Saytımıza xoş gəlmisiniz

Erməni dərzinin general oğulları – Stalinin cəlladlarının edamla bitən sonu

Oxunma sayı: 159

44629754_2171768659522186_1413257464035409920_n

Lubyankada “NKVD” təcridxanasının soyuq dəhlizindən onun səsi eşidiləndə kamerada əyləşənlər bir azdan amansız işgəncələrin başlanacağını hiss edirdilər. Çünki o, xüsusi ayrılmış otaqda öz “müştəri”ləri ilə şəxsən özü məşğul olurdu və istədiyini əldə etmək üçün mümkün olan bütün işgəncələrdən istifadə edirdi. Və bu xüsusi otaqda neçə-neçə günahsız insanlar məcburi şəkildə özləri öz ölüm hökmlərinə imza atırdılar.

Boqdan Kobulov əksər hallarda birbaşa Stalindən aldığı, yaxud Stalinin Beriya vasitəsi ilə ona çatdırıldığı tapşırıqları yerinə yetirib. Rəhbərlik ona güvənib, etibar edib, gücünə və xüsusilə də çəlladlığına bələd olub.

Boqdan Kobulov kim olub?

Milliyətcə erməni olan Kobulov 1904-cü ildə Tiflisdə dərzi ailəsində anadan olub. Gimnaziyanı bitirdikdən sonra hərbi xidmətə yollanıb. 1923-cü ildən başlayaraq Gürcüstanda “CK”-da (fövqəladə komissiya orqanlarında) xidmətə başlayıb. Hələ Tiflisdə olarkən əvvəlcə Gürcüstana, daha sonra Qafqaza rəhbərlik edən Lavrenti Beriyanın yaxın dairəsinin üzvlərindən biri kimi tanınıb. Çox gənc yaşlarından Kobulov vəzifə pillələrində sürətlə irəliləyib. Beriyanın himayəsi altında o, qısa bir zamanda Gürcüstan daxili işlər komissarının müavini vəzifəsinə təyin olunub.

Lavrenti Beriya Stalinin göstərişi ilə Moskvaya, “NKVD”-yə təyinat alandan sonra o, Gürcüstanda olan etibarlı silahdaşlarını da Moskvaya gətirib. Onlardan biri də məhz Boqdan Kobulov olub.

“NKVD”-də ən yüksək postlarda işləyən Kobulov öz iş metodları ilə Beriyanı tam qane edib. Onun fəaliyyəti Stalinin də diqqətindən yayınmayıb. Elə bunun nəticəsidir ki, yeni vəzifələrə təyinatda, daha yüksək rütbələr almaqda, dövlət mükafatları ilə təltif olunmaqda Beriya ilə bərabər Stalin də Kobulova qarşı “səxavətli” olub.

Stalinin baş mühafizəçisi general Vlasik öz xatirələrində qeyd edib ki, rəhbər öz şəxsi marağında olan sanksiyalara imza atanda Kobulovu kabinetinə dəvət edib və işin icrasını birbaşa ona həvalə edib.

Daha sonralar o da məlum olub ki, Stalinin qəbuluna gələnlərin qeydiyyat kitabında Kobulovun adına tez-tez rast gəlinib. Kobulov xidmət etdiyi qurumun birinci şəxsi olmadığı halda rəhbərlə tez-tez görüşüb. Və sözsüz ki, bu faktlar Stalinin Kobulova olan “isti” münasibətinin göstəriciləridir.

SSRİ-də “Böyük terror”un əsas icraçı fiqurlarından biri olan Kobulov çeçen və inquşların köçürülməsində, Krımın “təmizlənməsi” işində, kütləvi repressiyaların həyata keçirilməsində ən “yüksək” göstəricilərə nail olub.

Bu “gərgin” fəaliyyətinə görə Boqdan Kobulov yeni yaradılmış SSRİ təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin olunub. Nazir kürsüsündə isə Tiflisdəki Beriya komandasının digər bir üzvü, əslən Zaqataladan olan Merkulov əyləşib.

Kobulov bu vəzifədə kəşfiyyat və əks-kəşfiyyata nəzarət edib və tabeçiliyində olan qurumların fəaliyyəti ilə bağlı məruzələri nazirə deyil, birbaşa Stalinə edib.

Struktur dəyişikliyindən sonra Kobulov daxili işlər nazirinin birinci müavini vəzifəsində fəaliyyətini davam etdirib.

Boqdan Kobulov Moskvada işləyərkən doğma qardaşı Amayak üçün də lazımi şərait yaradıb. Sıravilikdən general rütbəsinə qədər qalxan Amayak Kobulov müxtəlif illərdə “NKVD” orqanlarında yüksək vəzifələrdə çalışıb. Və o da özündən iki yaş böyük olan qardaşı kimi amansızlığı, cəlladlığı ilə fərqlənib.

Stalinin vəfat etməsi və Beriyanın həbsi erməni qardaşların siyasi fəaliyyətinə, həm də şəxsi həyatlarına birdəfəlik son qoyub.

Boqdan Kobulov 27 iyun 1953-cü ildə Beriya komandasının üzvü kimi həbs edilib. Məhkəmə prosesində cinayət əməllərini boynuna almayan Kobulov erməni xislətinə məxsus həyasızlıq nümayiş etdirsə də, sonradan hər şeyi etiraf edib. Şəxsi əmlakı müsadirə olunmaqla, rütbə və dövlət təltifləri geri alınmaqla Boqdan Kobulov ən ağır cəzaya, güllələnməyə məhkum olunub.

Kobulovun qardaşı Amayak isə həmin dövrdə Almaniyada xidməti ezamiyyətdə olub. Daxili işlər naziri Kruqlovun göstərişinə əsasən Amayak Kobulov xüsusi təyyarə ilə Moskvaya gətirilib. Bir ilini Butırka türməsində keçirən general Amayak Kobulov Ali Məhkəmənin çıxardığı hökmlə güllələnmə cəzasına məhkum edilib.

Beləliklə, erməni dərzinin general oğulları dərzi çörəyi ilə böyüsələr də, sonradan əllərini qana batırmaqla zəngin yaşamaq eşqinə düşüblər. Ancaq illər boyu yığdıqları var-dövlət, xüsusilə böyük qardaşın həvəskarı olduğu, dəyəri milyonlarla ölçülən rəsm əsərləri, sonradan Moskvadakı mənzillərindən tapılan qızıl külçələr özlərinə qismət olmayıb…

İlham Cəmiloğlu

Karabakh.tv

44701839_605798429835773_5414521109489909760_n

44597674_519759061769752_3570690468201103360_n

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*