Saytımıza xoş gəlmisiniz

Hərbçilər arasında 33-cü dünya çempionatının təşkilat komitəsinin sonuncu iclası keçirilib

Oxunma sayı: 130

cefd3e1ef611ffa9c311a590c8d1d70f

Moskvada hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının təşkilat komitəsinin yarışlara hazırlıqla bağlı sonuncu iclası keçirilib.

Rusiya paytaxtındakı Mərkəzi Ordu İdman Klubunda keçirilən toplantıda Beynəlxalq Hərbi İdman Şurasının (CISM) rəsmi nümayəndəsi Kim Hyun Soo, təşkilat komitəsinin sədr müavini Roman Kudryavçev, hakimlər briqadasının sədri Vladimir Qriqoryev, Dünya Güləş Birliyinin (UWW) rəsmi nümayəndəsi Uve Manz, CISM-in güləş komitəsinin sədri Marko Kopella, təşkilat komitəsinin vitse-sədri Oleq Parxomenko, CISM-in Qafqaz, Qara dəniz və Balkanlar üzrə koordinatoru, ehtiyatda olan polkovnik Nevzat Varol, yarışlarda iştirak edəcək komandaların rəhbər heyətinin üzvləri, hakimlər və məşqçilər iştirak ediblər.

Təşkilati məsələlərə cavabdeh olan Rusiya təmsilçisi Oleq Parxomenko çıxış edərək yarışlar müddətində yaradılacaq şərait və davranış qaydaları ilə komanda rəhbərlərini tanış edib.

Sonra CISM-in güləş komitəsinin sədri Marko Kopella yarışların təşkilindən, əhəmiyyətindən və təmsil etdiyi qurumun məramından, gələcəkdə keçirilməsi planlaşdırılan turnirlərdən danışıb, idmançılara uğurlar arzulayıb.

Təşkilat komitəsinin iclasında yarışlarla bağlı bir sıra məsələlər müzakirə edilib və komanda rəhbərlərinin sualları cavablandırılıb.

Toplantıdan sonra texniki heyətin və hakimlərin yarış qabağı iclası da keçirilib, püşkatma olub.

Çempionatda ölkəmizi MOİK komandasının sərbəst və yunan-Roma güləşi yarışlarının hər biri üzrə 9, qadınların mübarizəsində isə 3 idmançısı təmsil edir.

Azərbaycan komandasının rəhbəri MOİK-in rəisi, polkovnik-leytenant Rəşad Quliyevdir.

İyirmi iki ölkənin 350-yə yaxın nümayəndəsinin qatıldığı dünya çempionatı mayın 20-dək davam edəcək.

Mayın 15-də dopinq nəzarətindən və idmançılarının çəkilərinin dəqiqləşdirilməsindən sonra yarışlara start veriləcək. Yarışların ilk günündə beş çəki dərəcəsi üzrə kişi və qadın idmançılar döşək üzərinə çıxacaqlar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*