Saytımıza xoş gəlmisiniz

Ekspert: “Azərbaycanın da S-400 almaq imkanı var”

Oxunma sayı: 149

dea72a90f9015e3505e299d8d6f63dd3

Şahin Cəfərli: “Bəlkə də Azərbaycan S-300-dən daha geniş imkanlara malik S-400-ə, yaxud bu silahın Qərb və ya İsrail istehsalı olan analoquna ehtiyac duya bilər”

Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması, ABŞ-ın isə NATO üzvü olan Türkiyənin bu addımına qarşı çıxması adıçəkilən raket kompleksini dünya mediasının diqqətinə gətirib. Hansı ölkələrin bu silaha sahib olub-olmadığı, daha kimlərin sahib ola biləcəyi kimi müzakirələr açılır.

Qeyd edək ki, S-400 sistemində istifadə olunan ən güclü raketin sürəti təxminən saatda 17 min kilometr sürətə çata bilir. Bu, sərnişin təyyarəsinin sürətinin 22 qatına bərabərdir. S-400-lər aerodinamik təyyarələr və idarə olunan raketlər kimi düşmən hədəflərini 400 kilometr mənzildə təqib edərək 250 kilometr məsafədə məhvetmə imkanlarına sahibdir. Səsdən 5-8 dəfə artıq sürətlə hərəkət edən ballistik raketləri məhv etmək potensialı isə 60 kilometrdir. Havada vura biləcəyi hədəflərin yüksəklik həddi 27 min metrdir. Sistemin radarı eyni anda 300 hədəfi təqib etmək xüsusiyyətinə malikdir. Batareyalardakı raketlərin sayına görə 36 hədəfə eyni anda atəş aça bilir. Tamamilə mobil olan sistem atəş vəziyyətinə 5 dəqiqəyə kimi qısa vaxtda gətirilir.

Bəs Azərbaycan da S-400 hava hücumundan müdafiə sistemləri ala bilərmi? Əvvəla, ölkəmizin maliyyə gücü buna yetərmi? İkincisi, Rusiya bu silahı bizə satarmı? Üçüncüsü, ABŞ buna da etiraz edər? Azərbaycanın NATO üzvü olmaması bu məsələdə işimizi asanlaşdırırmı?

Beynəlxalq məsələlər üzrə ekspert Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında S-300 zenit-raket kompleksləri var: “Bu kompleks Azərbaycanın əldə etdiyi digər silah sistemləri ilə birlikdə Ermənistandan qaynaqlanan təhdidlərin qarşısının alınması üçün yetərlidir. Bu baxımdan hazırda S-400-ə ciddi ehtiyac duyduğumuza əmin deyiləm. Amma təbii ki, dövlətlər bütün potensial təhdidləri nəzərə alaraq öz müdafiəsini qurur və buna uyğun silahlanır. Azərbaycanın siyasi və hərbi rəhbərliyi də böyük ehtimalla bu cür dəyərləndirmələr, analizlər apararaq öz müdafiə siyasətini müəyyənləşdirir. Əlbəttə ki, biz təhdid dəyərləndirməsi apararkən təkcə hazırda müharibə vəziyyətində olduğumuz Ermənistanı nəzərə almamalıyıq, digər ölkələrdən gələ biləcək təhlükələri də nəzərə alıb, ona uyğun siyasət qurmaq lazımdır. Söhbət ondan getmir ki, sabah həmin ölkələr-qonşular bizə hücum edə bilər. Sadəcə olaraq, güclü dövlət o dövlətdir ki, bütün mümkün və ehtimal edilən təhlükələrə qarşı hazırlıqlı olur. Bu baxımdan bəlkə də Azərbaycan S-300-dən daha geniş imkanlara malik S-400-ə, yaxud bu silahın Qərb və ya İsrail istehsalı olan analoquna  ehtiyac duya bilər, açığı, bu barədə konkret fikir söyləməyə çətinlik çəkirəm”.

Ş.Cəfərli qeyd etdi ki, Azərbaycanın S-400 almaq üçün maliyyə imkanları var. Amma bu cür addım ABŞ-la münasibətlərdə problem yarada bilər: “Azərbaycan NATO üzvü olmasa belə, ABŞ bu addımdan razı qalmaz. Konqresin 2017-ci ildə qəbul etdiyi CAATSA qanununa əsasən Rusiyadan bu tip strateji silahlar alan ölkələrə də sanksiyalar tətbiq olunur. Bu baxımdan düşünürəm ki, hətta Azərbaycanın S-400-ə ehtiyacı yaransa belə, ABŞ-la münasibətləri korlamamaq naminə hökumət çox ehtiyatlı hərəkət etməyə üstünlük verər. Bir məqam da önəmlidir ki, Azərbaycan silahlanmada eyni mənbədən asılı vəziyyətə düşməməlidir. Xüsusən də, bu mənbə Rusiya kimi neoimperial siyasət yeridən dövlətdirsə. Ona görə də İsrail bazarı bizim üçün çox önəmlidir. Yüksək texnologiyalı silah sistemləri istehsal edən azsaylı dövlətlərdən biri olan İsraillə münasibətlərin hazırkı səviyyəsinin qorunması və inkişafı Azərbaycan üçün həyati əhəmiyyətlidir və bu yöndə rəsmi Bakının apardığı siyasət düzgündür”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*