Saytımıza xoş gəlmisiniz

Ermənistan qərarlarını saymadığı BMT TŞ-nin üzvü olmaq istəyir – nonsens

Oxunma sayı: 264

a3a323e6b529ba4578a267207b5076db

Əhəd Məmmədli: “Ermənistanın bu vəzifəyə seçilməmək şansı daha böyükdür”

Ermənistan BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv olmağın xəyallarını qurur. Bununla bağlı bir neçə gün öncə Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ölkənin İctimai Televiziya kanalına verdiyi müsahibəsində fikirlər səsləndirib. O, ölkəsinin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcəyini bəyan edib və oktyabr ayında belə bir şans yarana bilər.

Xatırladaq ki, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına keçirilən seçkilər zamanı namizəd ölkələr sırasında olan Ermənistan Azərbaycanla mübarizədən qorxaraq seçkilərə az vaxt qalmış namizədliyini geri çəkdi. Azərbaycan isə digər namizəd ölkələr olan Sloveniya və Macarıstanı geridə qoyaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə üzvü seçildi.

Digər tərəfdən, hər kəsə məlumdur ki, BMT TŞ-nin Azərbaycan torpaqlarını işğal edən Ermənistanın bu əraziləri boşlatması ilə bağlı 4 qətnaməsi var. Bu günə qədər təcavüzkar ölkə bu qətnamələrin heç birinə əməl etməyib. Ekspertlər ermənilərin Azərbaycan torpaqlarından çıxmayacaqları təqdirdə Ermənistanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olma xəyallarının dəfn olunacağını bildirirlər.

Politoloq Əhəd Məmmədli hesab edir ki, istənilən ölkə üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmək mümkündür: “Çox ölkə bu statusda olub. Burada qeyri-adi heç nə yoxdur. Dünyanın ən kasıb ölkələrindən sayılan Eritreya belə bu statusda olub. Heç nəyi həll etməyən bir postdur. Ermənistan da bir dövlət kimi gec-tez bu siyasi mövqedə olmaq istəyir. Qarabağla bağlı 4 qətnamə yerinə yetirməyən İrəvan ona görə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürməyə hələ də tərəddüd edir. Amma bilirsiniz Qarabağ məsələsinin həlli uzandıqca Ermənistanın BMT-nin TŞ-nin qeyri-daimi üzv olmaq şansları artır. Qarabağ problemi həll edilmədikcə bu ərazilər de-yure də Azərbaycandan uzaqlaşır. Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra Ermənistanın hara üzv olduğu bizim üçün o qədər də önəmli olmayacaq. Söhbət 12 ildən sonradan gedir. Əgər 12 ildən sonra Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olacaqsa – ümid edirəm ki, belə də olacaq – onda Ermənistanın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bizim üçün heç bir əhəmiyyəti olmayacaq. Yox, onda da Qarabağ işğal altında olmaqda davam edəcəksə, təbii ki, Ermənistanın BMT TŞ-yə üzvlüyü Azərbaycan üçün mənfi hadisə olacaq. Bu işğalçı ölkənin dünya tərəfindən növbəti dəfə sivil, hüquqi bir dövlət kimi tanınması demək olacaq. Azərbaycan üçün bütün problemlərin çıxış yolu Qarabağın azadlığından gedir”.

Politoloq onu da qeyd etdi ki, Azərbaycan indidən Ermənistanın bu arzusuna heç cür mane ola bilməz: “Beynəlxalq siyasətdə ilk olaraq rəsmi Bakı üçün əraziləri işğaldan azad etmək məsələsi durmalıdır. Bunun isə ancaq bir yolu var – hərbi yol. Torpaqlarımız bizdə olmayana qədər vaxt ermənilərə işləyir. BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək çətin bir iş deyil. İrəvanın növbəsi gələndə düşmənlərimiz də bu beynəlxalq qurumun postuna seçiləcəklər. Rəsmi Bakı da bunu əngəlləyə bilməyəcək. Ona görə yenə də təkrarlayıram ki, bütün bu problemləri heçə endirmək üçün Azərbaycan çox tezliklə ərazi bütövlüyünə qovuşmalıdır. Bu cür açıqlamaların indidən verilməsi daxili auditoriyaya oynamaq və Azərbaycanı qıcıqlandırmaqdır. Yeni erməni iqtidarı xalqına 12 il əvvəl planlarını açıqlamaqla nəsə böyük bir iş gördüklərini göstərmək istəyirlər. Əslində bu, onu göstərir ki, Ermənistan özündən inamsızdır ki, bu məsələnin həll edilməsi üçün hələ 12 il də uzadıb. Ermənistan yaxşı bilir ki, indiki durumu ilə müqayisədə 12 ildən sonra onların BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi daha real görünəcək. Çünki hal-hazırda Azərbaycanın bunun qarşısını almaq üçün müqaviməti daha çox olacaq. İndiki vəziyyətdə Ermənistanın bu vəzifəyə seçilməmək şansı daha böyükdür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*