Saytımıza xoş gəlmisiniz

Ekspert: Belarusun Dağlıq Qarabağ məsələsinin həllində ərazi bütövlüyü prinsipinə sadiq qalması status-kvonu saxlamaq istəyənlərə qəti cavab oldu

Oxunma sayı: 26

aydin_guliyev_010818

Prezident İlham Əliyevin Minskə səfəri ilə 25 illik dinamik inkişaf tarixi olan Azərbaycan-Belarus münasibətlərində yeni dövrün əsası qoyuldu. Bunu Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşünün maraqlı və çoxvektorlu olacağı əvvəldən bəlli idi:

“Təkcə bu faktı nəzərə alaq ki, beynəlxalq münasibətlər tarixində iki ölkə liderinin yüksək görüşdən qabaq səfirlərlə əlahiddə görüşməsi çox nadir hallarda rast gəlinən praktikadır. Öncədən bu görüşün nəticələrini müxtəlif motivlərlə izləyən və hətta bu görüşün əleyhinə işləyən qüvvələr də var idi. Lakin liderlərin tam anlaşıqlı şəxsi münasibətləri sayəsində görüş barədə bütün məqbul proqnozlar özünü doğrultdu və iki ölkənin münasibəti dərinləşmə və genişlənmə istiqamətində yeni mərhələyə çıxdı. 25 illik münasibətlərin onsuz da möhkəm əsası və nəzərəçarpan əhəmiyyətli nəticələri var idi. Lakin Azərbaycan Prezidentinin səfəri həm ortada olan indiyə qədərki nəticələri ümumiləşdirmək, həm də real və yeni istiqamətləri ortaya çıxarmaq nöqteyi-nəzərindən əhəmiyyətlidir. Bu kontekstdə Azərbaycan-Belarus münasibətlərinin yaxın perspektiv üçün beş əsas istiqamət üzrə böyük nəticələr hasil edəcəyinə şübhə yoxdur. Bunlar iqtisadi-ticarət, qarşılıqlı investisiyalar, hərbi-texniki əməkdaşlıq, beynəlxalq təşkilatlarda davamlı birgə fəaliyyət və üçüncü ölkələrin bazarlarının xalqların rifahı naminə birgə mənimsənilməsi istiqamətləridir”.

A.Quliyev qeyd edib ki, çox nadir hallarda iki ölkə liderinin münasibətləri Azərbaycanla Belarusun timsalında olduğu kimi arada heç bir qapalı mövzunun qalmadığı həddə qədər dərinləşə bilir:

“Bu, ölkələrimizin liderləri arasında həqiqətən səmimi və anlaşıqlı münasibətlərin sayəsində əldə olunmuş nəticədir. Hər iki dövlət başçısı müxtəlif ifadə formalarında təsadüfən demədilər ki, hətta ən mürəkkəb məsələləri konstruktiv əsaslarla müzakirə edə bilirlər. Azərbaycan və Belarus böyük iqtisadi potensiala və geosiyasi üstünlüklərə malik ölkələrdir. Ancaq dinamik inkişafda olan münasibətlər təkcə bu amilə yox, həm də şəxsən İlham Əliyevlə Aleksandr Lukaşenkonun səmimi dostluq və anlaşıqlı münasibətlərinə söykənir. Bu mənada Azərbaycan-Belarus münasibətlərinin daha da inkişaf edəcəyinə şübhə edilməməlidir. Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə əsasən gələcəyə yönəlik layihələr üzrə müzakirələr aparması yaxın gələcəkdə mühüm yeniliklərin olacağından xəbər verir”.

Ekspertin fikrincə, qəbul edilmiş birgə memorandumun dərin təhlili göstərir ki, iki ölkə yeni-yeni müqavilələr imzalamaq ərəfəsindədir: “Xüsusilə hərbi-texniki əməkdaşlıq barədə yeni müqavilənin imzalanması indi daha realdır. Bunu çoxdandır Belarusun Azərbaycana silah satması ətrafında hay-küy salmaq istəyən təcavüzkar Ermənistana çox tutarlı cavab zərbəsi saymaq olar. Dağlıq Qarabağ məsələsinin həllində Belarusun ərazi bütövlüyü və suverenlik prinsipinə bir daha sadiqlik nümayiş etdirməsi Qarabağda status-kvonu saxlamaq istəyənlərə qəti cavab mesajı oldu. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitindəki prinsipial davranışların ardınca cənab Lukaşenkonun Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirmək kursu nümayiş etdirməsi çox əhəmiyyətli mövqedir və Azərbaycan diplomatiyasının strateji müttəfiqlər çevrəsini müəyyənləşdirməkdə dəqiq seçimlərlə hərəkət etdiyini ortaya qoyur”.

A.Quliyev vurğulayıb ki, Azərbaycan regionda uğurlu fəaliyyət göstərən bir neçə üçtərəfli əməkdaşlıq formatının müəllifidir: “Hesab etmək olar ki, Azərbaycanla Belarusun imkanları hesabına yeni bir üçtərəfli əməkdaşlıq formatı yarana bilər. Azərbaycan və Belarus prezidentlərinin qardaş Türkiyədə traktorların yığılması ilə bağlı fikirləri daha böyük layihələrin ilkin əlaməti və Azərbaycan-Belarus-Türkiyə üçtərəfli formatının konturları kimi görünür. Beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycan Prezidentinin nə qədər dəqiq hesablarla hərəkət etdiyini Belarusun Şimal-Cənub dəhlizinə qoşulması növbəti dəfə təsdiqlədi. Hər iki ölkədə milyardlarla dollarlıq yeni qarşılıqlı investisiyalara şəraitin açılması böyük perspektivlərdən xəbər verir”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*