Saytımıza xoş gəlmisiniz

General Kərəm Mustafayev: “Dövlət sərhədi boyunca əlverişli mövqelər azad edilib”

Oxunma sayı: 135

2434_1531291565

Əlahiddə Ümumqoşun Orduda ilkin zabit rütbəsi alan məzunlar və aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər ixtisas hazırlığı kurslarını bitirərək növbəti xidmət yerlərinə yola salınıblar.

Tədbirdə mərasimə hazırlıqla bağlı məruzə edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən zabitlər, məzunlar, əsgərlər və valideynlər kurslarda fəallıq göstərərək yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənclərə xidmətlərində uğurlar arzulayıblar.

Əlahiddə Ümumqoşun Ordu Komandanı general-leytenant Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi, Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər ələ keçirilib. “Tarixə qızıl hərflərlə yazılan Günnüt əməliyyatının uğurla nəticələnməsi ötən illər ərzində kurslarda peşəkar döyüşçü kimi yetişən hərbçilərimizin sayəsində mümkün olub. Bu gün dövlət qayğısını hər zaman üzərində hiss edən, xalq-ordu birliyindən ruhlanaraq ən çətin döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazır olan hərbi qulluqçularımızın sıralarına yeni üzvlər daxil olur. İnanırıq ki, hər biriniz kurslarda qazandığınız biliklər nəticəsində ordumuzun daha da güclənməsi üçün əlinizdən gələni əsirgəməyəcək, nümunəvi xidmətinizlə fərqlənəcəksiniz”.

Sonra ehtiyat zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatlar təqdim edilib.
Aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin ixtisas hazırlığı kurslarında uğur qazanaraq ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib.

Nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

İxtisas hazırlığı kursunu başa vurmuş əsgərlər fiziki hazırlıq üzrə silahsız və silahlı çalışmalar kompleksini, müxtəlif atıcı silahların gözübağlı vəziyyətdə natamam sökülüb-yığılmasını, minaatan qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsini praktiki yerinə yetiriblər.

Sonda bölmələrin tribuna önündən təntənəli keçidi olub.


Nəriman Nəcəfov, “N” saylı hərbi hissə
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*