Saytımıza xoş gəlmisiniz

Ermənistan niyə Rusiyasız yaşaya bilmir?- politoloqlar deyir ki…

Oxunma sayı: 137

3739ff4895af20856f3fdaf61b243c1c

Politoloqlar deyirlər ki, işğalçı ölkənin Qərbə inteqrasiyası nağıldır.

Ermənistanın yeni hökumətinin parlamentdə təsdiqlənmə ərəfəsində olan 5 illik proqramında ölkənin xarici siyasəti ilə bağlı əsas prioriteti qismində Rusiya ilə strateji əlaqələrin dərinləşməsi əks olunur. “Rusiya ilə strateji və müttəfiqlik əlaqələri dərinləşdirmək bizim əsas prioritetlərimiz sırasındadır.

Ermənistan-Rusiya münasibətləri dostluq, bərabərlik problemləri birgə səylərlə həll etmək prinsipinə əsaslanır. Hökumət Rusiya ilə hərbi əməkdaşlığı Ermənistanın təhlükəsizlik sisteminin təminatı üçün mühüm amil hesab edir”- sənəddə bildirilir. Proqramda həmçinin Ermənistanın bundan sonra da Putinin layihələri olan Avrasiya İqtisadi Birliyi və KTMT-də qalacağı və hətta bu qurumlarda “fəal və təşəbbüskar olacağı” vurğulanır.

Bu, artıq Nkiol Paşinyanın strateji seçimini etməsi və Ermənistanın Rusiyadan qopa bilmədiyinin təsdiqi sayıla bilərmi? Ermənistanın Qərb nağılları bitdimi?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda ötən il baş verən “məxməri inqilab” məhz ölkənin demokratikləşməsi və Rusiyanın forpostluğundan çıxarılmasına hesablanmışdı. Proseslərə rəhbərlik edən Nikol Paşinyan da əsas strategiyanın məhz Qərbə inteqrasiya olacağını qeyd edirdi. İnqilabdan sonra ABŞ emissarlarının ard-arda İrəvana səfəri, həmçinin Avropa İttifaqının da nümayəndələrinin gəlişində ölkədə siyasi kursun Avropaya inteqrasiya olacağı qeyd edilirdi.

Картинки по запросу Con Bolton

Con Boltonun regiona səfəri çərçivəsində Ermənistanda verdiyi mesajlar, məhz bu ölkənin müstəqil olması üçün ilk növbədən işğal olunmuş əraziləri boşaltmaqla Rusiyadan asılılığa son qoymaq mesajını verilmişdi. Lakin artıq bəlli olur ki, Ermənistan Rusiyasız yaşamaq imkanını itirmiş dövlətdir: “Dekabrda parlament seçkilərində Paşinyan hakimiyyətini legitimləşdirdikdən sonra Qərbə inteqrasiya kursunda mərkəzdən qaçma siyasəti görünməyə başladı. Paşinyanın Avropadan maliyyə dəstəyi ala bilməməsi, həmçinin ABŞ və Avropanın artıq Ermənistanda inqilabın heç də onların vəd etdiyi kimi uğurlu olmamasına görə bir növ Paşinyandan əllərini çəkirlər. ABŞ Paşinyana işğal olunmuş ərazilərdən çəkilməklə bağlı ilk təlimatını verməklə, məhz bu ölkənin müstəqilliyinin bundan asılı olacağını qeyd edirdi.

Похожее изображение

Politoloq Məhəmməd Əsədullazadə

Görünür, Rusiyanın basqılarını üzərində hiss edən Paşinyan öz hakimiyyətini qorumaq üçün artıq Moskvaya doğru siyasətinə qayıtmaq planını sənədlərdə qeyd edir. Hesab edirəm ki, Rusiyanın XİN müavini Karasinin İrəvana səfərindən sonra, Paşinyana ultimatumlar verildi. Paşinyanın yalnız öz hakimiyyətini möhkəmləndirməklə bu sənədi qəbul etməsi Kremldən hakimiyyətinə qarantiya almaq üçündür. Paşinyan Rusiyanın maraqlarına zidd siyasət aparacaqdısa ona qarşı hərbi çevriliş təhdidi var idi. Ona görə də o, öz hakimiyyətini qorumaq üçün həm də Qarabağ danışıqlarından yayınır, həmçinin Qərblə inteqrasiya siyasətini ləngitməyə başlayıb”.

Politoloq hesab edir ki, Ermənistan sözügedən sənəddə Rusiyanı özünə əsas müttəfiq kimi qeyd edirsə, artıq Paşinyanın Rusiyanın orbitindən çıxmaq kimi planının fiaskoya uğradığını söyləmək mümkündür: “Paşinyanın inqilab dövründə vəd verdiyi islahatları reallaşdıra bilməsi artıq mümkün görünmür. O, ölkədə sələfləri kimi Moskvaya bağlı, işğal siyasəti aparan rejim qurur”.

Картинки по запросу Politoloq Nəzakət Məmmədova

Politoloq Nəzakət Məmmədova isə bildirdi ki, Ermənistan hökumətinin nəzərdə tutduğu həmin sənədlə ölkənin real şəraiti, apardığı siyasi kurs arasında ziddiyyətlər var. Ona görə də qarşıdakı illərdə, konkret olaraq nəzərdə tutulan 5 il müddətində proqramda əksini tapan müddəalarla Ermənistanın real xarici siyasət strategiyası arasında böyük fərqlərin olacağını demək olar: “Əvvəla, ona görə ki, sənədin mahiyyəti ilə Paşinyan hakimiyyətinin təbiəti arasında çox böyük ziddiyyətlər var. Sənəd xarici siyasətdə Rusiyaya yönəlmiş strategiyanı ehtiva etdiyi halda, Paşinyanın hakimiyyətə gəlməsini təmin edən qüvvələr ondan bunun tam əksini tələb edirlər. Necə deyərlər, ”biri deyir oxu, biri deyir oxuma”. Sənədlə real şərait arasında kolliziya var. Sənədə nəzər salanda orada qeyd edilir ki, xarici siyasətdə əsas prioritet regional və beynəlxalq münaqişələrin dinc yolla həllinə verilməlidir. Halbuki işğalçı bir ölkənin Qarabağ münaqişəsində tutduğu qeyri-konstruktiv mövqeyi bütün dünya bilir. Yaxud proqram 2023-cü ilədək Ermənistanda yoxsulluğun aradan qaldırılmasını nəzərdə tutur, halbuki bu, qətiyyən mümkün deyil. Paşinyan İsa Məsih deyil ki, sehrli süfrə açıb hamını doyuzdursun.

Elan olunan proqramın arxasında real potensial, güc, iradə, resurslar dayanmırsa, o, mənasız sənədə çevrilir. Yaxud iqtisadiyyat yüksək templə inkişaf etməli və qarşıdakı 5 ildə 5 faizdən az olmamalıdır deyilirsə, bunu təmin edən yol xəritəsi olmalıdır. Özünü blokadaya salmış, regional layihələrdən kənarda qalmış, ianələr hesabına yaşayan ölkə bunu necə bacara bilər?! Rusiya ilə münasibətlər məsələsinə də o cür yanaşmaq olar. Təbii ki, Paşinyan o qədər də sadəlövh deyil ki, birdən-birə gəlib belə bir sənəd qəbul etsin ki, bizim yolumuz NATO-yadır, biz Rusiyadan imtina edirik.

O, bunu sənəddə yox, əməldə həyata keçirməyə çalışacaq. Onun ölkəsindəki missiyası budur”. Politoloq qeyd etdi ki, Paşinyan Rusiyaya qarşı Ermənistan Qafqazda dövlət kimi yaradılandan bəri üsyan bayrağını bu qədər açıq şəkildə qaldırmış  ilk dövlət başçısıdır. Üsyan bayrağı qaldırılıb və geriyə yol yoxdur.

Bundan sonra nə deyilsə, nə yazılsa, hansı sənədlər, proqramlar qəbul olunsa da, Paşinyan hakimiyyətdə olduğu müddətdə Rusiya və Ermənistan əvvəlki kimi strateji müttəfiq olmayacaqlar: “Artıq bu münasibət çat verib və getdikcə o çat dərinləşəcək. Doğrudur, Ter-Petrosyan da Rusiyaya münasibətdə oxşar mövqedə idi, amma o, Qarabağın işğalında erməni diasporasının və Rusiyanın hər ikisinin yardımından yararlanmışdı. Paşinyan isə Rusiyanı Ermənistandan sıxışdırmaq, onun 200 ildən çox davam edən Cənubi Qafqaz hegemonluğuna son qoymaq üçün hakimiyyətə gətirilib, proqramda deyildiyi kimi Rusiyanın daha 5 il dostu olmaq üçün deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*