Saytımıza xoş gəlmisiniz

Ermənilərdən Gürcüstan prezidentinə qarşı təxribat

Oxunma sayı: 79

a68e63dadb385ecaf9f12eccff480f81

Salome Zurabişvili İrəvanda “Qarabağ münaqişəsində xalqların öz müqəddəratını təyinetmə hüququ ön planda olmalıdır” deyibmi?

Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana səfərinin ardınca martın 13-də Ermənistana səfər edib. Erməni saytlarının yazdığına görə, İrəvanda erməni həmkarı Armen Sərkisyanla keçirdiyi mətbuat konfransında S.Zurabişvili bildirib ki, xalqlar öz müqəddəratını təyinetmə hüququna malikdir, buna hörmət edilməlidir. Erməni saytları bu barədə yaydıqları xəbərdə Gürcüstan prezidentinin hətta “xalqlar” sözü ilə yanaşı “o cümlədən erməni xalqı” ifadəsini işlətdiyini də bildiriblər.

S.Zurabişvili həqiqətən bu cür açıqlama verə bilərmi və bu cür açıqlama Gürcüstanın özünə də zərər deyilmi? Ola bilərmi ki, erməni saytları gürcü prezidentə qarşı təxribat edirlər?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycandan sonra Ermənistana rəsmi səfər edəcəyi gözlənilən idi. Səfərin birinci Azərbaycana edilməsi o demək idi ki, Gürcüstanın bölgədəki əsas tərəfdaşı məhz Azərbaycandır: “Salome Zurabişvilinin prezident seçkisindən əvvəl ermənilərin yaşadığı bölgədə verdiyi açıqlamalar Azərbaycanda narahatlıq yaratmışdı. Ancaq Zurabişvili Bakıdakı açıqlamalarında Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığa sadiq qalacağını bildirdi. Salome Zurabişvili martın 13-də Ermənistan səfərinə ”erməni soyqırımı” abidəsinin ziyarəti ilə başladı. O “soyqırım” muzeyində də oldu. Bu o demək idi ki, Zurabişvili 100 il əvvəl ermənilərin “soyqırımla” üzləşməsinə inanır. Aydındır ki, bu, Azərbaycanda və Türkiyədə xoş qarşılana bilməz. Ermənistana səfər edən rəsmilər heç də həmişə protokola görə “soyqırım” abidəsini ziyarət etmirlər. Bu o deməkdir ki, həmin rəsmilər “soyqıımla” bağlı erməni versiyasını qəbul etmirlər, Türkiyə və Azərbaycanla münasibətlərdə suallar yaratmaq istəmirlər. Salome Zurabişvili “soyqırım” abidəsini ziyarət edirsə, demək, bununla əlaqədar olaraq Türkiyə və Azərbaycandakı narazılıq onu narahat etmir.

Salome Zurabişvili İrəvanda əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Təkbətək görüşdən sonra heyətlərarası görüş oldu. Paşinyan onu xatırlatdı ki, o baş nazir vəzifəsində ilk səfərini Gürcüstana edib. Başqa cür ola da bilməz. Ermənistan Gürcüstandan asılıdır. Rusiya ilə Ermənistan arasında idxal-ixrac əməliyyatları və qaz nəqli tamamən Gürcüstan üzərindən həyata keçirilir. Gürcüstan Ermənistan üçün vacib nəfəslikdir. Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpa olunmamasına baxmayaraq, Tiflis Gürcüstan üzərindən Rusiya-Ermənistan əməkdaşlığına mane olmur. Paşinyan Zurabişvili ilə görüşdə belə bir ifadə işlətdi: “Ermənistanla Gürcüstan arasındakı münasibətlər ortaq strateji maraqlar üzərində qurulmalıdır”. Bu bir istəkdir. Məsələ burasındadır ki, prinsipial məsələlərdə iki ölkənin üst-üstə düşən strateji maraqları yoxdur”.

E.Şahinoğlu qeyd etdi ki, Rusiya Ermənistanın stareji müttəfiqi olduğu halda Gürcüstanla münasibətləri dondurulmuş haldadır. Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini işğal altında saxlayır. Gürcüstan üçün əsas ərazi bütövlüyü prinsipidirsə, Ermənistan üçün “xalqların öz müqəddəratını təyinetmə hüququ” başlıcadır: “Gürcüstan NATO üzvlüyünə çalışır, Ermənistan isə əks hərbi blokda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer alıb. Ona görə də Paşinyanın Gürcüstanla ”strateji maraqlar” haqqındakı ideyası reallığa söykənmir. Salome Zurabişvili İrəvandakı çıxışında dedi ki, Gürcüstanda yaşayan ermənilərin və azərbaycanlıların sülh şəraitində yaşamalarını istəyir. Zurabişvili bu sözləri ilə ona işarə edir ki, son günlərdə Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında münasibətlərdə gərginlik var. Bunun da səbəbkarı Xocalı soyqırımında iştirak edən terrorçuya abidənin qoyulması, Tiflisin buna seyrçi qalması, azərbaycanlıların isə haqlı etiraz etmələridir. Zurabişvili onu da aydın başa düşür ki, Azərbaycanla Ermənistan arasında müharibə başlasa, Gürcüstan bu prosesdən kənarda qala bilməyəcək, bu ölkədə yaşayan iki millət arasında da qarşıdurmalar olacaq”.

Politoloq vurğuladı ki, “xalqların öz müqəddəratını təyinetmə hüququ” ifadəsini Ermənistan prezidenti Armen Sərkisyan Salome Zurabişvili ilə görüşdə işlədib: “Sərkisyan bölgədəki münaqişələrin fərqli olduğuna işarə edərək belə bir cümlə işlətdi ki, ”Münaqişələr danışıqlar yolu ilə həll olunmalı, Qarabağ münaqişəsində isə xalqların öz müqəddəratını təyinetmə hüququ ön planda olmalıdır”. Sərkisyan “münaqişələr fərqlidir” açıqlamasıyla sanki Abxaziya, Cənubi Osetiya münaqişəsini Dağlıq Qarabağ münaqişəsindən ayırmaq istəyir. Yəni bir növ İrəvan Gürcüstan nümunəsində Abxaziya və Cənubi Osetiyanı sözdə Gürcüstanın tərkib hissəsi kimi tanıyarkən, Dağlıq Qarabağ nümunəsində də fərqli yanaşma ortaya qoyur. Təəssüf ki, Salome Zurabişvili İrəvandakı açıqlamalarında bölgədəki bütün münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həlli vacibliyini vurğulamadı, Azərbaycanda bir söz, Ermənistanda fərqli söz dedi”.

Həmsöhbətimiz onu da dedi ki, Gürcüstan prezidenti seçim etməlidir: “Salome Zurabişvilinin Ermənistan prezidentini Batumi konfransına dəvət etməsi də sual doğurdu. Çünki birincisi, Batumi konfransında əsas mövzu nəqliyyat xətləri olacaq. Bölgədəki nəqliyyat xətlərinin mütləq əksəriyyəti Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçir. Azərbaycan haqlı olaraq Ermənistanı bütün bu layihələrdən təcrid edib. Bu baxımdan Ermənistan prezidenti Batumidə nəyi müzakirə edəcək ki? İkincisi, Salome Zurabişvişi Batumi konfransına Azərbaycan prezidenti İlham Əliyevi də dəvət edib. İlham Əliyev gürcü həmkarına təklif edib ki, iki ölkənin birgə nümayəndələri Çində də təqdimat keçirsinlər. Bu onu göstərir ki, İlham Əliyev Çinin də Azərbaycan və Gürcüstanın iştirak etdiyi nəqliyyat dəhlizinə qoşulmasını istəyir. Ancaq əgər Batumi konfransına Ermənistan prezidenti gələcəksə, Azərbaycan prezidentinin iştirakı sual altında olacaq. Çünki Azərbaycan Ermənistanla eyni regional layihələrdə iştirak etmir. Odur ki, Salome Zurabişvili seçim etməlidir”.

Ekspertin yuxarıda qeyd etdiyindən belə məlum olur ki, “xalqların öz müqəddəratını təyinetmə hüququ” ifadəsi ilə erməni saytları əslində Gürcüstan prezidentinə qarşı təxribata yola veriblər. Ermənistan prezidentinin dilindən çıxan ifadələrin Gürcüstan prezidentinin adına yazılması təxribat sayıla bilər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*