Saytımıza xoş gəlmisiniz

Ekspert: Sankt-Peterburqda cılız Ermənistan rəhbərliyi qarşısında praqmatik baxışlara söykənən xarizmatik Azərbaycan lideri dayanmışdı

Oxunma sayı: 323

behruz_quliyev_0210718

“Azərbaycanın MDB məkanındakı yeri və rolu hər zaman xüsusi önəm kəsb edib və biz bu gerçəkliyin adıçəkilən Birliyin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə toplantısında növbəti dəfə şahidlərinə çevrildik”.

Bu fikirləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

Siyasi ekspert xatırladıb ki, zirvə toplantısında Azərbaycanın əhəmiyyətini bəzi diqqətçəkən məqamlar bir daha göstərib: “Xüsusilə Mariinski Teatrında təqdim edilən tamaşa zamanı digər MDB ölkə rəhbərlərindən fərqli olaraq Prezident İlham Əliyevin Rusiyanın lideri Vladimir Putinlə eyni sırada və yanında əyləşməsi qarşı tərəfin dövlətimizin başçısına göstərdiyi sayğı və ehtiramın bariz göstəricisi kimi qiymətləndirilməlidir. Yəni həm siyasi baxımdan, həm də şəxsi nöqteyi-nəzərdən Putinin İlham Əliyev cənablarına bu münasibəti xüsusi ehtiramın nümayişidir. Halbuki Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sıranın sonunda və cangüdənlərə yaxın yerdə əyləşdirilmişdi və bu fakt da medianın gözündən yayınmadı. Bunun isə əlbəttə ki, bir sıra səbəbləri var. Bu, ilk növbədə, Ermənistanın mövcud hakimiyyətinin siyasi diplomatiyası və xarici siyasətində buraxdığı köklü səhvlərin növbəti təzahürləridir”.

B.Quliyev əlavə edib ki, bütün bunların kökündə dayanan əsas faktor bu ölkənin işğalçılıq siyasəti yürütməsidir: “Eyni zamanda, “məxməri inqilab” deyilən idarə olunmuş bir siyasi proses vasitəsilə ortaya atılan Paşinyanın və ətrafının ilk günlərdən anti-Rusiya xarakterli çıxışlar etməsi də onun Santk-Peterburqda düşdüyü ağır duruma açıq dəlalətdir. Ermənistanın Avrasiya İqtisadi İttifaqı və KTMT-də rüsvayçılığa uğraması, həmçinin Nikol Paşinyanın heç bir siyasi diplomatik, eləcə də etik çərçivəyə sığmayan hərəkət və davranışlarının bu qurumlarda xüsusi çəkisi olan ölkə rəhbərləri tərəfindən sərt şəkildə qınanılması onun ölkəsinin nüfuzunun daha da aşağıya düşməsinə səbəb oldu. Ümumiyyətlə, Ermənistanın siyasi, iqtisadi və sair sferalarda aldığı ardıcıl məğlubiyyət zərbələrinin hər birində güclü, qüdrətli Azərbaycan faktorunu görmək mümkündür. Yəni yuxarıda qeyd edilən hər bir nüans, hər bir məqam bilavasitə Azərbaycanın diplomatik qələbəsi olaraq qiymətləndirilir”.

Baş redaktor əlavə edib ki, qeyri-rəsmi sammitdə cılız və gərəksiz Ermənistan rəhbərliyi qarşısında praqmatik baxışlara söykənən xarizmatik Azərbaycan lideri dayanmışdı: “Bu məqamın da təhlilini apararkən o nəticəyə gələ bilərik ki, Prezident İlham Əliyev diplomatik baxımından məhz öz strategiyasını müəyyənləşdirir və bu strategiya istər bu, istərsə də digər beynəlxalq toplantılarda uğurlu təsdiqini tapmaqdadır. İstər milli maraqlarımızın qorunmasına, istərsə də ölkəmizin beynəlxalq arenadakı mövqeyinin yüksəlməsinə xidmət edən bu diplomatik strategiya qarşıda daha böyük uğurlara imza atmağımıza səbəb olacaq”.

“Yeri gəlmişkən, daha bir diqqətçəkici məqam Prezident İlham Əliyevin toplantı çərçivəsində Azərbaycanın üzvü olmadığı KTMT ölkələrinin rəhbərləri ilə müxtəlif səpkilərdə müzakirələr aparmasıdır”, – deyən B.Quliyev bu müzakirələrdə yalnız Ermənistanın kənarda qaldığına diqqəti çəkib:

“Ermənistanın KTMT-yə üzv olmasına rəğmən, bu ölkənin təmsilçisinin bəlli səbəblərdən baş katiblik vəzifəsindən uzaqlaşdırılmasının ardınca, seçiləcək yeni baş katibin yenidən erməni təmsilçisi olması məsələsi qapadılıb. Halbuki Ermənistan tərəfi bu postun 2020-ci ilə qədər onlara məxsus olduğunu iddia edir. Hətta Azərbaycanın bu quruma müşahidəçi qismində üzv yazılması ehtimalı barədə danışılarkən erməni tərəfi cidd-cəhdlə bu qərarın verilməyəcəyini “əminliklə” bəyan edirdi. Lakin biz bütün bunların tam əksini gördük. Hətta ölkəmiz KTMT-də müşahidəçi qismində deyil, bilavasitə ayrı dövlət olaraq sözünü deyir və bu quruma üzv olan ölkələrin rəhbərləri ilə görüşüb müzakirələr aparır. Əlbəttə ki, bu reallıq Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi diplomatik gücünün, qətiyyət və iradəsinin məntiqi nəticəsi, Ermənistanın isə yanlış siyasətinin, uğursuz strategiyasının, ən əsası isə Azərbaycan qarşısındakı məğlubiyyətinin aşkar göstəricisidir”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*