Saytımıza xoş gəlmisiniz

Erməni təxribatına “Qarabağ”dan layiqli cavab

Oxunma sayı: 40

trend_rauf_aliyev_main

Ermənilər həmişə olduğu kimi, bu dəfə də “Qarabağ”ın oyunu zamanı növbəti təxribata əl ataraq dron vasitəsilə stadiona qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı gətiriblər. Onlar çox yaxşı bilirlər ki, “Qarabağ” hər yerdə Azərbaycanı təmsil edir, Qarabağ Azərbaycan deməkdir. Ona görə də onlar “Qarabağ”ın oyunları zamanı belə təxribatlar törədirlər. “Qarabağ” komandasının rəhbərliyi, azarkeşləri bu təxribata öz kəskin etirazlarını bildirərək oyunu dayandırıblar. Sonra oyun davam etmişdir. AFFA ermənilərin bu təxribatına görə UEFA-ya müraciət edib.

Bunu Trend-ə millət vəkili Rauf Əliyev deyib. O, Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasında növbəti oyununda “Düdelanj” komandası üzərində 4:1 hesabı ilə parlaq qələbə qazanması münasibətilə komandanın rəhbərliyini, məşqçi heyətini, komanda üzvlərini təbrik edib və onlara növbəti oyunlarda qələbələr arzulayıb:

“Ermənilərin bu növbəti təxribatı göstərir ki, onlar əllərinə düşən bütün fürsətlərdən yararlanmaq istəyirlər. Ancaq artıq bilməlidirlər ki, Azərbaycan çox dəyişib. Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, beynəlxalq nüfuza malik bir dövlətə çevrilib. Artıq Ermənistandan başqa dünyanın hər yerində Qarabağın əzəli Azərbaycan torpaqları olması qəbul edilib. Bütün bu uğurlar dövlət başçımız möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunub.

“Qarabağ” komandası dünyanın harasında çıxış edirsə-etsin, o, birinci növbədə Azərbaycanı təmsil edir. Komandanın Çempionlar Liqasında, Avropa Liqasında uğurlu çıxışları Azərbaycanın təbliğində böyük rol oynayır. Bir daha “Qarabağ” komandasını bu qələbə münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar arzu edirəm. Azərbaycan cəmiyyətini komandanı daim dəstəkləməyə çağrıram”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*