Saytımıza xoş gəlmisiniz

Köçəryanın azadlığa çıxması düyünə düşdü

Oxunma sayı: 83

321a568dfa89706eb54d5003691e3ea8

Ermənistan paytaxtı Yerevanın Şenqavit rayonundakı birinci instansiya məhkəməsi sabiq prezident Robert Köçəryanı pul girovu müqabilində azadlığa buraxmaq barədə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salıb. Buna hakim Nelli Bağdasaryanın işə baxmaqdan könüllü imtinası səbəb olub.

Robert Köçəryanı pul girovu ilə azadlığa buraxmaq vəsatətini sabiq prezidentin vəkilləri qaldırıb. Ötən il dekabrın 28-də proses istintaqın təklifi ilə təxirə salınmış, bu il yanvarın 9-da isə yarımçıq qalmışdı.

Novator.az bildirir ki, Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci il qırğınının istintaqına cəlb etdiyi Robert Köçəryana ötən il iyulun 26-da cinayət işi qaldırıb. O, bir qrup şəxslə qabaqcadan əlbir olmaqla dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.

Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar vermiş, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxmışdı. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib, Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 7-də Robert Köçəryanın həbsinə qərar verib. Sabiq prezident Yerevandakı “Kentron” cinayət-icra müəssisəsində saxlanır.

Robert Köçəryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildə prezident Levon Ter-Petrosyanın sərəncamı ilə Ermənistana baş nazir gətirilib. Levon Ter-Petrosyan 1998-ci ilin fevralında istefaya məcbur edilib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə Ermənistanda bu iş üzrə istintaq yenilənib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*