Saytımıza xoş gəlmisiniz

Esmira Cəfərovanın yurdsuzluqdan yoğrulan “Həsrətin melodiyası”

Oxunma sayı: 453

41934678_246952849337289_5923968088369266688_n

Esmira xanımı 80-ci illərdən tanıyıram. Azərbaycanın mirvari şəhəri olan Xankəndində o, həmişə öz kübarlığı, alicənablığı, ziyalılığı ilə fərqlənib.

Ağdam rayonunda dünyaya göz açan Esmira Cəfərovanın orta məktəb illərindən sonrakı həyatı Xankəndi ilə bağlı olub. O, Ağdamın ən nüfuzlu orta təhsil ocağı sayılan Ağdam şəhər 1 saylı orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Xankəndi Pedaqoji institutunun ədəbiyyat fakültəsinə qəbul olunub. İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bu təhsil ocağının rəhbərliyinin təşəbbüsü ilə Esmira xanım gənc və bacarıqlı kadr kimi ilk pedaqoji fəaliyyətinə məhz burada başlayıb.

Esmira xanımın şəxsi həyatı da Xankəndi ilə bağlanıb. O, Xankəndində sayılıb-seçilən Cəfərovlar ailəsinə gəlin köçüb.

Hazırda pedaqoji fəaliyyətini Bakıda davam etdirən Esmira Cəfərova ara-sıra mətbuatda öz yazıları ilə yaradıcılığını oxucularla bölüşür. Bu günlərdə sosial şəbəkələrdə tarix üzrə fəlsəfə doktoru Hikmət Cəmilzadənin Esmira Cəfərovaya istinadən paylaşdığı sətirlərlə rastlaşdım. Kövrək sətirlər diqqətimi çəkdi. Qəlbindən və qələmindən vətən sevgisi, yurd nisgili süzülən Esmira xanımın həmin yazısını tam şəkildə Karabakh.TV-də oxuculara təqdim etmək qərarına gəldim…

İlham Cəmiloğlu  

 

Həsrətin melodiyası…

“Gözdən uzaq olan, könüldən də uzaq olur”- məsəli cənnət-məkan Qarabağ mövzusunda özünü doğrultmur və anlamını itirir. Qarabağ həsrəti bu atalar sözünün həqiqi payını heçə endirir, böyük istisna yaradır. Qarabağ analarımızın, atalarımızın anası olmaqla yanaşı, həm də ulu əcdadımızın gor yeridir. Övlad anasını uzun illər boyu görməsə belə, bu görməzlik anaya bəslənilən sonsuz sevgiyə əsla xələl gətirməz, əksinə, dərin həsrət yaradar.

Vüsalı bəsləyən həsrət deyilmi? Gözdən uzaq olan könüldən də uzaq olsaydı, onda dünyasını dəyişən analarımıza, cəmi əzizlərimizə bəslənən rəhmət duyğulu və bizi yandıran sevgilər nədən könlümüzü tərk eləmir? Nədən onları unutmuruq? Hətta bu labüd ayrılıq durumlarına yana-yana üzülür, xatirələrini əzizləyirik. Çünki sevgilərimiz xalisdir. Başlanğıcı Allahdan yönələn, eşqdən yoğrulan sevgilər qəlbləri tərk etmir, ruhları ovundurur.

Qarabağa olan sevgimiz də belədir. Heç bir qüvvə Qarabağı onu sevənlərin könlündən çıxara bilməz. Onu bizdən zorla qoparıb işğal ediblər. Fəqət, Şuşa zirvə olmaqla Qarabağın heç bir şəhəri, kəndi işğalçı ermənini sevə bilməz. Çünki illərdir ki, ermənilər Qarabağı viran qoyub, torpağını yandırıb, gözəlliklərinə haram qatıblar. Sual doğur: işğalçı erməniyə Qarabağ necə ana vətən ola bilər? Məgər ananın bağrını viran edənlər ona doğma ola bilərmi? Insan sevgilisinin naminə sevgilisinin qarşısında diz çökər. Bax buna görə də biz qarabağlılar Qarabağa dizin-dizin sürünə-sürünə getməyə Allahdan dualar edirik. Sevən sevilənin dərdlərinə qatlaşar. Elə bu səbəbdəndir ki, biz Qarabağın dərdiylə yatır, dərdiylə durur, dərdiylə yaşayırıq ki, sarsılmaz ümidlərimiz də yaşasın.

Düzdür, qəlbimdəki Qarabağ yarası neçə illərdir ki, qaysaq bağlamır ki, bağlamır. Ömür kitabımda nisgillər, həsrətlər həmişə bir-birini izləyir. Doğulub boya-başa çatdığım Ağdam həsrətinə Şuşa, Xankəndi həsrəti, bütövlükdə Qarabağ həsrəti qarışıb. Doğma torpağımın qəlbimə sızılan iniltilərini yaşamaq cəhənnəm əzablarını xatırladır. Ruhumda sanki əlacsız bir dərd yaşayıram. O yerlərdəki dağların zirvələri dumanlı buludların içində, dağların dağı isə millətimin bağrındadır. Əminəm ki, indi Qarabağda bülbüllər nisgilli oxuyurlar. Qarağacı qəbiristanlığında dəfn olunan nənəmin, babamın ruhu pərən-pərəndir. Hər gecə röyamda ayaqyalın, başıaçıq İmarətdə (Pənah xanın Ağdamdakı İmarəti) o yana qaçıram, bu yana qaçıram. İnsan sübhədək yatır ki, dincəlsin. Lakin mən gördüyüm röyalarla birgə yorğun oyanır, fikrimdə, xəyalımda yalnız və yalnız Qarabağdır.

Tanrım, sən mənim xəyallarımı gerçəkliyə döndər. Elə istərdim ki, ana nənəmin Cıdır düzündəki evinin taxta pilləkanında oturaraq gözümü Gəlin qayasına, Topxana meşəsinə zilləyim. Elə istərdim ki, Cıdır düzündəki daşların üzərindən xınaları qoparıb əllərimə yaxım. Elə istərdim ki, pilləkanımızın ayağında bitən boynu bükük bənövşələrdən saçlarıma çələnk hörüm. Və elə istərdim ki, dumanlı, çiskinli Topxana meşəsində itim, batım, sonra hayqıra-hayqıra, hönkürə-hönkürə ağlayım və daha sonra yox olum.

Artıq illərin yorğun xafirələrindən üzülmüşəm, həsrətli baxışlarım yollardan yığılmır. Adam bezməkdən də bezir. Lakin mən betərin betərini düşünüb qəlbimin gücü qədər Allaha pənah aparıram. Çünki ümidsizlik Allahın varlığının inkarıdır. Mən özümü Qarabağda dağın qayasını yarıb bitən dağdağan ağacı timsalında görürəm. Soyuqlar, sazaqlar məni qorxutmaz. Mətanətim dağdağan müqəddəsliyindədir həm də. İllər uzunudur ki, yaz yağmurlarını kökümə çəkib qaya zirvəsindən Qarabağın viranəliklərinə baxıram. Köküm dərin, gövdəm möhkəm, budaqlarım şaxəli, yarpaqlarım yamyaşıl olsa da gözlərimin kökü sarıya çalır.

Biz sənə qovuşacağıq, Qarabağım! Gözlərimdən sevinc yaşını töküb torpağını, daşını öpəcəyəm. Üçrəngli bayrağımız mütləq şəhri-Şuşada dalğalanacaq. Tarix Allahın izni ilə təsdiq edəcək ki, ana yurd, Qarabağ mövzusunda heç də gözdən uzaq olan könüldən uzaq olmur. Mən qəlbimin pıçıltılarını ağ vərəqə səpələdim. Bu pıçıltılar yeri yarıb, ərşi titrədən hönkürtülü hayqırtılardır, sızıltılı, ağrılı qəlbimin melodiyalarıdır. Bu melodiyalar əzan sədaları kimi kainata yayılır. Rəbbim isə heç kəsə çəkə biləcəyindən artıq dərd yükləmir. Tanrım, sən bizi viranələliklərə çevrilmiş ana qucağına qaytar!

Esmira Cəfərova

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*