Saytımıza xoş gəlmisiniz

İşğal altındakı ərazilərimiz haqda qanunun qəbulu tezləşməlidir

Oxunma sayı: 70

d665445f48562db94dfb3a16dc05295b

Sabiq xarici işlər nazirinin təklifi dəstəklənir; Zahid Oruc: “İndiki situasiyada belə bir qanunun qəbulu çox yerinə düşərdi…”

Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Fransaya səfəri və onun qarşılanması məsələsi Azərbaycanın Fransaya kəskin etiraz bəyanatı verməsi ilə nəticələnib. Lakin bu cür səfərlərin və qarşılanmaların önünü mümkün qədər kəsmək üçün təkcə bəyanatlar yetərli sayılmır. Diplomatlar hesab edirlər ki, Azərbaycanın işğal olunmuş əraziləri haqda qanunun olması bu cür vəziyyətlərdə hüquqi baxımdan addımlar atmağımıza daha geniş imkanlar açardı.

Məsələn, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov axar.az-a açıqlamasında Saakyanın Ermənistanın diplomatik pasportu ilə Fransaya getdiyini xatırladaraq deyib ki, ilk baxışda burada qeyri-adi və qanunazidd heç nə olmadığını düşünmək olardı, lakin o, bütün görüşlərində tanınmamış qurumun rəhbəri kimi təqdim edilib: “Hansı ki, Dağlıq Qarabağ separatçıları təkcə həmsədr ölkələr tərəfindən yox, həm də Ermənistan tərəfindən müstəqil subyekt kimi tanınmır. Saakyanın özünü necə təqdim etməsi özünün şəxsi işidir, söhbət onun özünü təqdim etdiyi şəkildə qəbul edilməsindən gedir. Əslində dünyada milyonlarla insan özlərini olduqları kimi qəbul etmirlər. Ermənistan milli təhlükəsizlik xidmətinin əməkdaşı Fransa qanunlarını pozubmu? Əlbəttə ki, yox. Əgər Azərbaycanda ona cinayət işi qaldırılmayıbsa, o zaman belə çıxır ki, o, Azərbaycan qanunlarını da pozmayıb. Bax ,nəticədə belə hüquqi kolliziya yaranır. Bəs nə üçün Krım, Donetsk, Abxaziya, Osetiya rəhbərlərinin dünyanın bütün öllkələrinə çıxışının qadağan olunması ilə bağlı praktika mövcuddur? Cavab sadədir, çünki Ukrayna və Gürcüstan işğal haqqında qanun qəbul edir və bu qanun çərçivəsində dövlətin maraqlarına qarşı fəaliyyət, təbliğat aparan şəxslərə qarşı cinayət işi qaldırırlar”.

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

T.Zülfüqarov bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanat yayaraq Fransa hakimiyyətinin fəaliyyətini qınaması yaxşı haldır: “Ancaq Milli Məclis lazımı qanunu qəbul etsəydi, Baş Prokurorluq müəyyən şəxslərə qarşı anti-konstitusion fəaliyyət faktı ilə cinayət işi açar, onları İnterpol xətti və MDB-nin mövcud beynəlxalq mexanizmi çərçivəsində beynəlxalq axtarışa verərdi. Əgər bundan sonra Bako Saakyan və digər şəxslər İnterpol və Fransa hökuməti tərəfindən bu ölkəyə səfərləri zamanı həbs edilməsəydi, o zaman Xarici İşlər Nazirliyinin qəzəbli bəyanatını yaymaq olardı. Soruşa bilərsiniz ki, bu, əvvəllər niyə edilməyib? Cavab verirəm: hər şey çox sadədir. Əvvəl ümid var idi ki, bu kateqoriyadan olan şəxslərlə danışıqlarda razılşmaq mümkün olacaq, ancaq indi o ümid də yoxdur. Üstəlik, artıq 20 ildir ki, Xankəndidən olan klounlar əvəzinə Minsk Qrupu çərçivəsində Azərbaycanla danışıqları Ermənistan rəhbəri aparır. Ona görə də Azərbaycan Respublikasınının Baş Prokurorluğu dərhal mövcud cinayət işini qaldırmalıdır ki, bu erməni sirkinin qastrolları kəsilsin”.

Bəs Milli Məclisdə işğal olunmuş ərazilər haqqında qanun nədən indiyə qədər qəbul edilməyib?

Ä°lgili resim

Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, istər xarici işlər naziri, eləcə də Azərbaycanda siyasi-hüquqi məkana yaxın olan, beynəlxalq prosesləri izləyən və dövlətlərarası konfliktlərin çözüm yolları ətrafında fikir mübadiləsi aparan hər kəs bunu çox yaxşı anlayır ki, müharibələr ondan sonrakı dövr üçün fərqli münasibətlər sistemi yaradır: “Bununsa mütləq aydınlaşdırılması yolları, forması prosedurları tam fərqlidir. Yəni diplomatik münasibətləri olan iki ölkə arasındakı savaş dövrü və ondan sonrakı əlaqələri eynən postkonflikt dövrü ilə bərabər götürmək olmaz. Baxın, Krım və ardınca Donbas ətrafında Ukrayna ilə Rusiya arasında yaşanan qarşıdurmalar hal-hazırda sanksiyalarla müşayiət olunur. Tərəflər biri digərinin maraqlarını tanımamaqda, böyük bir keçilməz sədd tikməkdə, əlaqələri durdurmaqda, bütün kommunikasiyalardan, müqavilələrdən, birliklərdən çıxmaqdadırlar. Deməli, biz öz arzumuzla işğal olunmuş ərazilər haqqında qanun qəbul etmirik, bunun beynəlxalq nümunələri var. O üzdən bu məsələdə iki yanaşmanın olduğunu söyləmək istəyirəm. Birincisi, ondan ibarətdir ki, şübhəsiz, indiyə qədərki reallıqda ”Azərbaycan bu məsələyə qanun olmayıb o üzdən təsir mexanizmlərimiz istədiyimiz qədər işləməyib” yanaşmasını etməyək. Çünki indiki halda da Azərbaycan suveren hüquqlarını Dağlıq Qarabağa gedən şəxslərə, Dağlıq Qarabağdan edilən səfərlərə qarşı dirənişini “qara siyahılar”da, başqa sənədlərdə, notalarda ifadə edib və hətta Lapşini həbs etdirib ekstradisiya etməyə və üzərində məhkəmə hökmü çıxarmağa nail olmuşdu.

Amma bizim qeyd etdiyimiz ikinci məsələ odur ki, işğal altındakı ərazilər haqqında qanun qəbul etmək öz-özlüyündə hüquqi müstəvini daha da aydınlaşdırır, konkretləşdirir, hərəkət mexanizmlərinə yön və biçim verir. Nədən ibarətdir bu məsələ? Gerçəkdən də Ukraynada da, Gürcüstanda da oxşar hüquqi nümunələr mövcuddur. Azərbaycan parlamentində bizdən öncə bu təşəbbüsü vahid bir sənəd halına gətirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və sədri deputat Qüdrət Həsənquliyevin real təşəbbüsdə bulunması səbəbindən başqa digər layihələr verilmədi. Ancaq burada modelləşdiriləcək vəziyyət eynidir. O da nədən ibarətdir? Biz birinci növbədə deyirik ki, Kəlbəcərdən Şuşaya qədər ermənilərə xarici kampaniyalarla həyata keçirdikləri bütün tədbirlər müqavilələr, iş birlikləri hamısı qanunsuzdur. Məsələn, Hindistan şirkəti ilə 99 illik müqavilə bağlamışdılar. Biz deyirik k, sabah Azərbaycan əraziləri geri qaytarıldığında biz o müavilələrin hüquqiliyini tanımayacağıq. Lakin günün birində həqiqətən də belə bir qanun olmadığı təqdirdə istənilən halda o şirkət öz aləmində belə bir hüquq qənaətində ola bilər ki, Azərbaycanın işğal olunmuş ərazilər haqqında qanunu yoxdursa, mən hansı qanunu pozmuşam ki. Və həmin bu qənaətinə əsaslanıb torpaqlar azad edildikdən sonrakı dönəmdə də özünü həmin ərazilərdə müəyyən məsələlər ətrafında tam hüquqlu tərəf kimi hiss edər və qarşı tərəfdən öhdəliklərin yerinə yetirilməsini istəyər, onu beynəlxalq arbitrajlara daşımağa çalışar”.

Deputat qeyd etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslərin, guya ayrıca müstəqil dövlətin vətəndaşlarıymış kimi xaricə səfər edən, işğal olunmuş ərazilərə qanunsuz səfərlər eləyən şəxslərin addımlarına reaksiyanı, tədbirləri özündə ehtiva eləyən bir qanun mütləq olmalıdır: “Hər kəs qonşu Gürcüstanın həyatında bu yöndə atılan addımı nə cür sanksiyalaşdırdıqlarına çox asanlıqla baxa bilər. Bu, təkcə həmin ölkənin parlamentarilərinin hüquq təfəkkürünün məhsulu deyil. Bu qanun həqiqətən də bizim müxtəlif ölkələrlə apardığımız siyasi danışıqları, notalarımızı, tələblərimizi daha güclü edər. Şübhəsiz, bu, o demək deyil ki, məsələn, Bako Saakyan biz belə bir qanunu qəbul edəndən sonra xaricə səfərə getməyəcək, amma bizim atacığımız hüquqi addımları bu qanun özündə ehtiva edəcək. Qanun əsgər deyil, ordu deyil. Amma biz yaxşı başa düşürük ki, hərbi güclə bərabər, diplomatik və hüquqi baza da belə vəziyyətlərdə mühümdür. Ona görə də işğal olunmuş ərazilər haqqında qanunu qəbul etmək bizim siyasi, diplomatik və hüquqi mövqeyimizi gücləndirərdi. Bu yöndə Milli Məclisdə hər kəs həmrəylik göstərib. Hamı bunu anlayışla qarşılayıb ki, bu zəruridir, indiki situasiyada bu qanunun qəbulu çox yerinə düşərdi. Açığı, bu qanunun qəbulu ilə bağlı bir maneə də yoxdur. Amma nədən indiyə qədər qəbul edilməyib sualına cavab vermək mənə çox çətindir. Hesab edirəm ki, qarşıdakı dönəmdə bir neçə deputatın sayəsində bu məsələni dilə gətirmək və buna dəstək vermək fonunda əminəm ki, yaxın gələcəkdə belə bir qanunu qəbul etmək mümkün olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*