Saytımıza xoş gəlmisiniz

Erməni politoloqdan etiraz: “Hərbi bölmələrimizin Suriyada iştirakına dair beynəlxalq mandat yoxdur”

Oxunma sayı: 23

ruben_mehrabyan-556x375_1536740093

“Beynəlxalq mandat olmadan Suriyada Ermənistanın istənilən şəkildə iştirakı risklərlə dolu olacaq”. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə politoloq Ruben Mehrabyan, erməni hərbi bölmələrinin Suriyada humanitar missiyada iştirakı haqqında Ermənistanın baş naziri Paşinyanın bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu missiyanın parametrləri hələ müəyyən edilməyib, ona görə bu humanitar missiyanın Rusiyanın təqib etdiyi döyüş tapşırıqlarına və məqsədlərinə nə dərəcədə uyğun gəldiyini demək çətindır.

“Digər tərəfdən Suriyada Ermənistanın istənilən iştirakına beynəlxalq mandat lazımdır. Bu mandat olmadan Rusiyanın öz fəaliyyəti tərkibində iştirak etmək, həcmini müəyyən etməyin çətin olduğu böyük təhlükələrə səbəb ola bilər. İstənilən halda bu addım Ermənistanın Aİ və ABŞ kimi tərəfdaşlarda sual yaradacaq”, – deyə politoloq vurğulayıb.

O, bu təhlükələrin Ermənistana qarşı sanksiyalarla da nəticələnə biləcəyini qeyd edib: “Rusiyanın Suriyada törətdiyi hərbi cinayətdir. Ermənistan öz fəaliyyətləri ilə yalnız Rusiyanın rəğbətini qazanmaq üçün bu cinayətlərinin tərkib hissəsi olduğunu nümayiş etdirməməlidir. Beynəlxalq aləmdə Ermənistan barədə məhz belə bir mövqe formalaşa bilər ki, bu da Ermənistanın maraqlarına cavab vermir”.

Erməni politoloq hesab edir ki, Ermənistanın Suriyadakı erməni icmasına edə biləcəyi ən yaxşı dəstək, onların kütləvi şəkildə Ermənistana qayıdışını təşkil etməkdir.

“Suriya böhranının həllinin çox uzaq olduğunu dərk etmək lazımdır. Xristian icması, o cümlədən ermənilər üçün hadisələr mənfi istiqamətdə inkişaf edə bilər”, – deyə o qeyd edib.

Erməni jurnalistin “Paşinyan-Putin görüşündə İrəvan-Moskva arasındakı mövcud ziddiyyətləri həll etmək mümkün olubmu?” sualına politoloq bu şəkildə cavab verib: “Müəyyən mənada buna nail olundu, ancaq ziddiyyətləri həll etmək mümkün olmadı. Bu ziddiyyət əsasən Rusiyanın bölgədəki siyasətinə aiddir. Rusiyanın siyasəti əsasən imperiya xarakteri daşıyır. Buna görə də bir görüşlə vəziyyətin dəyişdiyini demək sadəlöhvlük olardı. Bu bölgədə Rusiya Ermənistana, hədəflərinə nail olmaq üçün bir obyekt kimi baxır. Ermənistanın daim zəif, asılı olması və Rusiyaya bir xilaskar kimi baxması ona sərf edir”.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*