Saytımıza xoş gəlmisiniz

Eldar Səmədov: Azərbaycan Prezidentinin tapşırığı ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üzrə işlər davam etdirilir (MÜSAHİBƏ)

Oxunma sayı: 95

trend_eldar_samadov_060516

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovun Trend-ə müsahibəsi

– Eldar müəllim, təmsil etdiyiniz qurum bu gün dövlətimizi və xalqımızı çox narahat edən kifayət qədər ciddi bir problemin həlli ilə məşğuldur. Öncə Dövlət Komissiyasının 2017-ci il ərzindəki fəaliyyəti, beynəlxalq əməkdaşlıq, görüşlər və müzakirələrlə bağlı məlumat verməyinizi xahiş edirik.

– Ermənistanın ölkəmizə qarşı ərazi iddialı hərbi təcavüzü ilə başlayan Dağlıq Qarabağ münaqişəsi Azərbaycana ağır humanitar problemlər gətirdi. Respublikamız hələ də bu problemdən əziyyət çəkir. Humanitar problem etnik təmizləmənin aparılması, insanların əsir-girov götürülərək saxlanması və itkin düşərək sonrakı taleyinin qaranlıq qalması ilə müşayiət olunur. Münaqişənin başladığı ilk dövrdə çox sayda vətəndaşımız əsir və girov götürülmüş, itkin düşmüşdü. O dövrdə yaranmış humanitar problemin həll edilməsi üçün 1993-cü ilin yanvar ayında mərkəzləşmiş dövlət qurumu – Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradıldı.

Artıq 25 ildir fəaliyyət göstərən Dövlət Komissiyası və İşçi qrupu 2017-ci il ərzində qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirib. İl ərzində Komissiya əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların sayının dəqiqləşdirilməsi, əsir və itkin düşmüş vətəndaşlarımızın azad edilməsi, axtarış-araşdırma tədbirləri, vətəndaşlarla iş və bioloji nümunələrin toplanması istiqamətində işlərini davam etdirib.

Komissiya, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsi və dünya (o cümlədən ölkə) ictimaiyyətinin məlumatlandırılması ilə bağlı tədbirlər həyata keçirib, beynəlxalq əməkdaşlıq çərçivəsində görüşlər və müzakirələr aparıb. Bundan əlavə, Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri ilə bağlı Azərbaycan, rus və ingilis dillərində kitab və DVD-lər nəşr edilərək respublikamızda və xarici ölkələrdə yayılıb, bir sıra konfranslar təşkil edilib və bu xarakterli tədbirlərdə təmsilçilik həyata keçirilib.

İlin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev 2016-cı il dekabrın 29-da həlak olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb. Komissiya sədri Mədət Quliyev Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insident zamanı şəhid olmuş hərbçimizin meyitinin alınması ilə bağlı məsələnin Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu və bununla əlaqədar dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqların verildiyini qeyd edib. O, şəhid əsgərin meyitinin qaytarılmamasını Ermənistan tərəfindən Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması kimi qiymətləndirib.

Beləliklə, beynəlxalq təşkilatlarla aparılmış müntəzəm danışıqlar nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş və Azərbaycan Prezidentinin sərəncamı ilə respublikamızın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi 5 fevral 2017-ci il tarixdə qarşı tərəfdən alınıb.

Bundan başqa, Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə görülmüş zəruri tədbirlər nəticəsində 23 noyabr 2017-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində tapılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti 28 noyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində Azərbaycan tərəfinə təhvil verilib.

– Eldar müəllim, hazırda erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində hansı işlər görülür?

– Ümumiyyətlə, hesabat dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə müntəzəm görüşlər keçirilib, müzakirələr aparılıb. Danışıqlar prosesində yuxarıda qeyd edilən məsələlərlə yanaşı, 2014-cü ilin iyul ayında Kəlbəcər rayonu ərazisində Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Əsgərov Dilqəm Qardaşxan oğlu və Quliyev Şahbaz Cəlal oğlu, 1 fevral 2017-ci il tarixdə Tərtər rayonu, Talış kəndi istiqamətində, qoşunların qarşıdurma xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə saxlanılmış Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi, 26 dekabr 2014-cü il tarixdə Azərbaycanın Ağdam rayonu ərazisində, qoşunların qarşıdurma xəttində kəşfiyyat-təxribat əməli törətməyə cəhd edərkən saxlanmış və Azərbaycan məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi Arsen Baqdasaryan və 20 iyun 2017-ci il tarixdə Azərbaycan ərazisində saxlanmış Ermənistan vətəndaşı Karapetyan Zaven Avanesoviçlə bağlı məsələlər diqqət mərkəzində olub.

Qeyd etdiyim kimi, beynəlxalq təşkilatlarla keçirilən bütün görüşlərdə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələ qaldırılıb.

Azərbaycan Prezidentinin tapşırığı ilə 2015-ci ilin dekabr ayında Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurerlə keçirilmiş görüş zamanı Baş nazirin müavini Əli Həsənov erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin müasir kommunikasiya imkanlarından istifadə etməklə ailə üzvləri ilə təmas qurması üçün köməkliyin göstərilməsini xahiş edib. 2016-cı ilin noyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsi ilə keçirilmiş görüş zamanı bu məsələ ətraflı müzakirə edilib, eyni şəraitin Azərbaycanda saxlanılan Ermənistan hərbçisi Arsen Baqdasaryan üçün də yaradılması barədə qarşılıqlı razılıq əldə edilib. Əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən, 2017-ci ilin fevral ayından etibarən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Arsen Baqdasaryanın videomüraciətləri ailələrinə, ailələrindən alınmış videomüraciətlər isə saxlanma yerlərində əsir-girovlara təqdim edilib. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində saxlanılan şəxslər üçün tətbiq edilən ilk haldır.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi istiqamətində aparılan işlər davam etdirilir.

– Dövlət Komissiyası tərəfindən hazırda itkin düşmüş şəxslərlə bağlı araşdırma tədbirləri və siyahılarda dəqiqləşdirmələr aparılır. Bu işdə hansı yeniliklər var?

– Öncə qeyd etmək lazımdır ki, siyahılarda dəqiqləşmə işinin aparılmasının və qısa müddət ərzində yekunlaşmasının zəruriliyi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Dövlət Komissiyasının sədri Mədət Quliyev tərəfindən 2015-ci ilin dekabr ayında İşçi qrupunun qarşısında təxirəsalınmaz vəzifə kimi müəyyən edilib. Bu gün biz bu vəzifənin öhdəsindən gəldiyimizi və siyahının dəqiqləşdiyini deyə bilərik. Bununla yanaşı, münaqişənin xarakterini nəzərə alaraq qeyd etmək lazımdır ki, sonrakı araşdırma prosesində vətəndaşlarımızın intensiv hərbi əməliyyatların gedişində itkin düşməsi halları müəyyən edilə və onların qeydiyyatı aparıla bilər.

İtkin düşmüş şəxslərlə bağlı Komissiyada mövcud olan siyahıda dəqiqləşmə işi və BQXK ilə mövcud olan siyahıda fərqin aradan qaldırılması sahəsində tədbirlər ötən il də davam etdirilib və 2 itkinin taleyinə aydınlıq gətirilərək adları qeydiyyatdan çıxarılıb. Bununla yanaşı, hesabat dövründə aparılmış araşdırma zamanı 10 nəfərin də atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və adları müvafiq siyahıya salınıb. 1 dekabr 2017-ci il tarixə olan məlumata görə, 3875 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Həmçinin, BQXK-nın siyahısından keçməyən şəxslərlə bağlı araşdırmalar aparılıb və qurumun prosedurlarına uyğun olaraq qeydiyyatın aparılması üçün yaxınlarının bu quruma yazılı müraciət etmələri üçün aidiyyəti ünvanlar üzrə sorğular verilib. Bu məqsədlə onlarla itkinin axtarış işinin bərpası ilə bağlı vətəndaşlardan alınmış izahatlar BQXK-ya göndərilib. Qurum tərəfindən 29 nəfərin əlavə olaraq qeydiyyata alındığı məlum olub. Hazırda BQXK-da itkin düşmüş şəxs kimi 3800 nəfər qeydiyyatdadır və Komissiya ilə aradakı fərq 75 nəfərə bərabərdir. Məlumat üçün bildirm ki, 2015-ci ildə bu fərq 300 nəfərdən çox idi.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi arasında imzalanmış “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında AnteMortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, BQXK mütəxəssislərinin təlim-kurs keçdiyi hər iki tərəfə aid mütəxəssislər tərəfindən itkin düşmüş şəxslərin yaxın qohumlarından cari il ərzində bioloji nümunələrin (bukkal) toplanması işi davam etdirilib. Hesabat dövründə Şirvan şəhəri və Neftçala, Hacıqabul, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Lənkəran, Astara, Masallı, Xızı, Zərdab, Ağcabədi və Yevlax rayonları üzrə 332 itkinlə bağlı 994 donordan bioloji nümunə toplanıb. Bütövlükdə prosesin başladığı 2014-cü ildən ötən müddət ərzində isə 1458 itkinlə bağlı 4234 nümunə toplanıb. Nümunələrin götürüldüyü məntəqəyə gəlmək imkanı olmayan şəxslərin evlərinə ayrıca mobil qruplar göndərilib və proses orada həyata keçirilib.

2011-ci ilin yanvar ayında Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət Komissiyası arasında imzalanmış “AnteMortem/PostMortem məlumat bazasının istifadəsi” üzrə Proqram Təminatı Müqaviləsi ilə bağlı ardıcıl işlər davam etdirilib. Hesabat dövründə 429 itkin düşmüş şəxs barədə 434 anket məlumatı bazaya əlavə olunub. Prosesin əvvəlindən keçən müddət ərzində isə 2897 itkin düşmüş şəxs barədə 2941 anket məlumatı bazaya yüklənib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, həmçinin əsir-girovluqdan azad edilmiş Azərbaycan vətəndaşlarına aid elektron məlumat bazalarının “Microsoft office Access” proqramı əsasında ötən il yaradılmış yeni versiyalarına məlumatların daxil edilməsi və əvvəlki məlumatların redaktəsi işi davam etdirilib.

İtkin düşmüş şəxslərə aid fotoşəkillərin toplanması işi davam etdirilib, skaner edilərək müvafiq proqramda işlənərək bazaya əlavə edilib. Fotoşəklinin tapılması mümkün olmayan 160 itkin şəxsin fotorobotlarının hazırlanmasında texniki dəstəyin göstərilməsi məqsədilə Daxili İşlər Nazirliyinə ünvanlanmış məktuba əsasən, Bakı və Sumqayıt şəhərləri, o cümlədən Abşeron rayonu üzrə 46 nəfərə aid fotorobot hazırlanıb.

Silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin axtarışını tənzimləyən müvafiq təlimatın tələblərinə əsasən, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının hər biri üçün Daxili İşlər Nazirliyinə göndərilməsi məqsədilə “Tanınma kartı” blankının elektron formatda doldurulması işi də davam etdirilib. Hazırda 3300 nəfərə aid məlumat yığılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş və tanınmadan dəfn edilmiş meyitlərə aid məzar yerlərinin GPS koordinatlarının çıxarılması və sonradan elektron xəritənin hazırlanması işi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yer quruluşu Layihə-Tədqiqat Mərkəzi ilə birlikdə davam etdirilib, əlavə olaraq Bərdə şəhərində olan 6 naməlum məzar yerinin GPS koordinatları çıxarılaraq qeydiyyata alınıb. Ümumiyyətlə, proses zamanı intensiv hərbi əməliyyatlar dövründə həlak olaraq ölkə ərazisində tanınmadan dəfn edilmiş 195 naməlum məzar yeri müəyyənləşdirilib, onlardan 185-nin GPS koordinatı çıxarılıb.

Bundan başqa, cari ilin aprel-may aylarında İmişli rayonunun “Şəmmədli” qəbiristanlığında aşkarlanmış 11 məzarda dəfn edilmiş meyitlərin fotoşəkillərinə baxış zamanı 5 itkin ailəsi onları tanıdıqlarını iddia etdikləri üçün məsələ ətraflı araşdırılıb. Bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi və respublikanın hüquq-mühafizə orqanları ilə müzakirələr aparılıb, məsləhətləşmələr keçirilib. Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə təxirə salınmadan itkinlərin yaxınlarından – ümumilikdə 17 donordan DNT nümunələri götürüb və onlara araşdırmaların qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilməsinin zəruriliyi izah edilib.

Qeyd olunanları və meyitləri aşkar edilmiş şəxslərin şəxsiyyətlərinin tezliklə müəyyən edilərək qohumlarına təhvil verilməsi barədə itkin ailələrinin müraciətlərini nəzərə alaraq, İmişli rayonunda naməlum məzar yerlərinin aşkar edilməsi ilə bağlı məsələnin araşdırılması, eləcə də araşdırmanın gedişində tibbi-genetik ekspertizanın aparılması məqsədilə Dövlət Komissiyasının sədri Mədət Quliyevin imzası ilə Azərbaycan Baş prokuroruna məktub ünvanlanıb. Hazırda müvafiq qurum tərəfindən məsələ araşdırılır.

– Münaqişə başlayandan bu günə kimi nə qədər vətəndaşımız əsir və girovluqdan azad edilib?

– Dağlıq Qarabağ münaqişəsi zamanı əsir-girovluqdan azad edilmiş şəxslərə aid məlumatların dəqiqləşdirilməsi məqsədilə 2017-ci il ərzində bir sıra rayonlara sorğular göndərilib, daxil olmuş cavablar ilkin olaraq təhlil edilib, məlumatlar müvafiq bazalara əlavə edilib. Araşdırma nəticəsində 6 nəfər Azərbaycan vətəndaşının intensiv hərbi əməliyyatların getdiyi dövrdə əsir-girovluqda olması və sonradan azad edilməsi faktı aşkarlanıb və adları qeydiyyata alınıb. 1 dekabr 2017-ci il tarixə olan məlumata görə, 1443 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

– Beynəlxalq əlaqələrin qurulması və dünya, o cümlədən ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində hansı tədbirlər görülüb?

– Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-leytenant Mədət Quliyev tərəfindən təsdiq edilmiş müvafiq tədbirlər planına əsasən, Ermənistanın Azərbaycana təcavüzü, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəraitinə düşməsi, ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, insanlığa qarşı cinayət olan Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət” kampaniyası çərçivəsində və “31 mart azərbaycanlıların soyqırımı günü” ilə bağlı xarici ölkələrdə və respublika ərazisində müvafiq tədbirlər təşkil edilib, Komissiyanın əməkdaşları bu tədbirlərdə yaxından iştirak ediblər. Bu sahədə görülmüş işləri bir müsahibəyə sığışdırmaq mümkün olmadığı üçün bəzilərini sadalayacağam.

Xocalı soyqırımının 25-ci ildönümü haqqında Azərbaycan Prezidentinin 24.01.2017-ci il tarixli sərəncamının icrası ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Türkiyədə fəaliyyət göstərən və elmi əsaslarla uydurma erməni soyqırımı iddialarına qarşı mübarizə aparan Tələt Paşa Komitəsi ilə birlikdə Ankara şəhərində konfrans keçirilib.

Bundan başqa, bu qurumla birlikdə uydurma erməni soyqırımı iddialarına qarşı fəaliyyətin tənzimlənməsi, həmçinin həmin dövrdə bölgənin türk-müsəlman əhalisinə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı faktlarının araşdırılması məqsədilə 21 aprel 2017-ci il tarixdə Ankarada, 24 aprel 2017-ci il tarixlərində isə Bakı şəhərində elmi-praktiki konfranslar keçirilib.

“QULP STUDİO” MMC-nin direktoru, əməkdar jurnalist Mübariz Əsgərov tərəfindən Dövlət Komissiyasının sədri Mədət Quliyevə ünvanlanmış müraciətə və verilmiş tapşırığa uyğun olaraq, əsirlərdən, xüsusən də Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulmasından bəhs edən “Közərən xaç” adlı filmin çəkilişinə yardım edilib, zəruri məlumat və materiallar ayrılaraq təqdim edilib. 31 mart 2017-ci il tarixdə filmin ictimai təqdimatı olub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevin göstərişinə əsasən, müharibə qurbanı olmuş vətəndaşlarımız, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə məlumat və materialların ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi (VASW) və azərbaycanlıların da çalışdığı bir Cəmiyyətlə ötən ilin oktyabr ayında görüş keçirilib, onlar ətraflı məlumatlandırılıb, əyani vəsaitlər təqdim edilib.

28 noyabr 2017-ci il tarixdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının ixtisaslaşdırılmış institutlarının dəstəyi ilə Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bununla yanaşı, İşçi qrupu tərəfindən iki yeni kitabın nəşrə hazırlanması üzərində müvafiq işlər aparılıb:

Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq əsir-girovluqdan azad edilmiş vətəndaşlarımıza qarşı Ermənistan hərbçiləri tərəfindən törədilmiş işgəncə və beynəlxalq humanitar hüquq normalarının pozulması faktları əsasında “Erməni əsirliyində: işgəncə və qətl antologiyası” adlı kitab tərtib edilərək Azərbaycan və ingilis dillərində nəşr olunub. Bu kitabla bağlı əsir-girovluqdan azad edilmiş üç yüzdən artıq vətəndaşın ifadəsi araşdırılıb və onlardan çıxarışlar edilərək sistemləşdirilib.

Digər kitab isə Dövlət Komissiyasının sədri Mədət Quliyevin tapşırığına uyğun olaraq “Respublika Xatirə Kitabı” redaksiyası ilə birlikdə hazırlanır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş vətəndaşlarımıza həsr ediləcək bu kitab bir neçə cilddə olacaq. Hazırda kitabın birinci cildi Azərbaycan və ingilis dillərində nəşrə hazırdır. Kitabın tərtibi ilə bağlı müvafiq materiallar təhlil edilib və mətnin yazılaraq sistemləşdirilməsi işi davam etdirilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*