Saytımıza xoş gəlmisiniz

Ermənistanda hərbi komissarlığın rəisi nəyə görə həbs edilib? – DETALLAR

Oxunma sayı: 22

435_1533811186

Ermənistan hərbi komissarlığının Masis bölməsinin rəisi və daha iki əməkdaşı həbs edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın təhlükəsizlik xidmətinin əməliyyat qrupu tərəfindən ötən aylar ərzində təşkil edilmiş geniş miqyaslı əməliyyat kəşfiyyat tədbirləri nəticəsində mütəşəkkil cinayətkar qruplar aşkar edilərək zərərsizləşdirilib.

Bu cinayətkar qruplara vasitəçilər, icraçılar, təşkilatçılar, hərbi kopmissarlıqların fəaliyyətdə olan və olmayan əməkdaşları, tibb mərkəzlərinin əməkdaşları daxildirlər. Onlar, rüşvət olaraq götürdükləri vəsaitlərin müqabilində erməni çağırışçıların həqiqi hərbi xidmətdən qanunsuz olaraq azad olunmaları və ya möhlət hüququ verilməsini, xidmətdə olan müddətli xidmət hərbi qulluqçuların seçdikləri hərbi hissələrə yerləşdirilmələrini, müxtəlif diaqnozlarla vaxtından əvvəl hərbi xidmətdən azad olunmaları proseslərini həyata keçiriblər.

Əldə edilmiş materiallar əsasında Ermənistan təhlükəsizlik xidmətinin istintaq idarəsində cinayət işləri qaldırılaraq, araşdırmalar aparılıb. Aparılan fəaliyyət nəticəsində Ermənistan MTX 2018-ci ilin iyul ayında daha belə bir fakt aşkar edib.

İlkin məlumatlara əsasən Ermənistan müdafiə nazirliyinin Ararat vilayəti hərbi komissarlığının Masis bölməsinin rəisi “S.B” 2018-ci il birinci çağırışı üzrə 4 nəfər çağırışçının saxta tibbi diaqnoz əsasında hərbi xidmətdən möhlət hüququ verilməsinə yardım etmək məqsədilə 7000 ABŞ dolları həcmində rüşvət alıb. Həmin vəsaitin bir hissəsini tanışı vasitəsilə tələb olunan diaqnozun qoyulması üçün tibb mərkəzinin tibb mütəxəssisinə verib. Həmin vəsaitin bir hissəsini isə mərkəzi tibbi komissiyasının üzvləri vasitəsilə həmin hərbi qulluqçulara möhlət verilməsini təşkil etmək məqsədilə Masis hərbi komissarlığının sabiq əməkdaşı, ehtiyatda olan mayor “M.Q”yə verib.

Məlum olub ki, “M.Q” hələ vəzifədə olarkən hər biri 4000 ABŞ dolları müqabilində 2 nəfər çağırışçıya möhlət verilməsi prosesini təşkil edib. Bundan başqa o, hərbi xidmətlə bağlı müxtəlif məsələləri həll etmək adı ilə 7 nəfər ayrı-ayrı şəxslərdən 150-4000 ABŞ dolları həcmində vəsait alıb. Lakin o, aldığı vəsait müqabilində heç bir iş görmədən, həmin vəsaitləri aldatma yolu ilə mənimsəyib. Törədilən cinayətlərlə bağlı Ermənistanın təhlükəsizlik xidmətinin istintaq idarəsində cinayət işi qaldırılıb.

Cinayət işinin araşdırılması çərçivəsində Ararat vilayəti hərbi komissarlığının Masis bölməsinin rəisi, Masis hərbi komissarlığının sabiq əməkdaşı və tibb mərkəzinin tibb mütəxəssisi həbs edilib.

Araşdırma davam edir.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*