Saytımıza xoş gəlmisiniz

Ermənilərə baş əyməyən cəngavər – Yaşa Məmmədov

Oxunma sayı: 449

42694377_173684216847240_6947766559477596160_n

Orta məktəb illərindən idmana həvəsi, qocaqlığı çevikliyi ilə fərqlənən Yaşa Məmmədov  həm də vətənpərvərliyi, vətən təəssübkeşliyi ilə seçilirdi. Hələ gənc yaşlarından yaşadığı Xankəndi şəhərində erməni həmyaşıdları ondan çəkinirdilər. O, həm də peşəkar voleybolçu idi. Dəfələrlə şəhər, vilayət və respulika turnirlərində yüksək mükafatlara layiq görülmüşdü.

Yaşa Məmmədov 1956-cı ildə Xankəndi şəhərində anadan olub. Nizami Gəncəvi adına 4 saylı orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılıb, Gürcüstanda – Qara dəniz sahillərində keçmiş Sovet Ordusunda xidmət edib, hərbi xidmət illərində dəfələrlə diplomlar və fərqlənmə nişanları ilə təltif olunub.

1988-ci ilin sentyabr ayında Xankəndində ermənilər etnik təmizləmə apararkən Yaşagilin evinə də basqın olur. Azğınlaşmış ermənilər Yaşagilin evinin pəncərəsini daşa basaraq, ardı-arası kəsilmədən atdıqları daş-kəsəklə şüşələri sındırırlar. Yaşa atılan daş və şüşə qırıntılarından yüngül xəsarət alır. Həmin sentyabr günlərində Xankəndindəki azərbaycanlıların evləri yandırılır.

O ağır günlərdə Yaşa ailə üzvlərini götürüb Xocalıya, xalasıgilə getməli olur. Onda hələ heç kim bilmirdi ki, pənah gətirdiyi bu kiçik şəhər çox keçməmiş ermənilər tərəfindən bəşəriyyət tarixində görünməmiş cinayətlərə məruz qalacaq. Bəli, hələ o vaxt heç kim bilmirdi ki, böyük və ağlagəlməz faciələr irəlidədir.

Yaşa Xocalıda qaynaqçı işləyərək halal zəhməti ilə səkkiz nəfər ailə üzvlərini çətinliklə dolandırır. Xocalıya gələn gündən Qarabağ hadisələri getdikcə qızışır, ermənilərin fitnə-fəsadı artır. Qarabağın azərbaycanlı əhalisi kəndlərindən, doğma ev-eşiklərindən didərgin salınır, soydaşlarımız öldürülür, əzab və iztirablar bitmək bilmir.

1992-ci ilin yanvar ayında Yaşa həyat yoldaşını dörd körpə balası ilə birlikdə vertolyotla Ağdama yola salır.

…1992-ci il 25 fevral. Qarlı qış gecəsi. Gecə yarısı dörd tərəfdən Xocalıya od yağmağa başlayır. Sovet Ordusunun 366-cı motoatıcı alayı ermənilərlə birlikdə Xocalıya hücum edir. Xocalı əhalisi vahimə içərisində yaxınlıqdakı meşəyə üz tutur. Yetmiş yaşlı xəstə anasını götürüb meşəyə tərəf qaçan Yaşa da onların arasında olur. Onlar Ağdama çatmaq üçün soyuq qış gecəsində qarla, buzla örtülü iki çay keçməli olurlar.

Yaşa çayı keçərkən anasını kürəyinə alır. Oğlunun onu apararkən çətinlik çəkdiyini duyan ana yalvarır ki, Yaşa onu qoyub erməni vəhşilərinin əlinə düşməməsi üçün qaçıb getsin. Yaşa  “ölsəm də səni qoyub getməyəcəyəm” deyərək öz yoluna davam edir. Yaşa başqa cür hərərkət edə bilməzdi. O, atasız böyümüşdü. Anası ona həm atalıq, həm də analıq etmişdi.

Düşmən tanklarının üstünə quraşdırılmış projektorlar vasitəsi ilə ermənilər xocalıların meşəyə tərəf qaçdıqlarını bildikləri üçün qaranlıq, qarlı meşəni işığa tutur, ova çıxmış canavarlar kimi hər ağaca, hər kola, hər daşa nəzər yetirir, silahsız olduqları üçün müqavimət göstərə bilməyən adamları qətlə yetirmək və girov götürməkdən ötrü hər cür vəhşiliyə ət atırdılar.

Yaşa necə olursa-olsun anasını düşmən əlinə verməmək haqqında düşünür. O, silahsız idi. Silahlı olsa belə hər tərəfə od yağdıran tank və topların qarşısında nə edə bilərdi?! Ermənilərin yaxınlaşdığını görən anası yenə də Yaşaya yalvarır ki, onu qoyub qaçsın, azğınlaşmış ermənilərin əlinə keçməsin. Anasının yalvarışlarına baxmayaraq Yaşanın qərarı qəti idi – o, anasını köməksiz vəziyyətdə qoyub getməyəcəkdi. Bu barədə heç düşünmək belə istəmirdi.

Ermənilər isə asta-asta yaxınlaşırdılar. Artıq qaçmaq da mümkün deyildi. Ağır-ağır nəfəs alan Züleyxa xala və Yaşa ermənilərin əlinə keçir. Oğlunun gözü qarşısında anaya əzab verməyi əyləncə bilən düşmən qarın içinə yıxılmış yetmiş yaşlı qadını avtomatın qundağı ilə döyməyə başlayırlar. Getməyə taqəti olmayan Züleyxa ananı yeriməyə məcbur edirlər. Yeriyə bilmədiyi üçün yenə də onu avtomatla vurmaq istəyəndə Yaşanın qışqıraraq anasının üstünə atılması ürək dağlayan bir səhnə yaradır. Yaşa anasını qucaqlayıb ayağa qaldırır. Ana və oğulu digər girovların içərisinə qatırlar. Onları Əsgəranda tövləyə salırlar. Ananın gözü qarşısında Yaşaya işgəncələr verirlər. Yaşa ən ağır vəziyyətdə belə ermənilərin eşitmək istədikləri “Qarabağ Ermənistanındır” ifadəsini dilinə gətirmir. Bundan hiddətlənən ermənilər Yaşanı yeddi gün tövlədə ac-susuz saxlayıb işgəncə verirlər. Sonra isə olmazın əzablarla onu tanınmaz şəkilə salaraq öldürürlər.

Yaşanın meyidi təhvil verilərkən onu Ağdamda islam qanunları ilə yumaq istəsələr də, yuyucu bundan imtina edir, bu vəziyyətdə meyitin yuyulmağının mümkünsüz olduğunu söyləyir.

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbin vətənpərvər məzunu – xalqımızın qeyrətli, namuslu övladı, düşmən qarşısında baş əyməyən cəngavər Yaşa Yusif oğlu Məmmədov Tərtərin Hüsənli kənd qəbiristanlığında dəfn olunub.

İlham Cəmiloğlu

Karabakh.TV

42730709_526925821066356_8352184688760061952_n

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*