Saytımıza xoş gəlmisiniz

İlin 10 ayının Qarabağ üçün əsas yekunu: “2019-cu ilə yaxşı zəmin yaranıb”

Oxunma sayı: 43

6db5d5f3b0a6bb97fe20fc19e711c9de

Ermənistanda hərbi xuntanın devrilməsi, Qarabağdakı cinayətlərdə əli olanların küncə sıxışdırılması yeni situasiya vəd edir; politoloq: “2018-ci il Azərbaycanın üstün siyasi-diplomatik və hərbi gücünü təsdiqlədi…”

2018-ci ilin onuncu ayından geri dönüb cari ilin ötən aylarına nəzər salanda qeyri-ixtiyari daha çox diqqətimizi cəlb edən Qarabağ ətrafında baş verənlər və işğalçı Ermənistanda yaşananlar olur. Təbii ki, torpaqlarımızın 25-ci ildir işğal altında alması, düşmənin status-kvonu saxlamağa cəhd etməsi baxımından mövcud vəziyyət bizi qane edə bilməz. Ancaq il ərzində baş verənlərə nəzər saldıqda Azərbaycanın faydasına bir sıra hadisələrin baş verdiyini söyləmək mümkündür.

Bu il Ermənistanda “Qarabağ klanı”nın – hərbi xuntanın hakimiyyətinə son verilməsi həm də Azərbaycanın maraqlarına cavab verən mühüm hadisə oldu. Könül istərdi ki, Qarabağ torpaqlarının işğalında, törədilən cinayətlərdə, Xocalı qoyqırımında əsas rol oynamış Röbert Köçəryan, Serj Sərkisyan və digər canilər Azərbaycan məhkəməsi qarşısında dayansınlar. Lakin hələ ki məlum səbəblərdən Azərbaycanın sabiq vətəndaşları olan bu cinayətkarların müttəhimlər kürsüsündə dayanmasına nail ola bilmirik. İstənilən halda onların Ermənistanda nəinki hakimiyyətdən uzaqlaşdırılması, üstəlik, həbs təhlükəsi qarşısında qalmaları Azərbaycanın da faydasınadır.

Baş nazir Nikol Paşinyan yazda onu 1 mart 2008-ci il hadisələri ilə hədələyən Sərkisyanı və onun rəhbərlik etdiyi Respublikaçılar Partiyasını neytrallaşdıra bilib. “Qarabağ klanı” revanş əldə edib növbədənkənar parlament seçkilərinin dekabrda keçirilməsini əngəlləməyə çalışsa da, bu, mümkün olmadı. Orduda kifayət qədər dayaqları olan klan çox istəyir ki, seçkilər gələn ilin mayınadək təxirə salınsın və ona qədər  toparlanıb yenidən hakimiyyəti ələ keçirsin.

Ä°lgili resim

2018-ci ilin Azərbaycan üçün  faydalarından bəhs edərkən sözsüz ki, ordumuzun Naxçıvan istiqamətindən düşmənin təxribatına layiqli cavab verməsini, uğurlu Günnüt əməliyyatı nəticəsində  böyük bir ərazinin, strateji yüksəkliklərin azad edilməsini xüsusi qeyd etmək lazımdır. Eyni zamanda ordumuzun Bakıdakı iki möhtəşəm hərbi parad, genişmiqyaslı hərbi təlimləri, ən müasir hərbi texnika və silah-sursat alınması prosesinin davam etdirilməsi işğalçı ölkəni son nəticədə öz yerini bilməyə vadar etdi. Düşənbədə  Azərbaycan prezidenti İlham Əliyevlə görüşən baş nazir Paşinyanın arasında əldə olunan anlaşma da Azərbaycanın uğurları seriyasına əlavə olunmalıdır.

Politoloq Tofiq Abbasov ile ilgili görsel sonucu

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, 2018-ci ildə Qarabağ məsələsində dəyişikliyin olmadığını demək düzgün deyil: “Çünki həqiqətən də problemin öz daxilində də, onun ətrafında da böyük transformasiyalar baş verir. Bu baxımdan mən hətta deyərdim ki, status-kvo, ümumiyyətlə, dəyişilmək üzrədir. Əslində prosesin özündə elə dəyişikliklər baş verir ki, artıq status-kvo sanki hərəkətdədir, yəni o, mütləq dəyişəcək. Bu da onunla əlaqədardır ki, birincisi, münaqişədə iştirak edən tərəflərin qüvvələri tərs-mütənasibdir. Yəni Azərbaycan burada həqiqətən də güclü bənd kimi özünü göstərir, bunun müqabilində Ermənistan zəif bənd kimi görünür. Bunu sübut etməyə də ehtiyac yoxdur, böyük fərq açıq-aydın görünür, sezilir”.

Siyasi şərhçi işğalçı ölkədə baş verənlərə diqqət çəkdi: “Biz Ermənistanın daxilində gedən parçalanma prosesinin şahidiyik. Görürük ki, bu ölkə çoxşaxəli böhrana qərq olub. Bunun da əsas səbəbi Ermənistanın siyasi elitasının uzaqgörənlikdən çox-çox uzaqlarda olmasıdır. Durmadan bu ölkənin daxilində tənəzzül dərinləşir. Digər tərəfdən, iqtisadiyyat çökür, Qarabağ klanı özünün hakim mövqelərini əldən verməkdə davam edir. Nikol Paşinyan yeganə, vahid və düzgün düstur seçməklə həmin quldur dəstəsinin ”çarə”sini tapıb. Yəni bir çətinliyə düşən kimi Paşinyan meydanlara axışan insanlara müraciət edir, küçələrə çıxıb onlarla birbaşa təmasda olur və bununla da Qarabağ klanına, quldur dəstəsinə göstərir ki, onlara qarşı silahı var”.

Ä°lgili resim

T.Abbasov hesab edir ki, Qarabağla bağlı əsas dönüş nöqtəsi kimi prezident İlham Əliyevlə N.Paşinyan arasındakı Düşənbə görüşü nəzərdən qaçırılmamalıdır: “Belə başa düşürəm ki, həmin görüşdə Paşinyan bir zəmanət qazana bildi ki, Azərbaycan hazırkı vəziyyətdə Ermənistana heç bir təzyiq göstərməyəcək. Daha doğrusu, öz torpaqlarında antiterror əməliyyatına başlamayacaq. Yəni Ermənistanın baş naziri Nikol Paşinyana bu zəmanət hava-su kimi lazım idi ki, daxildəki vəziyyəti cilovlasın, prosesləri öz axarına buraxmasın”.

Politoloq zənn edir ki, bu vəziyyət Rusiyanın da ürəyincədir: “Çünki Paşinyan Rusiyadan qaçma siyasətinə rəvac verir. Digər tərəfdən, o, Qərblə münasibətlərini formalaşdırır. Nəhayət, biz burada Rusiyanın narazılığını görməyə bilmirik. Ancaq Rusiyanın bu fonda Azərbaycanla münasibətlərinin dərinləşdirilməsi, genişlənməsi, dialoqun sabit şəkildə inkişaf etdirilməsi,  ümumiyyətlə, regionda Azərbaycanın ən vacib dövlətlərdən biri olmasına işarədir”.

T.Abbasov 2018-ci ilin sonunadək Qarabağla bağlı prosesdə dönüş yaranacağına ümidlər olduğunu da xatırlatdı. Ancaq qeyd etdi ki, bu, baş verməsə də, cari il ərzində Qarabağ problemi çərçivəsində böyük tərpənişlər oldu və indi də baş verir: “Söhbət təkcə Ermənistanın geriləməsindən getmir. Bəli, Ermənistan çoxdan geriləyib və biz bunu müşahidə edirik. Məsələ ondadır ki, Azərbaycan artıq regionda öz sözünü deməyə qadirdir. Belə başa düşürəm ki, artıq 2019-cu il üçün yaxşı bir zəmin yaranır. Yəni bu, bizim istəyimizdən irəli gələn həqiqət deyil. Əksinə, bir şeyi müşahidə edirik ki, 2018-ci ildə baş verən hadisələr həqiqətən də Azərbaycanın gücünü, onun müdafiə potensialını, eləcə də diplomatik üstünlüyünü təsdiqlədi. Biz bunu həm Qərbin, həm Rusiyanın Azərbaycana münasibətindən görürük. Eləcə də qonşu dövlətlər – Türkiyə, İran, Qazaxıstan Azərbaycanın dominant rol oynamasını artıq həm görürlər, həm də dəstəkləyirlər. Bütün bu imtiyazlı vəziyyətin sonunda Qarabağ məsələsi demək olar ki, Azərbaycan üçün artıq fraqmental bir problemə çevrilir. Yəni elə bir problemə çevrilir ki, Azərbaycan onun öhdəsindən gəlməyə həm qadirdir, həm də hazırdır”.

“Son beş ayda Paşinyan və onun tərəfdarları Ermənistanda plüralizm fikirlərini öldürməyə çalışırlar”. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Respublika Partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov deyib. “Bəzi insanlar deyir ki, Paşinyan düzgün adamdır. İnsanları parlamentə aparmaq, həmkarlarını təhdid etmək, məhkəmə sistemini təzyiq altında saxlamaq düzgünlükdür? Əgər bütün bunlardan sonra onlar hələ də belə fikirləşirlərsə, mənim düzgünlük anlayışımla onlarınkı fərqlidir”, – o bildirib. “Ermənistanda konstitusiya prinsiplərini və hakimiyyət bölgüsünü zorladılar. Ermənistanda ilk dəfə icra hakimiyyəti qanunverici hakimiyyətin ərazisinə soxuldu. Bonapart, Hitler də belə etmişdi. Bu, sondur. Ermənistanda plüralizm öldü. Bizdə baş nazir deyil, çar, diktator olacaq. Siz bunu istəyirdiniz? Zövq alın!”, – o bildirib.

Mətbuat katibinin sözlərinə görə, Ermənistanın sonu çatıb. Bunu Ermənistan parlamentinin sədr müavini deyirsə, əlavə şərhə ehtiyac yoxdur. Əslində bir sıra ekspertlərimiz dəfələrlə bildiriblər ki, Ermənistanın indiki hakimiyyəti ölkəsini fəlakətlərdən xilas etmək istəyirsə, torpaqların işğalına son qoymalı və həm öz hakimiyyətini, həm də ölkəsini xilas etməlidir. Azərbaycan prezidenti də bir neçə dəfə Ermənistanın keçmiş rəhbərliyinin taleyini xatırladaraq yeni rəhbərliyi düzgün seçim etməyə çağırıb. İndi Ermənistan hökuməti seçim etməlidir, ya Sərkisyan taleyi, ya da konstruktiv yol…

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*