Saytımıza xoş gəlmisiniz

Ermənistanın Azərbaycanla sərhəd kəndləri sürətlə boşalır

Oxunma sayı: 280

d0b045a8c4cf1f415a905aaaaf1d686c

İşğal siyasəti davam etdikcə erməni xalqının problemləri də artacaq; Bakı Rusiyanı Ermənistanın əlindən alır? Rusiyalı politoloq: “Artıq Azərbaycan təkcə regional lider deyil, həm də qlobal səviyyədə əhəmiyyətli oyunçudur…”

Qarabağa dair ilin son yüksək səviyyəli görüşü ötən həftə Slovakiyanın paytaxtı Bratislavada reallaşdı. Əfsus ki, o da nəticəsiz bitdi. Bir daha məlum oldu ki, özünü Qarabağ müharibəsinin “qalibi” sayan təcavüzkar tərəf heç cür problemin dinc yolla, beynəlxalq hüquqa, BMT TŞ-nin Dağlıq Qarabağa dair qətnamələrinə əsaslanan həllini yaxına buraxmaq istəmir, yalançı qələbə eyforiyası ilə yaşamaqda davam edir.

Təəssüf ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr dövləti – Rusiya, ABŞ və Fransa da işğalçını ağla gətirmək, bölgədə yeni və böyük müharibə təhlükəsini aradan qaldırmaq üçün İrəvana real təzyiq eləmək istəmir. Bratislava görüşü ilə bağlı həmsədrlərin yaydığı və münaqişə tərəflərini sülhə çağıran şablon bəyanat buna sübutdur. Bəyanatda həmçinin status-kvonun qəbuledilməzliyi qeyd olunur. Ardınca konfliktin hərbi həllinin olmadığı vurğulanır ki, bu da əslində ilk növbədə Bakının öz ərazi bütövlüyünü nə vaxtsa güc yolu ilə bərpa eləmək kimi qanuni  haqqına kölgə salmaq cəhdidir.

Leyla Abdullayeva ile ilgili görsel sonucu

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bunu bəyanatla bağlı Musavat.com-un sorğusuna cavab olaraq bildirib: “Sözügedən bəyanatda həmsədrlər bildirirlər ki, mövcud status-kvo qəbuledilməzdir, bu ifadə əslində həmsədrlər tərəfindən dəfələrlə qeyd olunub. Eləcə də münaqişənin hərbi yolla həllinin olmadığını qeyd edirlər. Həmçinin həmsədrlər tərəfləri süni əngəllər və şərtlər qoymadan substantiv danışıqlarda iştirak etməyə çağırırlar. Yəni əslində burada ismarış, çağırışın əsas məğzi tərəfləri münaqişənin həlli üçün substantiv danışıqlarda iştirak etməyə çağırmaqdır”,

L.Abdullayeva daha sonra rəsmi Bakının Qarabağ siyasətini bir daha xatırladıb: “Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlarda iştirak edir. Bununla yanaşı, Azərbaycan tərəfi hər zaman bəyan edir ki, onun BMT Nizamnaməsinin müvafiq 51-ci maddəsinə uyğun olaraq, beynəlxalq sərhədlər çərçivəsində suverenliyini bərpa etmək hüququ var”.

*****

Şübhə yox ki, nəticəsiz danışıqlar enində-sonunda müharibəyə gətirəcək, Azərbaycan öz müstəsna hüququndan istifadə eləməli olacaq. Bunun nə ilə nəticələnəcəyini isə işğalçı tərəf 2016-cı ilin 4 günlük aprel savaşında əyani görüb.

Yeri gəlmişkən, məlumdur ki, aprel məğlubiyyətinin səbəbləri ilə bağlı Ermənistan parlamentində təhqiqat komissiyası yaradılıb. Gələn son xəbərə görə, hakimiyyət komissiyanın fəaliyyət müddətini bir ilədək uzatmaq istəyir. Bunu komissiyanın sədri Andranik Koçəryan bildirib. Onun sözlərinə görə, 6 aylıq fəaliyyət müddətində 10 hərbçi dindirilib, 21 iclas keçirilib.

Komissiya sədri deyib ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan da daxil olmaqla, daha 40 nəfəri dindirmək istəyirlər. Andranik Koçəryan bütün məsələlərin araşdırılması üçün komissiyanın fəaliyyətinin daha 6 ay uzadılmasını istəyib. Köçəryan qeyd edib ki, 2016-cı ildə baş verən aprel döyüşləri zamanı Serj Sərkisyan prezident kimi ali baş komandan olduğu üçün komissiyaya dəvət edilməsi məntiqlidir.

2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər cəbhə xəttində atəşkəsi intensiv pozublar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq ile ilgili görsel sonucu

Xatırladaq ki, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər cəbhə xəttində atəşkəsi intensiv pozublar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprelin 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən çoxu isə yaralanıb.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Kənddə məscid tikilib, Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.

*****

Bu arada isə Ermənistanın Azərbaycanla sərhəd kəndlərinin sürətlə boşaldığı haqda məlumatlar yayılıb. Belə ki, “Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verir ki, sərhəd yaşayış məntəqlərində dəhşətli şəkildə erməni qıtlığı yaranıb. Bu barədə özünün Facebook səhifəsində Ermənistan parlamentinin deputatı Armen Babacanyan yazıb.

Onun sözlərinə görə, gələn ilin yazında Azərbaycanla həmsərhəd kəndlərdə doğum səviyyəsini stimullaşdırmaq üçün iri proqram işə salınacaq. Proqram son 3 ildə həmsərhəd bölgədə yaşayan ailədə doğulacaq hər uşağa min dram məbləğində birdəfəlik, ardınca 3 yaşa kimi hər ay 100 dollar olmaqla ödəniş nəzərdə tutur.

Göründüyü kimi, ölkədə demoqrafiya sahəsində də böhran davam edir. Həm də doğum faizinin aşağı olması səbəbindəndir ki, işğalçı ordu illərdir çağırışçı problemi yaşayır. Azərbaycan isə özünün iqtisadi və hərb potensialını, demoqrafik resurslarınə artırmaqdadır. Bunun bir səbəbi də onun işğalçı Ermənistandan fərqli olaraq, blokada vəziyyətində olmaması, əlverişli coğrafi mövqeyə malik olması, Ermənistan xaric, qonşularla yüksək səviyyəli münasibətlər qurmasıdır.

Azərbaycan indi hətta qonşu Rusiya ilə – Ermənistanın 1 nömrəli hərbi-siyasi müttəfiqi ilə Ermənistandan da güclü iqtisadi-ticari əlaqələrə malikdir. Həmçinin Bakı ilə Moskva arasında silah ticarətinin dövriyyəsi İrəvanla olan həcmdən xeyli yüksəkdir və gələn il də bu tendensiya saxlanılacaq.

“Rusiyanın Cənubi Qafqazdakı həqiqi strateji müttəfiqi Azərbaycandır”. Bunu Moskvada keçirilən “Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları” adlı “dəyirmi masa”da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin direktoru Stanislav Çernyavski deyib (Publika.az). Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə bu yaxınlarda keçirilmiş Regional Əməkdaşlıq Forumundan çox təsirlənib: “Rusiyanın İqtisadi İnkişaf naziri Oreşkinin birgə əməkdaşlığımızın nəticələri barədə məlumatlarını dinləmək maraqlı idi. O bildirdi ki, son bir ildə ölkələr arasındakı ticarət 26% artıb və MDB ölkələrinin heç biri ilə belə artım yoxdur”.

Mərkəz direktoru həmçinin Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan və Azərbaycan tərəfindən dəstəklənən Türkiyə-Rusiya-Azərbaycan və İran-Rusiya-Azərbaycan üçtərəfli formatlarında yüksək vəzifəli şəxslər səviyyəsində mütəmadi görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, xarici siyasət baxımından bu gün Azərbaycan təkcə regional lider deyil, həm də qlobal səviyyədə əhəmiyyətli oyunçudur: “Əlbəttə, Azərbaycan üçün ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsini unuda bilmərik. Hər kəs başa düşür ki, bu, Azərbaycanın qanlı yarasıdır və Rusiya bu məsələ üzrə aparılan bütün danışıqlarda iştirak edir. İndi Ermənistanda vəziyyət dəyişir. Görək, Ermənistan tərəfi danışıqlarda hansı mövqeyə gələcək. Hər halda bu proses davam edir…”

*****

Azərbaycanla Rusiya arasında yüksək səviyyədə artan təmaslar, bütün sahələr üzrə genişlənən əlaqələr, reallaşan ortaq layihələr sövq-təbii Ermənistanda daim güclü qıcıq və təlaş yaradır, onun təcridini gücləndirir. Lakin, dəfələrlə yazdığımız kimi, bu təlaşdan, bütövlükdə iqtisadi və demoqrafik böhrandan qurtulmağın tək yolu bəlli: ilk növbədə iki əsas qonşu – Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salmaq. Onun da yolu bəlli: nə qədər gec deyil, nə qədər ki, böyük savaş başlamayıb işğalçı siyasətə son vermək. Qeyd-şərtsiz…

Siyasət şöbəsi

Musavat.com

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*