarının təşkilat qabiliyyətini pozmağa gətirib çıxara bilər.

1918-ci 1921-ci illərdə Naxçıvana ərazi iddiaları edən Ermənistan iki dəfə oranı hərb yolu ilə almaq üçün müharibəyə başlayıb. Birinci dəfə Azərbaycan hökümətinin demək olar, yalnız mənəvi köməkliyi ilə yerli özünümüdafiə dəstələri tərəfindən məğlub olublar. İkinci dəfə isə Osmanlı qoşunlarının Ermənistana hücumu ilə ikinci cəbhə açıldığından, bolşevik işğalına məruz qalmış Azərbaycan Respublikasının köməyi olmadan, Naxçıvan özünümüdafiə qüvvələri ərazisini qoruya bildi. O zaman Türkiyə məğlub etdiyi Ermənistana Naxçıvan barəsində müddəalarını da qəbul etdirdi. 1921-сi ildə Türkiyə ilə Sovet Rusiyası arasında bağlanmış Qars Müqaviləsinin 5-ci bəndinə görə Naxçıvan Muxtar vilayət olaraq Azərbaycanın protektoratında olan bir ərazi olmalıdır. Onun üçüncü bir dövlətə verilməməsinə Qars müqaviləsi iştirakçısı olan hər dörd dövlət (Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan) cavabdehdir və qarantdırlar.
Bu müqavilə ənənəsindən əmələ gələn müddəaya görə, Naxçıvan ərazisinə üçüncü dövlətin təcavüzü orada leqal əsaslarla Türk Silahlı Qüvvələrinin yerləşməsinə gətirib çıxara bilər. Bu isə müəyyən fatal şərtlər üst-üstə düşərsə, öz protektoratı Ermənistanın mənafelərini qoruyan Rusiya və Türkiyə arasında münaqişəyə də gətirib çıxara bilər.

Erməni təbliğat mətbəxi hal-hazırda bu fatal şərtləri hazırlamağa cəhd göstərir. Lakin iki dünya müharibəsi təcrübəsi keçmiş böyük dövlətlər belə davranışın nəyə gətirib çıxara bidiyindən məsuliyyətləri də gözəl anlayırlar. Hələ Birinci Dünya Müharibəsi ərəfəsində alman Kayzeri bir balkan millətçi partiyası haqqında deyirdi: “Bu cılız məxluqlar dünya evində yanğın törədərək öz zövqsüz qayğanaqlarını bişirmək arzusu ilə yaşayırlar”.

Hərbi ekspert Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*