Saytımıza xoş gəlmisiniz

Ermənistandakı antirus inqilabının “memarı” İrəvandan gedir

Oxunma sayı: 42

478ac83adca63dcaf5738105cbf940c8

İşğalçı ölkədə ilk dəfə Rusiyaya “əlcək atan” ABŞ səfirinin missiyası başa çatır; Riçard Milz gedərkən Paşinyana vəd verdi: “Dostunuz olaraq qalacam…”; onun xələfi Ermənistana hansı təlimatlarla gələcək?..

Ermənistanda 8 may “məxməri inqilabı” hələ ki öz əsas hədəfinə çatmasa da, artıq “cin” şüşədən çıxıb – işğalçı ölkə uğrunda Rusiya-ABŞ rəqabəti həlledici və amansız fazasına girib. Bu dönəmin nə qədər sürəcəyi yəqin ki, komandasını müstəsna olaraq, “Amerika uşaqları”ndan quran Nikol Paşinyanın öz əsas rəqibləri – Rusiyaya bağlı “Qarabağ klanı”nı nə dərəcədə neytrallaşdıracağından asılı olacaq.

Paşinyan bu hədəfi açıq dilə gətirməsə də, Rusiyaya, Vladimir Putinə ünvanlı sədaqət bəyanatlarını davam etdirsə də, artıq heç kəsdə, o cümlədən Rusiyadakı rəsmi və qeyri-rəsmi, analitik çevrələrdə şübhə qalmayıb ki, onun yekun hədəfi Ermənistanı Kremlin orbitindən uzaqlaşdırmaq və Qərbə – ABŞ-a və Avropa Birliyinə yaxınlaşdırmaqdır. N.Paşinyanın ABŞ-ın İrəvandakı səfiri Riçard Milzlə dünənki son görüş buna şübhə yeri qoymur.

*****

“Yeni Müsavat”ın 1 in.am erməni portalına istinadən verdiyi məlumata görə, görüşdə ölkədəki son ictimai-siyasi durum, o sırada növbədənkənar seçki məsələsi ətrafında gedən proseslər və ikitərəfli əlaqələrin sonrakı perspektivi müzakirə edilib. Həmin görüşdə Paşinyan bəlkə də özü də bilmədən Rusiyanı qıcıqlandıran etirafda bulunub.

Ä°lgili resim

Belə ki, baş nazir səfirə öz postundakı fəaliyyətinə, o sırada Ermənistan-ABŞ əməkdaşlığını möhkəmlənməsinə verdiyi “böyük töhfəyə”, habelə Ermənistanda baş verən “məxməri inqilab” zamanı obyektiv mövqe tutduğuna görə təşəkkürünü bildirib, ABŞ-ın hakimiyyət dəyişikliyi ilə yadda qalmış prosesə dəstəyi etiraf edib. “Şübhəsiz ki, inqilabdan sonra ABŞ Ermənistanın ən əhəmiyyətli müttəfiqlərindən birinə çevrilib. Ümid edirəm ki, dəstəyinizi bundan sonra da davam etdirəcəkəsiniz” – Paşinyan söyləyib .

Amerikalı səfir bu sözlərin qarşısında borclu qalmayıb. O, konstruktiv əməkdaşlığa görə baş nazirə minnətdarlığını bildirib və əlavə edib ki, Ermənistanın dostu olaraq qalacaq və Ermənistanla, erməni xalqı ilə əlaqələri kəsməyəcək. “Əminəm ki, yaxın illərdə əlaqələrimiz daha da möhkəmlənəcək. Hazırda Ermənistanın tarixində həlledici dönəmi yaşayan erməni xalqına və sizə uğurlar arzu edirəm”, – deyə amerikalı diplomat sözünə əlavə edib.

*****

Qeyd edək ki, Riçard Milz bir neçə gündən sonra İrəvandan gedəcək. Onu bu postda kimin əvəzləyəcəyi hələlik məlum deyil. Ola bilsin, ABŞ Azərbaycanla eyni vaxtda Ermənistana da səfir göndərsin.

R.Milzə gəlincə, o, böyük ehtimalla, digər sələfləri və xələflərindən fərqli olaraq, ABŞ-Ermənistan münasibətləri tarixində, bütövlükdə Ermənistan tarixində qala biləcək. Məsələ ondadır ki, bu ilin mart-aprel-may aylarında Ermənistanda hakimiyyət dəyişikliyinə gətirmiş inqilabi prosesin əsas ilhamvericisi və müəllifi məhz Milz sayılır.

Riçard Milz ile ilgili görsel sonucu

27 illik “müstəqillik” dövründə Ermənistanda ilk dəfə olaraq, birbaşa Qərbə kurs götürdüyünü gizlətməyən bir qüvvənin hakimiyyətə gəlişi əlbəttə ki, təsadüfi deyildi. Doğrudur, ac-yalavac durumda olan erməni xalqının Sərkisyan rejimindən, 20 ildir hakimiyyətdə olan “Qarabağ klanı”ndan narazılığı güclü idi. Lakin Rusiyanın forpostu olan bir ölkədə bu narazılığı hərəkətə gətirib inqilaba çevirmək də asan deyildi. ABŞ, onun İrəvandakı səfirliyi bunu öz adamları vasitəsilə bacardı. Necə deyərlər, Amerika Ermənistanda ilk dəfə Rusiyaya “əlcək atdı”.

Xatırladaq ki, Ermənistandakı ABŞ səfirliyi postsovet məkanında həm ərazi, həm də əməkdaşlar baxımından ən böyük diplomatik missiya sayılır. Səfirliyin 3 minə yaxın işçisi olduğu deyilir. Bundan əlavə, Ermənistanda Amerikaya bağlı çoxsaylı QHT-lər, media fəaliyyət göstərir.   

*****

Səfirlə görüşdəki açıqlamalardan da göründüyü kimi, erməni baş nazir ABŞ-ın inqilabdakı rolunu danmayıb. Ancaq açıqca görünür ki, Paşinyan Rusiyada əlavə qıcıq yaratmamaq üçün bunu maksimum yumşaq tərzdə ifadə edib. Bu da anlaşılandır. Niyə?

Ona görə ki, Ermənistandakı 20 illik rusiyayönlü rejim çöksə də, Rusiya hələ ki burada öz hərbi-siyasi dayaqlarını saxlayır. O cümlədən Kremlin açıq dəstəklədiyi “Qarabağ klanı” hələ çox güclüdür, ölkədə 2 rus hərbi bazası, 5 minlik rus hərbi kontingent var, Ermənistanın Türkiyə və İranla sərhədlərini rus hərbçilər qoruyur, Dağlıq Qarabağ məsələsi həll olunmamış qalır, üstəlik, Rusiya işğalçı ölkədə Ermənistanla ortaq hərbi qruplaşma yaradıb. Bəzi analitiklərə görə, bu qruplaşma lazım olan anda ölkədə hakimiyyət çevrilişi də edə bilər – baxmayaraq ki, yeni müdafiə naziri David Tonoyan Qərbin adamı sayılır.

Maraqlıdır ki, Paşinyanla Milz arasında sonuncu görüş günü Ermənistan ərazisində – “Baqramyan” poliqonunda Rusiya-Ermənistan  birləşmiş hərbi qruplaşmasının təlimləri başlayıb. Təlimlər oktyabrın 13-dək davam edəcək. Bunu müəyyən mənada Kremlin Paşinyan hökumətinə və ABŞ-a öz varlığı haqda növbəti xəbərdarlığı da saymaq olar.

Yəni ki, Rusiya bütün hallarda burada – Ermənistandadır və öz forpostunu heç bir qlobal qüvvə ilə, xüsusən də ABŞ-la bölüşməyə hazırlaşmır. Demək, əsas mübarizə hələ qabaqdadır. Belədirsə, görəsən, Milzin amerikalı xələfi onun “inqilabi işi”ni davam etdirə biləcəkmi? Yəqin k, yeni səfirin İrəvana gəlişi çox ləngiməyəcək. Axı o, həm də yeni təlimatlarla gələcək. Hər halda Ermənistandakı qarışıq situasiya bunu diktə edir…

“Yeni Müsavat”ın analitik xidməti

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*