Saytımıza xoş gəlmisiniz

Erməni dülgərin nazir oğlu – Kremlin ən hiyləgər məmuru

Oxunma sayı: 189

2

Gecədən xeyli keçmiş telefon zəng çalır. Yuxudan oyanan Anastas Mikoyan gözlərini ovuşdura-ovuşdura dəstəyi qaldırır. Xəttin o başından Stalinin yorğun və zəhmli səsi eşidilir:

  • Anastas İvanoviç, yatmamışdınız?

  • Xeyr, yoldaş Stalin, sənədlər üzərində işləyirəm

Təbii ki, Stalin Mikoyanın yuxulu səsindən hiss edir ki, erməni nazirin yuxusuna haram qatıb. Amma rəhbərin məqsədi yuxuya haram qatmaq yox, Mikoyanın yuxusunu ərşə çəkmək olduğundan daha bir sual verir:

  • Yoldaş Mikoyan, yaddaşımda bir az problem yaranıb, xahiş edirəm mənə Bakı komissarlarının neçə nəfər olduğunu xatırladasınız. Onlardan sağ qalanı varmı?

Mikoyanın boğazı quruyur, cavab verməyə çalışır:

  • Yoldaş Stalin, 26, yox daha doğrusu 27, əslində…

Stalin onun çaşqın ifadələrini yarımçıq qoyur:

  • Anladım sizi, deyəsən sizin də yaddaşınızda problem yaranıb. Gedin işinizi davam etdirin, mən isə artıq yatmalıyam.

Rəhbər dəstəyi yerə qoyur. Mikoyanın isə sözün əsl mənasında yuxusu ərşə çəkilir. O, Stalinin nəyə işarə etdiyini yaxşı dərk edir…

Bir müddət keçir. Ziyafətlərin birində qədəhlər dolub boşaldıqdan sonra Mikoyan Stalinin həyat yoldaşı Nadejda ilə söhbət etdiyi bir məqamda qəfil Stalinin bir az ucaldılmış tonda səsi diqqəti rəhbərə yönəldir:

  • Yoldaşlar, diqqət edin, görün Anastas İvanoviç mənim həyat yoldaşıma necə girişir. Və bütün bunları büro üzvlərinin qarşısında edir. Güllələyəcəm… Sonra deməyin ki, Stalin qəddar və amansızdır.

Məclisdəkilər Stalinin bu ifadələrini zarafat qəbul edib gülüşsələr də Mikoyanı bu dəfə də soyuq tər basır.

Siyasi müstəvidə mövqelərini möhkəmlətmək üçün rəhbərlərlə münasibətlərin balanslaşdırılmasında peşəkar olan Mikoyan ilk dəfə olaraq 1949-c ildə Stalinin qəzəbinə tuş gəlib. Yəhudi və çeçen-inquş məsələlərində Stalinin iradəsinə zidd gedən Mikoyan ilk dəfə mövqelərinin laxladığını hiss edib. O, yaxşı dərk edib ki, Stalinin növbəti “təmizlik” siyahısında adı Vyaçeslav Molotovla birgə ilk sırada yer alıb. Ancaq erməni nazirin bu dəfə də bəxti gətirib. Stalinin vəfatından sonra Mikoyan yenidən siyasi səhnənin ulduzlarından birinə çevrilib.

Anastas Mikoyan yoxsul bir ailədə anadan olub. Atası dülgər işləyib. Gənclik illərindəki siyasi fəaliyyəti Azərbaycanla sıx bağlı olan erməni kommunist SSRİ-nin mövcudluğu dövründə bir sıra məsul vəzifələrdə çalışıb. Hətta Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kürsüsündə də əyləşməyə müyəssər olub. 55 illik siyasi fəaliyyətində 54 il Mərkəzi Komitənin, 40 il isə Siyasi Büronun üzvü olub. Sovetlər birliyində heç bir siyasətçiyə nəsib olmayan bu göstəricilər bir daha onu sübut edir ki, erməni siyasətçi özünün siyasi mövqelərini möhkəmlətmək üçün hiyləgər və anlaşılmaz addımları ilə istəklərinə nail olmağa bacarıb. Bu “bacarığına” görə Anastas Mikoyan xüsusi status da qazanıb: “Vladimir İliçdən Leonid İliçə qədər infarktsız və iflicsiz”.

Kremlin dəhlizlərində istədiyi manevrləri etməyi bacaran Mikoyan bütün siyasi fəaliyyəti dövründə birinci şəxslərin qarşısında “gərəkli” fiqur olmağını sübut edə bilib. Hələ 1921-ci ildə hansı siyasi komandaya xidmət edəcəyini müəyyənləşdirə bilməyən Mikoyan Stalini tənqid etsə də, Stalin hakimiyyətə gələndən sonra onun ən yaxın əlaltılarından biri olub. O cümlədən Nikita Xruşovun komandasında olması nəzərdə tutulmayan Mikoyan hiyləgər gedişləri ilə onun da saqqızını oğurlamağı başarıb.

Mikoyan siyasi fəaliyyətinin bütün dövrlərində Dağlıq Qarabağ məsələsini diqqətdə saxlayıb.

1945-ci ildə Mikoyanın qudası olan Ermənistanın birinci katibi Arutyunov Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı Kremlə müraciət edəndə təbii ki, Stalin bu müraciətdə Mikoyanın da əlinin olduğunu hiss edib. Sözsüz ki, Ermənistan rəhbərliyinin müraciəti öz müsbət həllini tapmayıb.

Nikita Xruşovun hakimiyyəti dövründə də Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı növbəti dəfə Kremlə müraciət ediblər. Bu dəfə Mikoyan açıq şəkildə məsələyə müdaxilə edib və bu haqda Xruşova öz mövqeyini bildirib. Bu hiyləgər oyundan hiddətlənən Xruşov öz fikrini Mikoyana açıq şəkildə bildirib:

  • Anastas İvanoviç, siz məni vadar edirsiniz ki, mən Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında sərəncam imzalayım.

Anastas Mikoyan siyasi karyerası naminə istənilən addımı atmağa hazır olub. Onun üçün vəzifə hər şeydən müqəddəs sayılıb. Hətta öz vəsifəsinə görə, ölkə başçısının yanında “hörmətli” olması üçün yeri gələndə öz millətinin qanına da susayıb. Belə ki, Ermənistanda Mikoyanın iştirakı ilə plenum keçiriləndə həmin dövrdə Ermənistanın birinci katibi Amatuni Kremlin nümayəndəsinin çıxışına bəzi iradlarını bildirib. Bunun nəticəsində Ermənistanın birinci və ikinci katibi, Ermənistan Xalq Komissarları Sovetinin sədri, daxili işlər komissarı və demək olar ki, respublikanın digər vəzifəli şəxsləri həbs olunub.

1937-ci ildəki kütləvi represiyalarda Anastas Mikoyanın “xüsusi” xidmətləri olub. SSRİ-nin əsasən ticarət, təchizat, yeyinti sənayelərinə başçılıq edən Mikoyanın təşəbbüsü və təqdimatı ilə bu sahədə çalışan yüzlərlə insan həbs olunub.

Mikoyanın ən böyük “kəşf”lərindən biri SSRİ-nin yeyinti sənayesinə rəhbərlik etdiyi dövrdə həftənin cümə axşamları günündə balıq gününün (“çetverq rıbnıy den”) elan etməsi olub. Belə ki, həmin gün ölkənin iaşə obyektlərində yalnız balıq məhsulları verilib.

Mikoyanla bağlı maraqlı faktlardan biri də onun rəqs etməyi ilə bağlıdır. Stalin hakimiyyəti dövründə öz bağ evində axşamlar tez-tez məclislər təşkil edib və Kremlin seçmə  məmurlarının bu məçlislərdə iştirakı vacib sayılıb. Rəhbər bu əyləncə məclislərində patefonu işə salaraq məmurlara rəqs etməyi təklif edib. Təbii ki, bi təklifdən imtina etməyə heç kimin cürəti çatmayıb. Odur ki, bacaran da, bacarmayan da rəqs etməyə məcbur olub. Bu gülməli mənzərədən Stalin xüsusi zövq alıb. Rəqs etməyi bacarmayan Mikoyan isə hansı müsiqinin çalınmasından asılı olmayaraq, ancaq “ləzginka” rəqsini oynayıb.

Stalinin bütün rəhbərliyi dövründə qarşısında baş əyən, ona təzim edən, özünə arxa-dayaq sayan, şərabını süzən, əyləncələrini təşkil edən və nəhayət onunla birgə çörək kəsən Anastas Mikoyan 1950-ci ilin ortalarında Xruşova xoş olsun deyə, Stalinin şəxsiyyətə pərəstiş məsələsi ilə bağlı tənqidi çıxışlar edib.

Anastas Mikoyanın beş oğlu olub. Onlardan dördü Mikoyanın qardaşı, aviakonstruktor Artyom Mikoyanın təşəbbüsü ilə aviasiya sistemində işləyib. Mikoyan birinci oğluna Şaumyanın şərəfinə Stepan, ikinci oğluna Caparidzenin şərəfinə Aleksey, üçüncü oğluna Fioletovun şərəfinə Vano, dördüncü oğluna Ordconikidzenin şərəfinə Serqo, beşinci oğluna Leninin şərəfinə Vladimir adlarını verib. Göründüyü kimi, müəmmalı “27-ci komissar” adqoydu məsələsində də siyasi fəaliyyətindən geri qalmayıb.

Brejnev hakimiyyəti dövründə, 1964-1965-ci illərdə Anastas Mikoyan SSRİ-nin ən yüksək vəzifələrindən biri sayılan SSRİ Ali Soveti Rəyasət heyətinin sədri olub. Ancaq o, bu vəzifədə çox da duruş gətirə bilməyib. 1964-cü il okytabr plenumunda çıxış edən Mikoyan çox “sakit və hiyləgərcəsinə”  yenicə devrilmiş Xruşovu müdafiə edib, onun siyasi fəaliyyətənə müsbət qiymət vermək təklifini irəli sürüb. Bu çıxış Leonid Brejnevin yaddaşına həkk olunub. Elə növbəti 1965-ci ildə Brejnev Mikoyanın 70 yaşının tamam olmasını bəhanə gətirərək, döşünə 6-cı “Lenin” ordenini taxıb onu vəzifədən yola salıb.

Anastas Mikoyan 1978-ci ildə 82 yaşında vəfat edib. Öz vəsiyyətinə görə onu Ermənistanda deyil, Moskvada Novedeviçye qəbirstanlığında dəfn ediblər.

İlham Cəmiloğlu

Karabakh.TV

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*