Saytımıza xoş gəlmisiniz

Erməni nazirin Kreml sərgüzəştləri – Yaponiyaya “sürgün” edilən Tevosyan

Oxunma sayı: 175

46965844_269217300416169_6209389220901945344_n

İvan Tevosyan Şuşada anadan olub. 1906-cı ildə ailəsi Şuşadan qaçaraq Bakıya köçüb. Heç bir tərcümeyi-halında Şuşadan qaçmalarının səbəbi göstərilməyib. Bəzi mənbələrə görə dərzi işləyən atası 1905-ci ildə Şuşada baş verən məlum iğtişaşlardan qorxduğu üçün şəhəri birdəfəlik tərk edib.

Tevosyan siyasi fəaliyyətinə çox gənc yaşlarından elə Bakıda başlayıb. Gizli partiya təşkilatlarının ən fəal üzvlərindən biri sayılıb. 1919-ci ildə həmin təşkilatların birinin katibi olub. 1920-ci ilin aprelində 11-ci Qızıl Ordunu qarşılayan Tevosyan az sonra Bakı şəhər partiya komitəsinin məsul katibi vəzifəsinə təyin edilib.

Sonrakı həyatını Moskva ilə bağlayan Tevosyan metallurgiya institutunda ali təhsil aldıqdan sonra Moskva ətrafında yerləşən “Elektrostal” zavodunda mühəndis kimi fəaliyyətə başlayıb.

1929-1930-cu illərdə Almaniyada təcrübədə olan Tevosyan bu illərdə “qaranlıq” fəaliyyəti ilə yadda qalıb. O, Almaniyanın xüssusi kəşfiyyat orqanları ilə əməkdaşlıqda şübhəli bilinib. Məsələ Kremlə qədər gedib çatıb. Anastas Mikoyanın müdaxiləsindən sonra Tevosyan üçün təhlükə sovuşub.

Qısa müddət ərzində özünü sədaqətli kommunist və bacarıqlı mütəxəssis kimi təqdim etməyi bacaran Tevosyan 1936-cı ildə SSRİ müdafiə sənayesi komissarının (nazirinin) birinci müavini vəzifəsinə təyin olunub.

1938-ci ildə Tevosyanın başının üstünü qara buludlar yenidən alıb. Belə ki, onun bacısı Yuliya Qazaxstanın birinci katibi Levon Mirzəyanın həyat yoldaşı olub. Mirzəyanın həbsindən sonra Tevosyan haqqında ciddi araşdırmalar aparılıb. Nəhayət onu “Lubyanka”ya dəvət ediblər və “NKVD”-nin ölüm qoxulu bu binasında Tevosyan hər gün saatlarla sorğu-suala tutulub. Bu artıq təxminən onun həbsi demək idi.

Bu ərəfədə Tevosyan təhlükədən qurtarmaq üçün hiyləgər bir addım atıb. O, özündə cəsarət taparaq hadisələri qabaqlamaq üçün  Stalinə məktub ünvanlayıb. O məktubda qeyd edib ki, bu vəziyyətdə işləməyi mümkün deyil və rəhbərdən xahiş edib ki, məsələyə müdaxilə etsin. Stalin Molotova, Mikoyana, Yejova və Beriyaya məsələni araşdırmaq üçün göstəriş verib. Bu dəfə də Mikoyanın “dayılıq” missiyası köməyə çatıb.

Tevosyan özünü xilas edib. Bacısının həyat yoldaşı Mirzəyan güllələnib. Bacısı Yuliyanı isə nəinki Mikoyan, heç Stalin də xilas edə bilməyib. Yuliya Lefortovoda işgəncələrə dözməyib dəli olub. Onu ruhi dispanserə yerləşdirsələr də müalicələrin heç bir xeyri olmayıb və o vəfat edib.

Bəxti üzünə gülən Tevosyan həbs təhlükəsindən yaxa qurtardıqdan sonra 1939-cu ildə gəmiqayırma sənayesi naziri vəzifəsinə təyinat alıb. O, daha sonra 1940-1948-ci illərdə qara metallurgiya naziri, 1948-1949-cu illərdə metallurgiya sənayesi naziri, 1949-1956-cı illərdə isə daha yüksək vəzifədə, SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləyib.

SSRİ Nazirlər Soveti sədrinin müavini təyin ediləndə Stalin onu qəbul edib. Rəhbər girişdən sonra Tevosyandan soruşub:

– Yoldaş Tevosyan, sizin atanızın adını rus dilində necə səsləndirmək olar?

Tevosyanın atasının adı Tevadors olub. O düşünmədən rəhbərin cavabını dərhal verib:

– Yoldaş Stalin, Fyodor

Stalin gülmüsəyərək Tevosyanı yola salıb:

– İvan Fyodoroviç, gedə bilərsiniz.

Əslində Stalin Tevosyanı atasının adını dəyişməyə nə məcbur edib, nə xahiş edib, nə də ki məsləhət görüb. Amma buna baxmayaraq elə səhərisi gün Tevosyan bütün sənədlərini yeniləyərək dərzi atasının adını dəyişib.

Nikolay Baybakovun xatirələrində Tevosyanla bağlı maraqlı bir məqamı da qeyd etmək yerinə düşər:

 “1940-cı ildə neft sənayesi komissarı Kaqanoviçi İvanov vilayət partiya komitəsinin birinci katibi Sedin əvəzlədi. Bu təyinatdan az sonra Stalin Siyasi Büronun üzvləri ilə birlikdə bizi kabinetinə dəvət etdi. Ümumi vəziyyət haqqında komissarın birinci müavini kimi kiçik bir məruzə etdim. Bu dəfə də Stalin məni diqqətlə dinlədi və çıxışımın sonunda aramızda dialoq yarandı, onun bütün suallarına konkret cavab verdim. Söhbətimiz əsnasında Stalin öz dəftərçəsinə qeydlər edir, yeni neftayırma zavodunun tikilib istismara verilməsi üçün o dövrdə Nazirlər Şurası sədrinin müavinləri olan Beriya və Voznesenskiyə müvafiq tapşırıqlar verirdi.

İclasda mən və digər neft sənayesində çalışan məsul şəxslər mədənlərə göndərilən boruların keyfiyyətsiz olması ilə bağlı şikayətimizi bildirdik. Stalin bu məsələ ilə bağlı komissar Sedinə söz verdi. Heç vaxt bu sahədə işləməyən Sedin bir neçə qırıq-qırıq cümlə işlətdikdən sonra susdu. Stalin çox sərt baxışla onu süzüb başını buladı və məndən izahat istədi. Mən boruların tərkibinin normada olmadığını izah etdim və həmin boruları hazırlayan Qara Metallurgiya Komissarlığını suçladım. Stalin elə həmin anda telefonun dəstəyini götürüb qara metallurgiya komissarı Tevosyana zəng vurdu:

– Yoldaş Tevosyan, əgər çox ciddi məşğul deyilsinizsə, təcili mənim kabinetimə gəlin…

Həmin komissarlıq Kremldən çox da uzaq deyildi. Tevosyan artıq 10 dəqiqədən sonra rəhbərin kabinetində idi. Stalin stolunun arxasından durub gəzişərək üzünü ona tutdu:

– Yoldaş Tevosyan, burada Baybakov şikayətlənir ki, mədənlərdə qəza hallarının əsas səbəbi sizin hazırladığınız boruların keyfiyyətsizliyi ilə bağlıdır. Öz aranızda bunu araşdırın görək bu nə məsələdir?

Deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Tevosyan da bu metoddan istifadə etməyə başladı. Məntiqsiz fikirləri ilə günahı öz üstündən götürməyə çalışdı. Bir-necə dəqiqə onunla mübahisə etməli oldum. Pəncərənin qarşısında dayanan Stalinin səsi mübahisəmizə son qoydu:

– Siz mübahisə edin, bir-birinizi söyün, biz də sizə qulaq asaq. Yoldaş Tevosyan, nə etmək lazımdır?

– Yoldaş Stalin, biz bu məsələni dərindən öyrənəcəyik, calışacağıq ki, problemi aradan qaldıraq

Stalin kinayə ilə ona baxıb təəssüf hissi ilə cavab verdi:

– Sizdə heç nə alınmayacaq, yoldaş Tevosyan. Necə ki, yaşlı bir kişi cavan bir qızla evlənəndə heç nə alınmır və həmin yaşlı kişi həm özünə, həm də o cavan qıza əziyyət verir ha, sizin də işiniz buna bənzəyəcək. Siz mənə deyin görüm boruların keyfiyyətli olması üçün nə lazımdır?

– Boruların hazırlanmasında molibden lazımdır

– Nə qədər?

– Heç olmasa 300 ton.

Stalin bu dəfə Nazirlər Şurasının sədr müavini, Dövlət Plan Komitəsinin sədri Voznesenskiyə üz tutdu:

– Niyə molibdenlə təmin etmirsiniz?

– Hazırda molibden yoxdur. Ancaq ehtiyatda var, “NZ”də

– “NZ” nə üçündür? Yəni yeməyə heç nə olmayanda oradan istifadə etmək üçün. Elədirmi, yoldaş Voznesenski? Təcili olaraq 300 ton molibden ayırın boruların hazırlanmasına…”

Həbslərdən, Stalin rejiminin repressiyalarından ustalıqla yaxa qurtara bilən Tevosyanda özünə qarşı bir güvənliq, arxayınlıq yaranıb. Amma o, nəzərə almayıb ki, sərt addımlar atmaqda Nikita Xruşov heç də Stalindən geri qalan deyil.

Müşavirələrin birində metallurgiya ilə bağlı müzakirə aparılanda Tevosyan Xruşovun təklifinə qarşı çıxıb. Bu dəfə Nikita Xruşovun yumruğu stola Tevosyanın “şərəfin”ə çırpılıb və o, çox böyük saymamazlıqla erməni nazirin cavabını sualla verib:

– Sən mənimlə mübahisə edirsən?

Elə həmin gün özünə vurğun olan Tevosyanın Kreml həyatına son qoyulub. Xruşov onu Yaponiyaya səfir göndərib.

Bu təyinat isə baş nazirin müavini üçün sürgün demək idi.

Tevosyan Yaponiyada çox işləyə bilməyib. Xərcəng xəstəliyindən əziyyət çəkən səfirə heç bir müalicə kömək etməyib. Bununla da Şuşadan başlayan ömür yolu Yaponiyada sona çatıb.

İvan Tevosyan 1958-ci ilin mart ayında 56 yaşında vəfat edib.

İlham Cəmiloğlu

Karabakh.TV

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*