Saytımıza xoş gəlmisiniz

Gözlənilən Qarabağ danışıqları: Bakının masada mövqeyi daha güclüdür

Oxunma sayı: 96

70479dc42468fe372f61026bd473928c

Nikol Paşinyan artıq fərqindədir ki, separatçı rejimi danışıqlarda tərəf kimi qəbul etdirmək planı iflasa uğrayıb

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayının əvvəlində ABŞ-da görüşə bilər. Bu barədə Ermənistanın bəzi saytlarında məlumat yayılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır: “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan Respublikası Prezidenti ilə Ermənistanın baş naziri arasında görüşünə dair təklifləri olub. Qeyd etmək istərdik ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır. Azərbaycan tərəfi münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Məlum olduğu kimi, indiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüş baş tutub.

Minsk Qrupunun həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır, biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırıb. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”.

Bəs Qarabağ danışıqlarına tərəflər nə ilə gedir?

Картинки по запросу Politoloq Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanın danışıqlar masasında əli daha güclüdür. Azərbaycanın ortaya qoyduğu danışıqlar ideologiyasına dünya tərəfindən dəstək də güclüdür. Azərbaycanın mövqeyinin beynəlxalq hüquq normalarına uyğun olması, eləcə BMT-nin Dağlıq Qarabağa dair qəbul etdiyi 4 qətnaməyə uyğun surətdə aparılması danışıqlarda Azərbaycanın üstünlüyünü şərtləndirir: “Yəni Azərbaycan hansısa ölkənin ərazisini istəmir, sadəcə olaraq, öz ərazi bütövlüyünü təmin etmək istəyir. Bunu da beynəlxalq hüququn gərəkdirdiyi tələblər çərçivəsində reallaşdırmaq istəyir. Əgər Ermənistanın mövqeyinə diqqət yetirsək görərik ki, başdan-ayağa sayıqlamalardan ibarətdir. Ermənistan danışıqlar ərəfəsində danışıqlar mühitini yumşaltmaq əvəzinə danışıqlar prosesini mürəkkəbləşdirəcək addımlar atır. Ermənistanın təhlükəsizlik şurasının iclasını baş nazir Nikol Paşinyan Xankəndində keçirdi, oradan sərsəm bəyanat verdi. Nikol Paşinyan artıq fəqrindədir ki, separatçı Dağlıq Qarabağ rejimini danışıqlarda tərəf kimi qəbul etdirmək planı iflasa uğrayıb. Ermənistan rəhbəri Qarabağ danışıqlarına həm də bu məsələdə uduzmuş şəkildə getməli olacaq. Son vaxtlar Avropa Birliyindən, ATƏT-dən İrəvanın mövqeyini dəstəkləməyən açıqlamalar olub”.

Azərbaycan tərəfinin danışıqlarda əlini gücləndirən ən mühüm amillərdən biri ölkəmizin güclü hərbi potensiala malik olmasıdır: “Biz açığını deyək ki, danışıqlara o qədər bel bağlamırıq. Çünki qarşımızda siyasi iradəsini dəqiq proqnozlaşdırmaq mümkün olmayan bir tip əyləşib. Bu tip gündə bir neçə cür fikir səsləndirir və həmin fikirlər də bir-birini təkzib edir. O nöqteyi-nəzərdən danışıqlar yolu ilə bütün məsələlərin həll ediləcəyinə o qədər böyük ümid bağlamır. Ona görə də Azərbaycan sürətlə öz ordusunun hərbi əməliyyatlara hazırlanması qayğısına qalır. Martın 11-dən başlayaraq Azərbaycan ordusu 10 min nəfərlik şəxsi heyətlə bütün qoşun növlərinin iştirakı ilə kompleks xarakterli hərbi təlimlərə başlayıb. Təlimlər təmas nöqtəsinə xeyli yaxın istiqamətlərdə həyata keçirilir. Özü də bu təlimlər hücum xarakterli təlimlərdir. Arxasında güclü hərbi potensial olan diplomatiya danışıqlar masası ətrafında özünü daha güclü hesab edəcək. Tərəflər bu cür baqajla danışıqlara getməkdədir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*