Saytımıza xoş gəlmisiniz

İrəvan və Xankəndi separatçıları üçün “soyuq duş”

Oxunma sayı: 1. 768

e8bdf48b6cc88d00ae2c22b87dd7c24c

Rəsmi Bakı İrəvanın avantürist siyasətinə növbəti zərbələrini vurmaqdadır – icmaların görüşü üçün münbit şərait yaranır; Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bəyanatı BMT-də rəsmi sənəd kimi yayıldı; politoloq: “Bu, İrəvanın Qarabağ siyasətinin iflasıdır…”

Son günlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin işğalçı Ermənistanda və Qarabağdakı separatçı rejimdə ciddi narahatlıq doğurduğu barədə materiallar dərc etmişdik. 9 fevralda Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri düşmənin narahatlığını daha da artıracaq, bu, heç bir şübhə doğurmur.

Azərbaycan icmasının rəhbəri Tural Gəncəliyevin Milli Məclis üzvü seçilməsi Dağlıq Qarabağın azərbaycanlı əhalisinin haqq səsinin beynəlxalq aləmə çatdırılması istiqamətində əlavə şanslar vəd edir. Bir neçə dil bilən icma rəhbəri bu qurumun rəhbərliyinə təyin olunduğu qısa müddət ərzində ölkə xaricində, aparıcı güclərin paytaxtlarında keçirdiyi görüşlərlə gözəl nümunə ortaya qoymağı bacardı. Adətən biz Dağlıq Qarabağdakı separatçı qurumun rəhbərliyinin Avropa, ABŞ və ya Rusiyaya səfərlərini narahatlıqla izləyirdik. Rəsmi Bakının bu səfərlərlə bağlı etirazları da bir sıra hallarda etinasızlıqla qarşılanırdı. Lakin bundan sonra Azərbaycan İcmasının rəhbərliyinin beynəlxalq çıxış üçün əlavə imkan əldə etməsi ölkəmizin mövqeyini gücləndirəcək. Artıq T.Gəncəliyevin millət vəkili kimi diplomatik pasportla xarici ölkələrə səfərləri işğalçı tərəfin rahatlığını pozacaq. Həm də Azərbaycan icmasının beynəlxalq arenaya çıxışı son nəticədə Qarabağdakı erməni icmasının masa ətrafına oturmasına həlledici təsir edə bilər.

Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi Milli Məclisə keçirilən seçkilərlə əlaqədar bəyanatında da bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindən olan və doğma yurdlarında səsvermədən məhrum olan məcburi köçkünlərimiz öz səsvermə hüquqlarını onlar üçün təşkil edilmiş bu seçki məntəqələrində həyata keçiriblər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması Xankəndi və Şuşa seçki dairələri üzrə rəqabətli seçkilərdə iştirak edib və beləliklə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndələrini təşkil edirlər. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni mənşəli Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyası, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması tərəfindən parlament seçkilərində səsvermədə iştiraka dəvət olunub.

İrəvan və Xankəndi separatçıları ile ilgili görsel sonucu

Gözlənildiyi kimi, Azərbaycan vətəndaşı olan Qarabağ erməniləri seçkilərdə iştiraka maraq göstərmədilər. Girov vəziyyətində olan azsaylı yerli əhalinin Bakının çağırışına müsbət cavab verməsi mümkün də deyildi. Üstəlik, separatçıların həyasızcasına Qarabağdan olan azərbaycanlılara mart ayında keçiriləcək “prezident seçkiləri”ndə iştirak etmək təklifini verməsi buradakı bir ovuc quldurun sözlə islaholunmazlığının əyani nümayişi oldu. Bütün bu müşahidələr və təhlillər onu deyir ki, Qarabağın hərbi yolla azad edilməsi qaçılmaz olacaq. Ancaq hərb qərarı verilənədək bütün səviyyələrdə həqiqətlərimizin çatdırılması və üstün mövqelər əldə etməyimiz olduqca zəruridir. Təbii ki, Azərbaycan XİN bu istiqamətdə səylər göstərməkdədir. Ancaq diasporumuzun və səfirliklərimizin də apardığı bu müqəddəs fəaliyyətə ciddi dəstək verə biləcək Qarabağ İcmasının də aktivləşməsi vacib məsələdir.

Bu arada Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının yaydığı bəyanat BMT-də rəsmi sənəd kimi yayılıb. Bəyanatda deyilir: “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Assambleyası da daxil olmaqla dünya birliyi, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olaraq tanıdığını və bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüquqlarını dəfələrlə təsdiq edib. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını təmin edəcək, zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin bu ərazilərdəki evlərinə və mülklərinə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtması, bu ərazilərin bərpası, iqtisadi inkişafı və Dağlıq Qarabağ bölgəsindəki erməni və azərbaycanlı icmalarının bərabər hüquqlu şəraitdə, ayrı-seçkiliyə yol verilmədən dinc şəraitdə birgə yaşayışına imkan yaradacaq şəkildə, münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Ancaq Ermənistanın yürütdüyü açıq işğalçılıq siyasəti və Ermənistanın baş naziri Nikol Paşinyanın ”Qarabağ Ermənistandır və nöqtə” söylədiyi təhqiramiz ifadəsində də özünü göstərən ilhaqa yönəlmiş siyasəti fonunda sülhə və barışığa hazırlaşmaq çox çətindir. Bundan əlavə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mövcudluğunu qəbul etməkdən, təməl hüquq və azadlıqlarımızı tanımaqdan belə imtina edir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları arasındakı təmasların qarşısını bütün vasitələrlə almağa çalışır. Bu, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək yürütdüyü işğalçılıq siyasətinin əsasını təşkil edir və Ermənistanın insan hüquqlarına dərin hörmətsizliyinin daha bir açıq sübutudur”.

İcmanın sənədində daha sonra deyilir: “Ermənistan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri dönmələrinə mane olmaqla, bu ərazilərdə demoqrafik tərkibin süni şəkildə dəyişdirilməsi cəhdləri, həmçinin iqtisadi, sosial və mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə yönəlmiş məqsədyönlü addımları atmaqla, işğal olunmuş ərazilərin müstəmləkəyə çevirilməsinə hədəflənmiş siyasət aparır. Dünya ictimaiyyətinə səslənirik ki, 30 ildir davam edən erməni təcavüzünə, yüz minlərlə azərbaycanlının öz yurdlarından didərgin salınaraq məruz qoyulduğu əzablara göz yummasınlar və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında həlli üçün səylərini daha da artırsınlar”.

İrəvan və Xankəndi separatçıları ile ilgili görsel sonucu

“Ermənistanın apardığı işğalçı siyasətə qarşı Qarabağın azərbaycanlı icmasının aktivliyi, beynəlxalq təşkilatlarda icmanın görüşləri İrəvanda narahatlığı pik həddə qaldırıb. Çünki Ermənistan bu günədək azərbaycanlı icmanı görməzlikdən gəlib, beynəlxalq təşkilatlarda çalışıb ki, qondarma separatçı rejimin həqiqiliyini tanıtsınlar. Amma bu günə qədər heç bir uğurlu siyasətə imza ata bilməyiblər”.

Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə icmanın fəallığını və son bəyanatının BMT-də yayılmasını “Yeni Müsavat”a şərh edərkən bildirdi. Şərhçi qeyd etdi ki, hazırda Qarabağın azərbaycanlı icmasının Qərb dövlətlərində keçirdiyi çoxşaxəli görüşlərin nəticəsində bu gün Qərb dövlətləri, hətta Minsk Qrupunun həmsədrləri artıq azərbaycanlı icmanı tərəf kimi qəbul edir: “Həmçinin onların qayıdış çağırışlarına dəstək verir. Hətta bu uğurlu siyasi gediş nəticəsində BMT icmamızın bəyanatını hüquqi sənəd kimi qəbul edib. Bu, Azərbaycan diplomatiyasının uğuru, Ermənistanın Qarabağ siyasətinin iflasıdır. Hesab edirəm ki, ötən ildən başlayaraq, icmanın rəhbərliyində dəyişikliklərdən sonra bu istiqamətdə elə bir yüksək səviyyədə siyasət aparıldı ki, Qarabağdakı qondarma rejim ciddi narahat olub”.

Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

M.Əsədullazadə şübhə etmir ki, növbəti təmaslarda həmsədrlər icmaların görüşünü də gündəliyə çıxaracaqlar: “Baxmayaraq ki, ötən ilə qədər erməni tərəfi azərbaycanlı icmanı tərəf kimi qəbul etmirdi. Beynəlxalq birlik və Qərb dövlətləri icmamızla hesablaşırsa, Ermənistan da məcbur qalıb bu amillə hesablaşacaq. Bəli, diplomatik müstəvidə aparılan danışıqlarda mütləq şəkildə icmamızın Qarabağa qayıdışı məsələsi prinsipi qoyulub”.

Politoloq eyni zamanda hesab edir ki, icma daha çox işlər görməli və beynəlxalq təşkilatlarda görüşlər, ABŞ, Fransa, Rusiyaya davamlı səfərlər etməli, orada aparıcı siyasilər və təşkilatlarla danışıqlar aparmalıdır: “Cenevrə danışıqlarının davamında yenilənmiş Madrid prinsiplərinə əsasən, icmanın fəaliyyəti genişlənməli və Qarabağın erməni icması ilə görüşlər üçün əməli addımlar ataraq öz multikulturalizm dəyərlərini rəhbər tutmalıdır. Bu günə qədər çox uğurlu iş alınıb ki, Ermənistan tərəfi təşvişdədir. Bundan sonra beynəlxalq birlik daha da diqqətli olacaq, azərbaycanlı və erməni icmasının görüşünün keçirilməsini tələb edəcəklər. Bu da Azərbaycanın mövqeyini gücləndirəcək”.

Beləcə, son addımlar soyuq fevral günlərində işğalçı üçün “soyuq duş” effekti verdi. Azərbaycan icmasının fəaliyyətinə xüsusi önəm verilməsi həm də Nikol Paşinyanın Qarabağ separatçılarını üçüncü tərəf kimi danışıqlara cəlb etmək istiqamətində göstərdiyi cəhdlərin iflasıdır. Rəsmi Bakı Azərbaycan icmasına xüsusi diqqət ayırmaqla Ermənistanın baş nazirini fakt qarşısında qoymuş oldu. Əgər Xankəndindəki erməni əhali danışmaq istəyirsə, buyursunlar, Azərbaycan icmasının hətta erməni dilini gözəl bilən və əslən Dağlıq Qarabağdan olan sədri, onun komandası ilə bir masa arxasında otursunlar…

Musavat.com

Siyasət şöbəsi

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*