Saytımıza xoş gəlmisiniz

Erməni işğalının yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasında yaratdığı problemlər

Oxunma sayı: 198

school_100918_02

Erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş yeniyetmələrin sosial-psixoloji uyğunlaşması qiymətləndirilib.

Trend-in məlumatına görə, bununla bağlı Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi tərəfindən Bakıda, Ağdam və Bərdə rayonlarında “Məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasının qiymətləndirilməsi” layihəsi həyata keçirilib.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərşivəsində tərtib olunmuş xüsusi sorğu test və proyektiv metodlarla məcburi köçkün məktəblərində oxuyan yeniyetmələrin psixi vəziyyəti qiymətləndirilib və onların sosial-psixoloji uyğunlaşması ilə bağlı tövsiyələr hazırlanıb.

Tədqiqata Bakıda, Bərdə və Ağdam rayonlarında məskunlaşan 259 nəfəri oğlan və 251 nəfəri qız olmaqla ümumilikdə 510 məcburi köçkün yeniyetmə cəlb olunub. Tədqiqat zamanı müəyyənləşdirilib ki, digər yeniyetmələrlə müqayisədə məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasında ciddi fərqlər var.

Aparılan tədqiqatın nəticələri göstərib ki, məcburi köçkün ailələrindən olan yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasında özünəinamın olmaması, özünəqapanma, həyəcan, təşviş, emosinal özünüifadənin aşağı səviyədə olması, qeyri-adekvat özünüqiymətləndirmə kimi bir sıra problemlər özünü büruzə verir.

Müəyyənləşdirilib ki, məcburi köçkün ailələrdə böyüyən yeniyetmələrdə frustrasiya, rigidliliyə və aqressiyaya daha çox meylilik var. Bu isə öz növbəsində yeniyetmələrin cəmiyyətə inteqrasiya olunmasına mane olur.

Aparılmış tədqiqatın nəticələri əsasında bir sıra təklif və tövsiyələr irəli sürmək mümkündür:

Sosial-psixoloji adaptasiyanı düzgün istiqamətə yönəltmək üçün yeniyetmələrin yaş və fərdi psixoloji xüsusiyyətlərinin nəzərə alınması;

Yeniyetməlik yaş dövrünə uyğun olaraq əlverişli sosial-psixoloji mühitin yaradılması (müxtəlif dərnəklərin, mədəni tədbirlərin, əyləncəli və intellektual oyunların, elmi disputların v.s. təşkili);

Məcburi köçkün yeniyetmələrin valideynlərlə birgə asudə vaxtının səmərəli təşkili;

Korreksiyaedici təlim və proqramların tərtibi və yeniyetmələrin şəxsi inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi;

Sağlam həyat tərzinin təbliği və maarifləndirmə işlərinin görülməsi;

Məcburi köçkün məktəblərində psixoloji xidmət proqramına sosial-psixoloji uyğunlaşma ilə bağlı məsələlərin daxil edilməsi, proqramların hazırlanması.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*