Saytımıza xoş gəlmisiniz

Ermənilər dövlət bankını necə qarət etdilər? – Mərkəzi Komitənin nəzarətində olan cinayət işi

Oxunma sayı: 116

8a92ccbbe4d3d6b122ec1e7a33eeb70a
Sovet İttifaqının mövcudluğu dövründə qarət və öğurluqla bağlı cinayət hadisələrinin sırasında Ermənistan paytaxtında dövlət bankının qarəti, külli miqdarda pulun oğurlanması ən səsli-küylü və yaddalan hadisələrdən biri sayılıb. Bu cinayət hadisəsinin açılmasına, hüquq mühafizə orqanlarının əməliyyat-axtarış tədbirlərinə birbaşa Mərkəzi Komitə nəzarət edib.
Yerevanda dövlət bankının qarət olunması planı bir neçə ay ərzində hazırlanıb. “İdeya”nın təşəbbüskarı isə bankda müfəttiş vəzifəsində çalışan 23 yaşlı Zaven Baqdasaryan olub. 1977-ci ilin yanvar ayında köhnə tanışları olan Feliks və Nikolayla görüşən Zaven söhbət əsnasında bildirib ki, bankdakı pullar zirzəmidə deyil, binanın ikinci mərtəbəsində saxlanılır və orada siqnalizasiya qurğuları da yoxdur. Daha sonra o, bankın mühafizəsi ilə bağlı gələcək “şərik”lərini məlumatlandıraraq söyləyib ki, iş günü sona çatdıqdan sonra qapılar möhürlənir, bank milis gözətçiləri tərəfindən birinci mərtəbədən və çöldən mühafizə olunur. İlk baxışdan bu təsadüfi görüş və adi söhbət Nikolay və Feliks Kalaçyanları ( onlar əmioğlu olublar) ciddi düşünməyə vadar edib. Beləliklə onlar bir müddət bankın giriş-çıxışını, işçilərin nə vaxt gedib gəlməyini, mühafizəçi milislərin hərəkərlərini və ümumilikdə bütün vəziyyəti öyrənməyə başlayıblar. Onları əsas düşündürən məsələ banka hardan daxil olmaqları olub. Dövlət bankının on divarı küçəyə, arxa divarı həyətə, sol divarı açıq yola baxıb. Sağ divar isə yaşayış binasına çox yaxın olub. Milyonlara sahib olmaq istəyən Kalaçyan əmioğluları belə qərara gəliblər ki, yaşayış binasından bankın damına keçmək olar və üçqat daşla örtülmüş damı gecə vaxtı xüsusi alətlə kəsərək bankın üçüncü mərtəbəsinə düşmək olar. Pullar saxlanılan otağın üstü üçüncü mərtəbədəki seminar otağına düşüb.

56a25d6bdf2e4e2f940dca94e3f5d63e
Son detallara qədər hər şey düşünüldükdən sonra qarət üçün lazım olacaq bütün avadanlıqlar alınıb. Kəndir, kəsici və oyucu alətlərlə yanaşı Kalaçyanlar çətir də alıblar. Çətiri almaqda məqsəd binaya daxil olduqdan sonra üçüncü mərtəbə ilə ikinci mərtəbə arasındakı betonu kəsərkən beton qırıqlarının döşəməyə düşüb səs salmaması olub. Belə ki, kiçik bir deşik açdıqdan sonra cətiri bağlı vəziyyətdə aşağı ikinci mərtəbəyə sallamaq, sonra onu açmaq və nəhayət beton kəsiləndə onun qırıqlarının açıq çətirə töküləcəyi nəzərdə tutulub.
Bankın qarət olunması vaxtı da müəyyənləşdirilib. Məhz həftənin cümə günü. Nəzərə alınıb ki, cümə günündən sonra iki gün-şənbə və bazar bankda iş günü deyil.
1977-ci il avqustun 5-də gecədən xeyli keçmiş fiziki cəhətdən daha çevik olan Feliks Kalaçyan seçilmiş hədəfə tək gedib. Düçünülmüş plan üzrə öz mövqeyinə çatmaqda çətinlik çəkməyib. Ancaq üçqat daşı kəsmək Feliks üçün əməlli-başlı problemə çevrilib. Birincisi ona görə ki, olduqca ehtiyatlı və sakit işləmək lazım gəlib. İkincisi isə bu işi sona çatdırmaq üçün bir gecəlik vaxt kifayət etməyib. Ancaq ani bir məqamda Feliksin planı dəyişib. Binanın damından aşağı boylananda onun gözünə üçüncü mərtəbənin çox da möhkəm bərkidilməmiş (həmin ərəfədə bank təmirdən yenicə çıxıb) dəmir barmaqlıqlı pəncərəsi sataşıb. Pəncərəni açıb içəri keçmək ona daha asan gəlib. Damdan pəncərəyə tullanmaq isə böyük risk tələb edib. Kiçik bir ehtiyatsızlıq onu üçüncü mərtəbədən yerə çırpa bilərdi. Nəhayət son qərarını verən Feliks çox sakit və ustalıqla tullanıb, dəmir barmaqlıqları aralayaraq üçüncü mərtəbəyə keçib. Seminar otağının beton döşəməsini 30 sm kəsdikdən sonra Feliks xəzinənin içərisində olub. O pulları özüylə gətidiyi idman çantalarına yığaraq eyni yolla geri Nikolayın yanına qayıdıb. Ermənistanın dövlət bankından oğurlanmış məbləğ 1 milyon 525 min rubl olub. O dövr üçün bu olduqca böyül məbləğ sayılıb. Həmin dövrdə bu məbləğ 2 milyon ABŞ dollarına bərabər idi. Oğurlanmış pulların əsas hissəsi işlənməmiş təzə, seriyası “Aİ” ilə 100 rublluq əskinazlar olub.

f60a2b042347573c1e9388a21f4b6396
“Əməliyyat” uğurla başa vurmuş Kalaçyanlar yaxşı başa düşüblər ki, qarətlə bağlı ciddi əməliyyat-axtarış tədbirləri başlayacaq. “Aİ” seriyası isə bu tədbirlərdə ən başlıca fakt olacaq. Buna görə də onlar belə qərara gəliblər ki, pulları kiçik məbləğlərlə 3 faizli istiqrazlarla dəyişsinlər. Elə bu fikirlə də onlar Ermənistanı tərk edib əvvəlcə Daşkəndə, sonra isə Moskvaya yola düşüblər. Kifayət qədər imkanları olan əmioğlular istirahətlərindən də qalmayıblar. Nikolay Moskvada Lyudmila adlı rus qızı ilə tanış olub və tep-tez onların evinə gedib. Az sonra isə Nikolay rus cevgilisinin qardaşı Vladimir Kuznetsovla tanış olub. O görüşlərin birində Vladimirə kartda xeyli pul udduğunu söyləyib və ondan xahiş edib ki, bu pulları az-az məbləğdə istiqraza çevirmək lazımdır. Təbii ki, bunun müqabilində ona pul verəcəyini də vəd edib. Vladimir böyük həvəslə Nikolayın xahişini yerinə yetirib. Təbii ki, slavyan görünüşlü olan Vladimirdən heç kim şübhələnməyib. Gündəlik artıqlaması ilə haqqını alan Vladimir günlərin birində daha böyük məbləğ dəyişib daha böyük pul qazanmaq fikrinə düşüb. 6 min rublu dəyişəndə müştərilərə xidmət edən qızda şübhə yaranıb. O 3 min rublluq istiqrazı Vladimirə verib və xahiş edib ki, bir neçə dəqiqə gözləsin, qalan hissəni qonşu otaqdakı seyfdən gətirmək lazımdır. Qız o biri otağa keçib milisə xəbər verəndə Vladimir məsələdən agah düşüb və qaçıb. O əvvəlcədən də bilib ki, ermənilərin gəzdirdikləri pulda problem var. Milis kassada işləyən qızın köməyi ilə fotorobot hazırlayıb və qısa müddətdən sonra 1978-ci il noyabrın 6-da əvvəlcə Vladimir, daha sonra isə Nikolay və Feliks Kalaçyanlar həbs ediliblər.
1979-cu ildə məhkəmənin hökmü ilə Nikolay və Feliks Kalaçyanlar ölüm cəzasına məhkum edilib. Həmin dövrdə Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin sədri Babken Sarkisov ölüm hökmünün dəyişdirilməsi ilə bağlı SSRİ Ali Sovetinə məktub göndərib. Ali Sovet Babken Sarkisovun xahişini yerinə yetirərək müsbət qərar verib. Ancaq məktub Ermənistan paytaxtına çatana qədər məhkəmənin Kalaçyanlar haqqında ölüm cəzası icra olunub. SSRİ Ali Sovetinin cavab məktubu cəzanın icra olunmasından 24 saat sonra Yerevana çatıb.
İlham Cəmiloğlu